Azərbaycan gəncləri vətənpərvər ruhda tərbiyə olunub

Onların  göstərdiyi qəhrəmanlıq nümunələri bunu bir daha sübut edir

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məqlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximiz, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Xüsusən, erməni qəsbkarlarına qarşı mübarizə aparan igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Odur ki, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Yaxın keçmişin acı təcrübəsi bir də onu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən, əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçilik tərbiyəsi sən demə genosid planının və türklərə qarşı siyasətin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün.  Hazırda isə respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır.

***

Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəblərdə oxuyan   şagirdlərə  və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Artıq bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq   hazırlığından asılıdır. Məlum olduğu kimi gənclərin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Gənclərimiz bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, layiqli vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən, insan yetişdirmək deməkdir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərək olan fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur.   Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla, kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər.  Gənclər ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün gənclərdə  yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranışı xüsusiyyətlərinə uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsiln ən vacib vəzifələrindən olub.  Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, xüsusən  ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Etiraf edilməlidir ki, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir.

Alim

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində çap olunur.