Xəzər HƏYƏCAN TƏBİLİ ÇALIR- Nə baş verir?

Xəzər HƏYƏCAN TƏBİLİ ÇALIR- Nə baş verir?


"Proses uzun müddət davam edərsə və dənizin səviyyəsi 10-15 metr enərsə, bu qlobal humanitar fəlakət demək olacaq"

ONN media Sfera-ya istinadla xəbər verir ki, bunu açıqlamasında Xəzər dənizi səviyyəsinin son illər kəskin şəkildə aşağı düşməsi fonunda hansı təhlükəli hadisələrin baş verə biləcəyi və enmə tendensiyasının qarşısını almaq üçün nə kimi tədbirlərə ehtiyac olduğunu şərh edərkən AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev deyib.

Ə. Əliyevin fikrincə, qısa müddətli olduğu halda dəniz səviyyəsinin aşağı düşməsi heç də qorxulu hadisə deyil:  

"Quraqlığın uzun müddət davam etməməsi fonunda Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi heç də qorxulu hadisə deyil. Xəzər qapalı göldür və yalnız ətrafdakı çayların qidası hesabına səviyyəsi gah enir, gah da qalxır. Ümumiyyətlə, Xəzər dənizinin səviyyəsi uzun illərdir ki, gah enir, gah da qalxır. Bütün tarixi dövr ərzində belə olub. Son illər dənizin səviyyəsinin aşağı düşməsi isə quraqlıq və yağıntıların miqdarının azalması ilə bağlıdır. 

Belə ki, Xəzərin qidalandırdığı ərazilərdə yağıntılar azalıb. Sovet dönəmində, keçən əsrin 70-ci illərində Xəzərin səviyyəsinin 25 metrə qədər enməsi hadisəsi belə baş verdi. Bu zaman hay-küy qopdu ki, Xəzər quruyur. Hətta bu zaman Ural çayını Xəzərə birləşdirmək istəyirdilər. Amma sonradan məlum oldu ki, dənizin səviyyəsi qalxır". 

Bununla belə, institut əməkdaşı qeyd etdi ki, dənizin səviyyəsinin enməsi prosesi uzunmüddətli olduğu təqdirdə, həyəcan təbili çalmaq olar:  

"Dənizin səviyyəsinin aşağı düşməsi 30 il və daha çox müddətə davam edərsə, bu halda həyəcan təbili çalmaq olar. Proses uzun müddət davam edərsə və dənizin səviyyəsi 10-15 metr enərsə, bu qlobal humanitar fəlakət demək olacaq. Enmə prosesinin uzunmüddətli xarakter alması da o halda baş verəcək ki, Xəzəri qidalandıran Volqa, Araz, Kür və İrandakı çayların suyu azalsın. Xəzər dənizi 70-80 faiz yağış sularından qidalanır. Bütün planet və qalatkikalarda bir qanunauyğunluq var. Bu da dövrü qanunauyğunluqdur. Günəşin özünün aktivliyi 11 ildən bir artır, azalır. Yerin özündə 31 ildən bir soyuqlaşma,istiləşmə baş verir".

Baş verən sürətli enmə hadisəsinə rəğmən həmsöhbətimiz düşünür ki, olayın qarşısını almaq üçün hər hansı bir tədbir görmək lazım deyil:

"Sovet dönəmində bu istiqamətdə tədbir görüldü. Türkmənistandakı Qara-qov boğaz körfəzini bağladılar. Ardınca Ural dağlarındakı bəzi kiçik çayları da Xəzərə birləşdirməyi düşündülər. Amma bir müdətdən sonra gördülər ki, dənizin səviyyəsi qalxır, bu planlardan vaz keçdilər. Çünki Xəzərin şərq sahili dəniz səviyyəsindən aşağıdır. Onu da deyim ki, dünya okeanı 7 metrə qədər qalxsa, bu halda Xəzər dənizini su basacaq və onu dünya okeanı səviyyəsinə qaldıracaq. Bu məsələlər elmi cəhətdən təsdiqini tapıb. Ona görə də dənizin suyunun aşağı düşməsi fonunda hər hansı bir tədbir görülməsinə ehtiyac görmürəm. Bu istiqamətdə hansısa hay-küy qaldırmağa lüzum yoxdur".

Qeyd edək ki, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun məlumatına görə, son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb.

Sözügedən müddət ərzində Salyan düzünün dəniz sahili ərazisində, Züd-Ost Kultuk körfəzi sahillərində dəniz 1200-1500, bəzi sahillərdə isə 200-300 m-ə qədər geri çəkilib. Bildirildiyinə görə, Xəzər dənizinin sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək və sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaq.

Geri qayıt