ONN İnformasiya Agentliyi

Bu şəxslərə MÜJDƏ

Bu şəxslərə MÜJDƏ
05 Avqust 2019 - 21:32

Paytaxtda bəzi çoxmənzilli binalarda xidmət haqqının yeni üsulla ödənilməsinə başlanılıb. Mənzilin sahəsinə görə xidmət haqqının onlayn ödənilməsi üsulu artıq Bakıdakı göydələnlərin bir hissəsində tətbiq edilir. Qeyd edək ki, yeni yaşayış binalarının idarə edilməsində müzakirələrə səbəb olan məsələlərdən bir də xidmət haqlarının yığılmasıdır.

Hazırda yeni yaşayış binalarının çoxunda xidmət haqları nağd yığılır. Sakinlər bu pulu MTK-ların işçiləri olan  komendantlara ödəyirlər. Bu isə mənzillərin başqasına satılması zamanı bir sıra mübahisələrə gətirib çıxardır. MTK-ların çoxu xidmət haqqına görə sakinlərə qəbz vermədiyindən mənzilin başqasına satışı zamanı borc üzə çıxır. Bu zaman isə xidmət haqqını ödədiyini nə sakin sübut edə bilir, nə də ki, MTK boynuna alır. Nəticədə yaşayış binalarının sakinləri ilə komendantlar arasında münaqişə yaranır. Ekspertlər yeni yaşayış binalarında xidmət haqlarının nağdsız ödənilməsinin mütərəqqi üsul olduğunu söyləyirlər.

ONN media bildirir ki, qanunvericiliklə sahə mülkiyyətçilərinin mənzil idarəçiliyini özləri müəyyən etmək hüququ var.  MTK-lar binanı tikib təhvil verdikdən bir ay sonra onu sakinlərin istifadəsinə verməlidirlər. Bəzən sakinlər gözləyirlər ki, MTK “şələ-şüləsini” yığıb gedəndən sonra binanın idarəçiliyi onlara verilsin. Yəni sakinlər elə başa düşürlər ki, onların çıxarışları olmasa, mənzil idarəçiliyini idarə edə bilməzlər. Mənzil Məcəlləsində konkret müddəa var ki, sahə mülkiyyətçisi MTK-dan aldığı mənzilin dəyərini tam ödəyibsə, o, mülkiyyətçi sayılır. Baxmayaraq ki, onun hüquqları Dövlət Reyesterində tanınmayıb. Sakinin əlində maliyyə arayışı varsa, faktiki onlar mülkiyyətçi hesab olunur”.

R. Osmanlının sözlərinə görə, çoxmənzilli binalarda ümumi sahənin 50+1-nin iştirakçıları yığışıb Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq hüququna malikdir: “Belə qurumun yaranması Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Ədliyyə Nazirliyi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini qeydiyyata alır. Sadəcə vətəndaşlar bu məsələdən o qədər də məlumatlı deyillər. MTK-lar çox hallarda vətəndaşlara yanlış informasiya verirlər ki, sizin çıxarışınız yoxdur, idarə edə bilməzsiniz. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsində MTK-nın özünün, MTK rəhbərliyinin, ərazi üzrə bələdiyyənin və idarəetmə ilə bağlı digər qurumların sakinlərin binanı idarəetməsinə mane olmasına görə hüquqi və fikizi şəxslərə cərimələr nəzərdə tutulur. Bu cərimələrin də məbləği kifayət qədər yüksəkdir. MTK rəhbərləri üçün bu cərimə 3000-5000 manat arasında dəyişir. Sahə mülkiyyətçiləri bu qurumu yaratdıqdan sonra hər bir sahə mülkiyyətçisi ilə ayrılıqda  kommunal xidmətə dair müqavilə bağlamalıdırlar. Həmin müqavilə bağlandıqdan sonra onun ödəmə formasını rahat şəkildə müəyyən etmək mümkündür. Bu, bank yolu ilə də ola bilər, kassa çeki formasında da ola bilər”

Ekspert deyir ki, yeni yaşayış binalarında kommunal haqların onlayn yığımı sakinlərin rahatlığı ilə yanaşı, şəffaflığı da təmin edir. Belə ki, sakin elektron qaydada xidmət haqqını rahat şəkildə ödəyə bilir: “Bunun üçün binanın komendantına yaxınlaşıb vaxt itirmir. Bəzi vaxtlarda MTK-lar sakinlərə ödəmə qəbzi vermirlər. Bunu onunla əsaslandırırlar ki, onsuz da siz bu binada yaşayırsız, kommunal haqları ödəyirsiz. Amma bu, sözdə belədir. Bir də görürsən ki, sakin mənzilini satarkən vətəndaşdan ödəmədiyi müddətə görə əlavə pul tələb edir, müqavilənin dəyişdirilməsindən imtina edir. Bu kimi əlavə problemlərin ortaya çıxmaması üçün çoxmənzilli yeni binalarda nağdsız ödəməyə keçid müsbət haldır. Düşünürəm ki, yeni yaşayış binalarında xidmət haqqının onlayn ödənilməsi təcrübəsi yayılmalıdır”.(sputnikazərbaycan)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png