ONN İnformasiya Agentliyi

Gənclərin vətənpərvər və Azərbaycançı ruhda böyüməsində təhsil müəssisələrinin rolu

Gənclərin vətənpərvər və Azərbaycançı ruhda böyüməsində təhsil müəssisələrinin rolu
07 Avqust 2019 - 13:39

Gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi, gələcəyin idarəçiləridir. Bu günün gənci sabah, 5-10 il sonra dövlətin idarəçisi sayılır. Ona görə də gənclərlə elə bir səviyyədə işləmək, onları elə yetişdirmək lazımdır ki, dövlətin gələcəyi təhlükə altında olmasın. Bəs gəncləri necə yetişdirmək lazımdır? Bunun üçün cəmiyyət, dövlət olaraq nələrə diqqət etmək gərəkdir?

Hər bir dövlət, cəmiyyət özünün gələcəyini, inkişafını nəzərdə tutursa, ilk növbədə cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunmasına çalışmalıdır. Vətənpərvərlik isə ilk növbədə bağçadan, məktəbdən başlayır. Bu mərhələyə gəlincə isə bu günün yeniyetməsi, gələcəyin gənci ailədə vətənpərvər ruhda böyüdülməli, tərbiyə olunmalıdır. Bəzən ortaya maraqlı sual çıxır ki, ailədə uşaq necə vətənpərvər böyüdülməlidir? Ailə övladın vətənpərvər böyüməsi üçün nələrə qatlaşmalıdır, hansı adımları atmalıdır?

Sadə bir nüansa diqqət edək. Ailədə ünsiyyətin hansı dildə qurulması burada vacib məqamlardandır. Əslində bunu sadə qiymətləndirsək də, kifayət qədər ciddi diqqətə alınmalı məsələdir. Bir qədər də dəqiqləşdirsək, ailədaxili ortamda Azərbaycan dilinin ünsiyyət vasitəsi kimi istifadə edilməsi əsas faktorlardandır və bu amil istər-istəməz uşağın, gəncin vətənpərvər ruhda böyüməsinə təsir edən başlıca amillərdəndir. Əgər ailədaxilində ünsiyyət vasitəsi kimi xarici dil, rus və ya ingilis dili seçilirsə, istər-istəməz uşaqda öz ana dilinə maraq, hörmət olmur. Zaman keçdikcə öz ana dilini unudan gəncdən vətənpərvərlik gözləmək də sadəlövhlük hesab edilir.

Öz ana dilini bilməyən, onu sevməyən gənc təbii ki, Azərbaycançı, dövlətçi, millətçi də ola bilməz. Dilini sevməyən gənc təbii ki, Vətənini də sevməyəcək, onu qorumağa, mühafizə etməyə maraq göstərməyəcək. Nəticə etibarilə xarici təsirlərə, yad ünsürlərin məkirli planlarının iştirakçısına çevrilərək dövlətinə, xalqına, millətinə qənim kəsiləcək. Ona görə də Vətənə layiqli vətəndaş, vətənpərvər, millətçi, dövlətçi, Azərbaycançı gənc yetişdirmək istəyiriksə hər bir fərd ailədən bu işə diqqət etməlidir.

Gənclərin vətənpərvər ruhda tərbiyə olunması, bu ruhda böyüməsi, dövlətçi, millətçi, Azərbaycançı ideologiyasında yetişdirilməsində bağçanın da rolu danılmazıdır. Bağçada gələcəyin gənclərinə milli ruhda şerlər, rəqslər öyrədilməli, Azərbaycan ssenaristlərinin çəkdiyi cizgi filmləri göstərilməli, onların personajları barədə bilgilər verilməlidir. Bu gün başça yaşlı uşaqların böyük əksəriyyətinin sevimlisinı çevrilən Maşa və Medved, eləcə də digər personajları milli personajlar əvəzləməlidir. Bir sözlə uşaqların beyni ağ vərəq olduğu üçün onlara daha sağlam, mili ruha köklənən fikirlər aşılanmalıdır.

Nəhayət, gənclərin vətənpərvər və Azərbaycançılıq ideologiyasında böyüməsində, tərbiyə olunmasında məktəbin böyük rolu var. Birincisi, məktəb uşağın ailədə və bağçada necə tərbiyə olunduğunu üzə çıxarır və onu ya yalnış yoldan çəkindirir, ya da yalnış yola sürükləyir. Ona görə də məktəbdə təlim-tərbiyə, gənclərlə işə xüsusi diqqət yetirilməlidir. Məktəbdə şagirdlərin vətənpərvər ruhda tərbiyə olunması yalnız hərbi dərslərin keçirilməsi ilə kifayətlənməli deyil. Bu işin praktiki tərəfidir. Buna qədər şagirdlərin beynində Vətənimiz, onun milli qəhrəmanları, tarixi şəxsiyyətləri barədə məlumatlar, bilgilər formalaşdırılmalıdır. Bundan başqa məktəblərdə müxtəlif tarixi mövzularda, qəhrəmanlıq salnamələri əsasında yazılmış əsərlərin, tarixi romanların sinifdən xaric oxusu təşkil edilməli, həmin əsərlərin yazıçıları, qələm əhli ilə məktəblilərin müntəzəm olaraq görüşləri keçirilməlidir. Bu kimi görüşlər həm şagirdlərin milli, tarixi qəhrəmanlarımız barədə daha ətraflı məlumatlandırılması, həm də onların dünya görüşlərinin artması baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, paytaxt məktəblərində, xüsusilə Binəqədi rayonunun 283 saylı orta məktəbində müntəzəm olaraq bu kimi görüşlər təşkil olunur. Sözügedən təhsil ocağında bir neçə dəfə yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzla görüşlər keçirilib, yazıçının qələmə aldığı tarixi romanlar barədə maraqlı müzakirələr təşkil olunub. Həmin görüşlərdə yazıçının müıllifi olduğu romanların məktəblilərə hədiyyə edilməsi bir növ onların vətənpərvər ruhda tərbiyə olunmasına yönəlmiş təsirli addımlardandır. Çünki həmin tarixi romanları mütaliə edən gənclərdə milli qəhrəmanlarımız, tarixi şəxsiyyətlərimiz barədə bilgilər formalaşacaq ki, bu da həmin gənclərin gələcəkdə özlərini məhz həmin qəhrəmanlara oxşatması, onlar kimi vətənpərvər olmasına müsbət təsir göstərəcək.

Süleyman İsmayılbəyli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində çap olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png