Diqqət! 2018 ci ildən əkin yerlərini yandıranlar cərimə olunacaq

ONN media xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında "Torpaqların münbitliyi haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib. Məlumata görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsi barədə məlumat verib.

Onun sözlərinə görə, qanunun 1-ci maddəsinə səkkizinci abzas (əkin yeri- torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı yeri) əlavə edilməsi təklif edilir. Başqa sözlə, "Torpaqların münbitliyi haqqında" qanunda "əkin yeri" anlayışı təsnif olunub.

Bundan başqa, qanunun torpaqların münbitliyinin təmin olunması sahəsində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələrinin əks olunduğu 9-cu maddəyə ikinci hissə əlavə edilib. Əlavəyə əsasən, qanunla əkin yerlərinin yandırılması qadağan edilir.

Qeyd edək ki, bu dəyişiklik əkin torpaqlarının münbitliyinin qorunması, ekologiyaya ziyan vurulmasının qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi üçün əkin yerlərinin yandırılmasının qadağan edilməsi məqsədi ilə hazırlanıb.

Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə də qanun layihəsi hazırlanıb. Layihədə İnzibati Xətalar Məcəlləsinə 244-1-ci maddənin əlavə edilməsi təklif edilir.  Yeni maddəyə əsasən əkin yerlərinin yandırılmasına görə, fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər isə  5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək. Hər iki layihə səsə qoyularaq qəbul edilib.  
Bu qanun 2018-ci ilin fevralın 1-dən qüvvəyə minəcək.