ONN İnformasiya Agentliyi

Əli Həsənov Brüsseldə: İşğalçıya sərt münasibət… – VİDEO

Əli Həsənov Brüsseldə: İşğalçıya sərt münasibət… – VİDEO
20 Noyabr 2017 - 17:56
Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə keçirilən beynəlxalq forum öz işinə başlayıb.
Bu barədə Axar.az-a hazırda Brüsseldə olan və Forumun işində iştirak edən “Teleqraf Holdinq” media Qrupunun rəhbəri Aynur Camalqızı bildirib. Onun sözlərinə görə, “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı Forum Brüsselin mərkəzində yerləşən “Marriott” otelində keçirilir.
Forumun işində dünyanın tanınmış siyasi xadimləri, Azərbaycan diaspor nümayəndələri, Azərbaycanın ictimaiyyət nümayəndələri iştirak edirlər.
Forum Azərbaycan Dispor Komitəsinin dəstəyi, Mariana Vardinoyannis Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq statusa malik Forumun açılışında Ə.Həsənov Azərbaycan hökuməti adından mövzu ilə bağlı bəzi fikirlərini çatdırıb. O deyib ki, bugünkü Forum müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunub və Azərbaycan hökuməti adından mövzu ilə bağlı bəzi fikirlərimi diqqətimizə çatdırmaq istəyirəm:
“Beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırımasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur.
Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon km² ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-sindən çoxu hərbi toqquşmalarla müşahidə olunur”.
Ə.Həsənov qeyd edib ki, etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir:
“Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüquqi prinsiplərin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır.
Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər.
Təəssüf ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinə və prinsipiallığına kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüquqi normalar çərçivəsində həlli üçün səylərini artırmalıdır.
Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işğalçılıq siyasəti aparmağa başladı. Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdi. Ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuşdur. Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma, “Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüquqi prinsipləri təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir.
Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdarlıq edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir.
Millətçilik və etnomədəni terrorizmlə bağlı məsələlər dini inancların, milli mədəniyyətlərin yanaşı yaşaması və etnik müxtəlifliyin təmin olunmasının perspektivləri haqqında daha ətraflı fikirləşməyi tələb edir. Təəssüf ki, bu məsələyə münasibətdə bəzən xoşagəlməz yanaşmalar da özünü göstərir. Hesab olunur ki, guya mədəniyyətlərarası dialoq və yaxud etnik müxtəliflik milli kimliyə xələl gətirən dağıdıcı proseslərə səbəb ola bilər, etnik qruplar və miqrantlar isə məskunlaşdıqları ölkələrdə ictimai-siyasi və kulturoloji xarakterli problemlər yaradar. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bəşəriyyətin mütərəqqi inkişafını sivilizasiyalararası dialoqsuz və etnik müxtəliflik olmadan təsəvvür etmək çox çətindir. Ona görə də həm sivil dünyada, həm də onun bir parçası olan Azərbaycanda bu gün mədəniyyətlərarası dialoq və etnik müxtəliflik cəmiyyətin sabit və dayanıqlı inkişafını təmin edən mühüm şərtlərdən biri kimi qiymətləndirilir.
Mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilmişdir. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycanla Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanla Aİ arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olmuşdur. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənır.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanla Aİ arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olmuşdur. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənır.
2007-ci ildə Aİ ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi “Cənub Qaz Dəhlizi”nin icrası istiqamətində mühüm addımlardan biri olmuşdur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri) kimi layihələr Aİ-nin lazımi dəstəyini qazanmış və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilmişdir. Xəzər hövzəsi və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan Cənub qaz dəhlizi layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Aİ tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan yalnız Aİ-nin enerji təminatı və təhlükəsizliyi baxımından, habelə Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində – Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur.
Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaqdır”.
Ə.Həsənov vurğulayıb ki, təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir:
“Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Hesab edirəm ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər.
Çıxışımın sonunda bildirmək istərdim ki, milli-etnik qarşıdurmaların, dini dözümsüzlüyün, qaçqın və miqrant problemlərinin aradan qaldırılması, insanların sivil birgəyaşayış şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoqun və etnik müxtəlifliyin imkanlarından istifadə etmək zəruridir. Bununla yanaşı, daim nəzərə alınmalıdır ki, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində ən mühüm vasitələrdən biri də dövlətlərarası siyasi, sosial-iqtisadi, mədəni və elmi-texnoloji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir”.
Forumda çıxış edən Bosniya və Herseqovinanın keçmiş baş naziri Hasan Muratoviç deyib ki, bizim ən əsas problemimiz millətlər arasında yaranmış aqresiyanın qarşısını necə almağın yollarını tapmaqdır:
“İkinci əsas məsələmiz isə separatizmi yayan demokrat və qeyri-demokrat partiyaların qarşısını almaqdır. Burada bir çox separatizm halları baş verib. Müxtəlif cəmiyyətlərdə qaydaların sərtləşdirilməsinə ehtiyac var. Bosniya məsələsində isə biz bu halların hamısını müşahidə edə bilərik. Mən indi bu məsələ ilə bağlı slayd göstərəcəm. Bosniyada tarix boyu 3 din olub. Qədim dövrlərdə Romanın işğalından sonra katolik dini, XIV əsrdə Osmanlıların işğalından sonra islam dini, slavyanların işğalından sonra provaslav dini Bosniyada formalaşıb”.
Hasan Muratoviç slaydla dinlərin Bosniyada formalaşma mərhələsini nümayiş etdirib və problemlərin səbəblərini açıqlayıb.
Daha sonra Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç çıxış edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png