20 min məcburi köçkünə ŞAD XƏBƏR – AÇIQLAMA

“Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların işlə təminatı, xırda bizneslə, kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılır. Bu da cənab Prezidentin məcburi köçkünlərə olan diqqət və qayğısının bariz nümunəsidir”.

Bu sözləri millət vəkili Elman Məmmədov qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən danışarkən deyib.

Millət vəkili bildirib ki, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən başlayıb. Onların sosial təminatı, problemlərinin həll edilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və işlə təminatları ilə bağlı ulu öndərin bir sıra sərəncamları olub:

“Prezident İlham Əliyev hakimiyyətə gələndən bu siyasət daha sürətlə davam etdirildi. Qısa bir müddətdə çadır şəhərcikləri ləğv olundu, bu günə qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən cənab Prezidentin tapşırığı ilə respublikanın müxtəlif bölgələrində 97 qəsəbə salınıb, bu qəsəbələrdə 200 mindən çox insan mənzillə təmin edilib. Bu da məcburi köçkünlərə dövlət qayğısının təsdiqidir”.

Millət vəkili onu da vurğulayıb ki, təkcə onların mənzil deyil, həmçinin yaşayış yerləri yaxınlığında işlə təminatı da diqqət mərkəzindədir:

“Səhiyyə, təhsil, mədəniyyət sahələrində də məcburi köçkünlər dövlət qayğısını hiss edir. Ötən il təkcə Bakı və Sumqayıtda cənab Prezident İlham Əliyevin tapşırığı və Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında mindən çox yaşayış vəziyyəti ağır olan ailə yeni mənzillə təmin olunub. Cocuq Mərcanlı kəndinin bərpa edilməsi Böyük Qayıdışın başlanğıcı hesab edilə bilər. Tərtər yaxınlığında Ağdərə rayonun ərazisi olan Marağa 150 yazılmış tarixi abidənin yaxınlığında salınan qəsəbədə mindən çox ailə məskunlaşdırılıb. Bu dövlətin məcburi köçkünlərə qayğısının əməli işlə təsdiq edilməsidir. 2018-ci ilin Dövlət Büdcəsindən “Qaçqınkom”a məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 50.2 milyon vəsait ayrıldı. Lakin cənab Prezident hər dəfə qeyd edir ki, ehtiyac olanda bu məbləği artıra bilərik. Başqa mənbələrdən də bu vəsaitə əlavələr olacaq. Məcburi köçkünlərin problemlərini həll etməklə yanaşı, bu məsələnin kökündən həll edilməsinin tərəfdarıyıq. Cənab Prezidentin də müşavirədə dediyi kimi, bu problem yalnız ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə həllini tapacaq. Göstərilən qayğıya görə bir daha ölkə Prezidentinə təşəkkür edirik”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ildə 2300 qaçqın və məcburi köçkün ailəsi, 12 min insan yeni evlərə, mənzillərə köçürüldüyünü deyib. Prezident bildirib ki, 2018-ci ildə 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcək.