ONN İnformasiya Agentliyi

Gənclər arasında vətənpərvərlik hissinin artırılmasında elektron informasiya vasitələri əhəmiyyətli rol oynayır

Gənclər arasında vətənpərvərlik hissinin artırılmasında elektron informasiya vasitələri əhəmiyyətli rol oynayır
26 İyul 2019 - 20:20

Ölkəmizin müharibə şəraitində yaşadığını nəzərə alaraq gənclər arasında vətənpərvərlik ideyalarının aşılanması zərurəti yaranıb. Düzdür, hazırda gənclərin vətənpərvərlik hissinin  inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılır. Bu məsələdə həm dövlət, həm də vətəndaş cəmiyyətləri xüsusi fəallıq nümayiş etdirilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda humanizm, insanpərvərlik kimi məsələlər ailədə uşaqlara çox yaxşı aşılanır. Bu da, öz növbəsində, uşaqların tərbiyəsinə müsbət mənada çox yaxşı təsir göstərir. Valideynlər çalışır ki, övladları xeyirxah, istedadlı, cəmiyyətə faydalı olsun. Bu minvalla bizim millətin, xalqın mənəvi-əxlaqi keyfiyyətlərinin hansı səviyyədə durduğunu, hansı cəhətdən mütərəqqi, qabaqcıl olduğunu dünyaya çatdıra bilərik. Lakin bütün sadalananlara baxmayaraq hələ də görüləsi işlər kifayət qədərdir. Belə ki, gənclər arasında vətənpərvərlik hissinin artırılması məqsədilə mövcud potensialdan kifayət qədər istifadə edilmir. Milli Televiziya və Radio Şurasının şöbə müdiri  Təvəkkül Dadaşov da hesab edir ki, gənclər arasında vətənpərvərlik hissinin artırılmasında elektron informasiya vasitələri əhəmiyyətli rol oynayır. Onun qənaətinə görə,  özəl telekanallar hərbi-vətənpərvərlik verilişlərinin saatını artırmalıdır: “Milli Televiziya və Radio Şurası (MTRŞ) olaraq yayımçılara hərbi-vətənpərvərlik mövzularına yer vermələri ilə bağlı mütəmadi tövsiyələr veririk. Bununla belə, bu istiqamətdə işlərin daha da intensivləşdirilməsinə ehtiyac var”. O, bildirib ki, dövlət büdcəsindən maliyyələşən yayımçılarla bərabər, özəl yayımçılar da efirlərində hərbi-vətənpərvərlik mövzularına indikindən daha çox efir vaxtı ayırmalı, hərbi-vətənpərvərlik verilişlərinin saatını artırmalıdır. Şöbə müdirinin sözlərinə görə, telekanallarda yayımlanan hərbi-vətənpərvərlik verilişlərinin hazırkı vəziyyəti monitorinq edilir, gələcəkdə yayımçılarla da müzakirələr aparıla bilər: “Azərbaycan dövləti tərəfindən Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin problemlərinin həllinə xüsusi həssaslıq göstərilir. Buna müvafiq olaraq televiziya və radiolar da ərazilərimizin 20 faizinin işğalda olduğu bir zamanda Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhidlərə həsr olunmuş verilişlərin təşkil edilməsinə, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filmlərin göstərilməsinə, Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanmasına, ümumilikdə vətənpərvərlik mövzularına aktual bir məsələ kimi yanaşmalıdırlar. Hazırda yayımçıların proqram səbətində sözügedən aspektlərdə verilişlərin yayımlanmadığını söyləmək doğru olmazdı. Yayımçılar mütəmadi olaraq belə mövzulara müraciət edirlər. Bu məsələ yayımçıların diqqət mərkəzində olur”.

“Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctiami Birliyinin sədri Səlim Balayev hesab edir ki, orduda fərqlənən gənclərin təkcə mətbuatda təbliği kifayət deyil. Bu qəhrəmanlar haqqında oçerklər yazılmalı, broşur şəklinə salınmalı və paylanmalıdır. Bu millət, xalq orduda qulluq edən nümunəvi əsgərini tanımalıdır: “Bu təbliğat işləri yetərincə aparılmadığından bəzi hallarda hərbi xidmətə gedən əsgərə hərbi vətənpərvərlik ruhunu lazımi səviyyədə aşılaya bilmirik. Əslində isə internet və televiziya vasitəsilə hərbi vətənpərvərlik ideyalarını daha çox təlqin etmək imkanı var: “Məsələn, Türkiyədə bir şəhidə olan diqqət insanda fərqli hiss yaradır. Cəmiyyət bu prosesə necə yanaşır? Sanki millət bu hadisə ilə nəfəs alır. Etiraf edilməlidir ki, vətəndaş cəmiyyətləri Azərbaycanda da şəhidləri, qəhrəmanları bu səviyyəyə qaldırmaq gücündədir: “Bu məsələdə təcrübə öz sözünü deyir. QHT-lər elə təsiredici metodlar seçməlidir ki, qəhrəmanlarımız barədə informasiyalar yeniləşən Azərbaycanda insanlara təsir edə bilsin. Gənclər bu qəhrəmanları özlərinə örnək hesab etsinlər”. Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır. Ona görə, elə etmək lazımdır ki, torpaqlarının 20%-ə qədəri işğal altında olan Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətində həyata keçirilən tədbirlər gözlənilən effekti versin. Bunun üçün  ilk növbədə analoji konsepsiyaların, layihələrin, proqramların tələb olunan keyfiyyətdə hazırlanmalıdır. Bu fəaliyyət isə birbaşa vətəndaş cəmiyyətlərinin konsepsiyasına uyğundur”. QHT-lər çalışmalıdır ki, ölkəmiz müharibə şəraitində olduğundan gənclər arasında hərbi-vətənpərvərlik hissinin təbliği bir an belə dayandırılmasın”.

Alim

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png