ONN MEDİA

Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına diqqət daha da artmalıdır

Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına diqqət daha da artmalıdır
10 İyul 2019 - 15:56

Günümüzdə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlar vətənpərvər ruhda və Azərbaycançılıq ideologiyası əsasında böyüdülməsi, tərbiyə edilməsi dövlətin qarşısında duran əsas prioritetlərdəndir. Diqqət çəkən müsbət məqamlardan biri ondan ibarətdir ki, son illər bu istiqamətdə dövlət qurumları ilə yanaşı, həm də qeyri-hökumət təşkilatları səviyyəsində təqdirəlayiq addımlar atılır. Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda, Azərbaycançılıq ideologiyası əsasında böyüdülməsi istiqamətində keçirilən çoxsaylı layihələr, tədbirlər bunun əyani sübutudur.

Etiraf etmək lazımdır ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də müəyyən problemlər mövcud idi. Dövlət idarəçiliyi sahəsində mövcud olan müəyyən boşluqlar bir sıra qeyri-ənənəvi dini sektalar, missioner təşkilatların ölkəmizə ayaq açmasına, gəncləri öz torlarına salmasına gətirib çıxarırdı. Nəticə etibarilə Azəbaycan gənci getdikcə millət, Vətən sevgisindən uzaq düşürdü. Digər tərəfdən ölkədə yaşayış səviyyəsinin pisləşməsi gənclərimizin dolanışıq ardınca xaricə, daha çox şimal qonşumuza üz tutmasına səbəb olurdu. Nəticə etibarilə yuxarıda qeyd etdiyim kimi gənclər arasında vətənpərvərlik hissləri tədricən ölürdü. Lakin 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı. Çox keçmədən 1994-cü ilin iyul ayında gənclərlə əlaqəli şəkildə işləyən müvafiq dövlət qurumu, Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-ci il, fevral ayının 2-də isə Heydər Əliyevin iştirakı ilə Azərbaycan gənclərinin birinci forumu keçirildi. Qısa müddətdə qəbul edilən bir sıra fərman və sərəncamlar, müvafiq sənədlər gənclərin mütəşəkilliyinin, onların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına gətirib çıxardı. Məhz dövlətin ona ciddi diqqət və qayğı ilə yanaşdığını görən gənc də öz növbəsində Vətənini, dövlətini, millətini daha çox sevməyə başladı.

Günümüzdə torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunduğu, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini nəzərə alsaq deyə bilərik ki, gənclərin vətənpərvər ruhda tərbiyəsini daha da artırmalıyıq. Xüsusilə bu proses bağçadan başlayaraq orta məktəb, hətta ali məktəbdə də davam etməlidir. Gənclərimiz tarixin müxtəlif dövrlərində yaşamış və ad qoymuş tarixi şəxsiyyətlərimiz, sərkərdələrimizi, milli qəhrəmanlarımızı yaxından tanımalı, onların həyat yolu, Vətən uğrunda apardıqları mübarizəni dərindən öyrənməlidirlər. Heç şübhəsiz ki, bu biliklər gənclərimizə təhsil ocaqlarında aşılanmalıdır. Düzdür, ümumtəhsil müəssisələrində gənclərə bu istiqamətdə məlumatlar verilir. Ancaq hesab edirəm ki, gənclərimiz daha çox məlumatlandırılmalıdırlar. Eyni zamanda gənclər arasında müntəzəm olaraq maarifləndirici xarakter daşıyan işlər görülməli, tədbirlər keçirilməlidir.

Onu da qeyd etmək yerinə düşər ki, Cənab Prezident İlham Əliyevin prezident seçilməsindən sonra gənclərin vətənpərvər və Azərbaycançılıq ideologiyası əsasında tərbiyə edilməsinə diqqət daha da artıb. Düzdür, son illərə qədər gənclər arasında vətənpərvərlik hissləri demək olar ki, aşağı səviyyədə idi. Gənclərimiz yad, xarici təsirlərə məruz qalır, onlarda Vətən, millət sevgisi demək olar ki, yox olurdu. Lakin sonradan Ramil Səfərov, Mübariz İbrahimov kimi Vətən övladlarının nümayiş etdirdiyi qəhrəmanlıq, eyni zamanda onlara verilən layiqli qiymət gənclər arasında vətənpərvərlik hisslərinin artmasına təkan verdi. Təbii ki, burada Ali Baş Komandan, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Erməni zabitini öldürməkdə ittiham olunaraq Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması, eyni zamanda misilsiz şücaət göstərərək onlarla erməni hərbiçini qətlə yetirən Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınaraq onun Azərbaycan ictimaiyyətinin iştirakı ilə dəfn olunması, şəhid Mübariz İbrahimova milli qəhrəman adının verilməsi öz-özlüyündə gənclərdə vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərdi. Bütün bunlar Ali Baş Komandanın ordu quruculuğu, Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Heç şübhəsiz ki, Ali Baş Komandanın hərbi hissələrə səfəri, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi də ordu sıralarında qulluq edən gənclərimizin ruh yüksəkliyinə, onlarda vətənpərvərlik hisslərinin artmasına təkan verir.

Süleyman

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində çap olunur.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP