ONN İnformasiya Agentliyi

Heyvanların peyvəndlənməsi işi davam etdirilir

Heyvanların peyvəndlənməsi işi davam etdirilir
20 İyul 2018 - 10:39

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, bu il ölkə ərazisində heyvanlarda sarılıq xəstəliyi qeydə alınmayıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq Dövlət Baytarlıq Xidməti bu ilin 6 ayı ərzində leptospiroz xəstəyinə qarşı 246119 baş iribuynuzlu, 119164 baş xırdabuynuzlu heyvanlarda profilaktik peyvəndləmələr aparıb. Hal-hazırda ölkə ərazisində heyvanlar arasında bu xəstəlik qeydə alınmayıb.

Leptospiroz heyvanlarda qızdırma, sarılıq, hemoqlobinuriya, mədə-bağırsaq sisteminin atoniyası, dəri və selikli qişaların nekrozu və balasalma ilə səciyyələnir. El arasında bu xəstəliyə sarılıq da deyirlər.

Qeyd edək ki, leptospiroz xəstəliyi iti, yarımiti, xroniki və simptomsuz (latent, gizli) keçə bilər. Xəstəliyin xarakteri törədicinin serovarından yox, onun virulentliyindən və orqanizminin rezistentliyindən asılıdır. Leptospirozun tipik gedişi zamanı yoluxucu prosesin inkişafının bütün mərhələləri (inkubasiya, prodromal, xarakterik simptomlar və nəticə) aydın görünür. Xəstəliyin ağır keçməsi intoksikasiya səviyyəsindən asılıdır.

Xəstəlik qısamüddətli qızdırma, intoksikasiya əlamətləri, sarılıq, qanlı sidik, qan sağıntıları, selikli qişaların və dərinin nekrozu, boğaz heyvanlarda balasalma və ya yaşama qabiliyyəti olmayan balaların doğulması (xüsusən donuzlarda və atlarda) müşahidə edilir.

Təsərrüfatlarda profilaktika və sağlamlaşdırıcı tədbirlərə aşağıdakılar daxildir:

• təsərrüfata yeni daxil olan heyvanlarla və yemlərlə törədicinin gətirilməsinin qarşısını almaq;

• leptospirozun epizootik mənbəyinin öyrənmək və ləğv olunması üçün tədbirlər görmək;

• qeyri-sağlam təsərrüfatlarda peyvəndləmə işlərini aparmaq;

• təsərrüfatlarda olan heyvanlarda müayinələr aparmaq;

• təsərrüfat daxilində tutulan gəmiriciləri müayinədən keçirmək.

Qeyri-sağlam təsərrüfatlarda təsərrüfat işləri məhdudlaşdırılır. Bütün heyvanlar peyvənd edilir, xəstələr isə təcrid olunaraq, müalicəyə cəlb edilirlər.

Hal-hazırda respublikada fəal peyvənd vasitəsi kimi polivalent, formalin ilə inaktivasiya edilmiş və depolaşdırılmış vaksin heyvanlara tətbiq edilir. Vaksin İri və xırdabuynuzlu heyvanlarda tətbiq edilir.

Müalicə məqsədi il xəstə heyvanlara hiperimmun serum (çəkidən asılı olaraq qaramala 50-120 ml, buzovlara 20-40 ml, qoyun və donuzlara 5-30 ml dərialtına vurulur) və geniş təsir dairəsinə malik antibiotiklər (streptomitsin, ditetrasiklin və s.) yeridilir. Əlavə olaraq simptomatik müalicə aparılır: ürək preparatları, qlükoza, bağırsaq qurumaları zamanı işlətmə dərmanları tətbiq edilə bilər.

Leptospiroz zamanı orqanizmdə hipoqlikemiya inkişaf etdiyinə görə vena daxilinə 40%-li qlükoza məhlulu atlara və qaramala 500 ml, itlərə 5-10 ml, buzov və dayçalara 50-200 ml yeridilir.

Mədə-bağırsaq sisteminin atoniyasına qarşı, ürək fəaliyyətini nizamlamaq üçün preparatlar ümumi qəbul edilmiş dozalarda tətbiq edilir.

Xatırladırıq ki, heyvanlarda aparılan müalicə-profilaktika tədbirləri baytar həkimi tərəfindən icra edilir. Xəstəliyin özbaşına müalicəsi yolverilməzdir!

Xəstəlik insan sağlamlığına təhlükə yaradır və adətən iti gedişli olur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən leptospiroz xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png