ONN İnformasiya Agentliyi

Azərbaycanın Bütövlüyü Uğrunda İctimai Birlik növbəti tədbirini keçirib

Azərbaycanın Bütövlüyü Uğrunda İctimai Birlik  növbəti tədbirini keçirib
17 İyul 2019 - 15:24

“Azərbaycanın Bütövlüyü Uğrunda” İctimai Birliyi (ABUİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi  “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə İctimai Birliyin təmsilçiləri, ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xalidə Qafarova sözügedən layihə, onun məqsəd və məramı barədə qısa məlumat verib.

Daha sonra çıxış edən “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” adlı layihənin eksperti Süleyman İsmayılbəyli  layihənin icra müddəti və ötən müddət ərzində görülmüş işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, 3 ay müddətində icrası nəzərdə tutulan layihə çərçivəsində ötən müddət ərzində bir sıra tədbirlər həyata keçirilib: “Bakının Binəqədi rayonunda yerləşən 283 saylı orta məktəb, eləcə də Bakı şəhərindəki İdaretmə və Texnologiya Kollecində layihə çərçivəsində görüşlərimiz olub. Məktəb və lisey şagirdləri ilə maraqlı diskusiyalar təşkil edilib. Bundan başqa layihə çərçivəsində vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı kütləvi informasiya vasitələrində silsilə yazılar, maarifləndirici materiallar dərc edilib. Orta ümumtəhsil müəssisələrində keçirilən tədbirlərdə məktəblilərin yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, Elçin Hüseynbəyli ilə görüşləri təşkil edildi”. Ekspert onu da qeyd edib ki, layihə çərçivəsində həmçinin şəhid ailəsinə baş çəkmək, onun qayğıları ilə maraqlanmaq da nəzərdə tutulub və yaxın günlərdə İctimai Birlik bunu həyata keçirəcək. 

Süleyman İsmayılbəyli deyib ki, layihəyə may ayının 15-dən start verilib və artıq layihə yekunlaşmaq üzrədir. Ekspert deyib ki, Azərbaycan müharibə şəraitində olduğundan, torpaqlarımızın 20 faizi işğala məruz qaldığından gənclər daha çox vətənpərvər olmalı, bu ruhda böyüyüb, tərbiyə olunmalıdır: “Təsadüfi deyil ki, dövlət gənclər siyasətində də qeyd etdiyimiz nüans əsas istiqamətlərdən biri kimi qeyd edilir. Vətənpərvər olmaq, həm də azərbaycançı olmaq deməkdir. Çünki vətənpərvər olmayan biri deyə bilməz ki, azərbaycançıyam. Bu iki məhfum bir-birinə sıx bağlıdır”. Süleyman İsmayılbəyli onu da deyib ki, son illərə qədər vətənpərvərlik bir qədər arxa plana keçmiş, yad və xarici təsirlər gənclərimizin başqa bir ruhda böyüməsi, tərbiyə almasına yol açmışdı: “Nə qədər ağrıdıcı da olsa, gənclərimiz özlərini xarici filmlərin qəhrəmanlarına bənzədirdilər. Lakin hər birimizin qürur hissi ilə qeyd etdiyimiz Ramil Səfərov, Mübariz İbrahimov, Aprel zəfəri kimi hadisələr gənclərimizdə vətənpərvərlik hisslərini, belə demək mümkünsə, yeni bir səviyyəyə qaldırdı”. Ekspertin sözlərinə görə, gənclər arasında vətənpərvərlik hissləri nə qədər yüksək səviyyədə olsa da, yenə də bu istiqamətdə işləmək, davamlı və sistemli şəkildə iş aparmaq lazımdır: “Layihə çərçivəsində orta məktəblərdə keçirdiyimiz görüşlərdən belə qənaətə gəldik ki. artıq məktəblərdə bu iş yüksək səviyyədə təşkil edilib. Ancaq bütün bunlara rəğmən yenə də qeyd etdiyimiz istiqamətdə ardıcıl və sistemli şəkildə işləmək lazımdır”. Süleyman İsmayılbəyli xüsusilə bölgələrdə bu işə ciddi diqqət ayrılmasını zəruri hesab edib: “Bir müddət əvvəl cəbhə zonasına yaxın rayonlardan birinə getmişdim. Orada maraqlı və qürurverici bir hadisə ilə rastlaşdım. Belə ki, rayon ərazisində quraşdırılmış reklam lövhələrində həmin rayondan olan şəhidlərin fotoları, eləcə də həmin fotonun alt hissəsində onun keçdiyi döyüş yolu, təltifləri qeyd olunur. Hesab edirəm ki, bu çox təqdiredici bir haldır və həmin rayon gənclərinin vətənpərvər ruhda böyüməsinə müsbət təsir edəcək amillərdəndir. Düşünürəm ki, bu praktikadan digər rayonlarda da istifadə etmək məqsəduyğun olar. Yaxud Bakıda, Dənizkənarı Milli Parkda da belə bir lövhələr quraşdırmaq olar. Ən azı Aprel zəfəri ərəfəsində bunu etmək lazımdır ki, həm paytaxt sakinləri, həm də şəhərimizin qonağı olan turistlər bizim milli qəhrəmanlarımız, Aprel zəfərimiz barədə məlumatlı olsunlar. Məncə, bu ən ciddi təbliğat vasitəsidir”

Daha sonra çıxış edən layihənin eksperti Alim Hüseynli də “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” adlı layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, sözügedən mövzu günümüz üçün kifayət qədər aktualdır və Azərbaycanın Bütövlüyü Uğrunda İctimai Birliyinin də bu mövzuya toxunması təsadüfi deyil. Çünki İctimai Birlik fəaliyyəti dövründə hər zaman günümüz üçün vacib, prioritet məsələlərə toxunub, bu istiqamətdə müxtəlif layihələr reallaşdırıb. Alim Hüseynli çıxışında əsas diqqəti azərbaycançılıq ideologiyasına çəkib və bildirib ki, uzun illər ərzində formalaşaraq insanların şüurunda həkk olunan ictimai dəyərlər dövlətin və cəmiyyətin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, dövlətin və cəmiyyətin gələcək inkişafı həmin dəyərlər üzərində formalaşan vahid ideologiyadan asılı olur: “Vahid ideologiya olmadıqda isə yaranmış boşluq dövlətin inkişafında bir əngələ çevrilir. Belə bir boşluq Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə müşahidə olunurdu.  Uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi. Məhz buna görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Etiraf edək ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında deyirdi: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını qoymuş oldu.  Nədən məhz azərbaycançılıq ideyası seçildi? Məlum olduğu kimi Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, Konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir”.   

Ekspertlərin çıxışlarından sonra  jurnalistləri maraqlandıran suallara cavab verilib. Müzakirələr çay süfrəsi ətrafında davam edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png