Şaxta Baba ucqar dağ kəndlərində uşaqları BELƏ SEVİNDİRDİ – FOTO

Yeni il ərəfəsində bir qrup könüllü gənc Şaxta Baba paltarı geyinərək Quba və Qusarın ucqar dağ kəndlərində yaşayan 700-dən çox uşağa hədiyyə aparıblar.

ONN media Azərtac-a istinadən xəbər verir ki, “Şaxta baba ucqar kəndlərdə” layihəsi çərçivəsində Bakıda toplanan hədiyyələr 23 ucqar kəndin balaca sakinlərinə təqdim olunub.

Artıq üçüncü ildir həyata keçirilən layihə ucqar kəndlərə, təbiət sahələrinə, yüksək dağlıq ərazilərə və Qafqazın zirvələrinə xüsusi turlar, ekstremal səfərlər təşkil edən “Camping Azerbaijan” ekoturizm təşkilatı tərəfindən reallaşdırılır.

Bu il hədiyyələrin paylanmasına 11 könüllü qoşulub. Dekabrın 23-dən səfərə çıxan Şaxta babalar iki qrupa bölünərək, ayrı-ayrı marşrutlar üzrə yola çıxıblar.

Doqquz gün ərzində hədiyyə paylanılan ucqar yaşayış məntəqələri arasında Qubanın çətin relyefi ilə seçilən Girdah, Rük, Qarxun, Adur, Xınalıq, Bostankeş, Qalaxudat, eləcə də Qusarın Ləzə, Sudur və başqa kəndləri var.

Könüllülər dekabrın 31-də öz missiyalarını başa vuraraq Yeni ili Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən biri olan Qusarın Yergi Kek kəndində qarşılayıblar. Bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.

Layihənin müəlliflərindən olan Cavid Qara bildirib ki, bu təşəbbüs çox maraqla qarşılanır. “İnsanlar adətən bizim hədiyyə paylamağımızdan çəkilən fotoşəkilləri, videoları izləyirlər. Bu aysberqin görünən hissəsidir. Əslində isə hədiyyələrin uşaqlara çatdırılmasına qədər olan daha çətin bir mərhələ var. Layihənin icrası üçün cox ciddi hazırlıq işləri görülür. Hədiyyələrin toplanması, çeşidlənməsi və paylanacağı ucqar kəndlərlə əlaqələrin qurulması işin əsas hissəsidir”.

Cavid Qara bildirir ki, onlara müxtəlif yerlərdən qarışıq tipli oyuncaqlar, kitab dəstləri və başqa vəsaitlər təqdim olunur. Həmin hədiyyələr bir-bir nəzərdən keçirilir. “Şiddət aşılayan oyuncaqları, hansısa təbliğata xidmət edən yazılı, şəkilli vəsaitləri uşaqlara təqdim etmirik. Həm də hədiyyələrin keyfiyyətli olmasına xüsusi diqqət yetiririk. Keyfiyyətli hədiyyələri uzun müddət istifadə etmək olur. Ötən il verdiyimiz hədiyyələrin bu il uşaqların əlində görəndə çox sevinirik. Hədiyyələri öncədən planlaşdırılmış marşrut üzrə bir neçə məntəqədə yerləşdirik ki, yolboyu çantalarımızı dolduraq.

Gələcəkdə layihəni daha da genişləndirmək niyyətimiz var. Artıq üçüncü ildir ki, Quba və Qusarın ucqar kəndlərində hədiyyə paylayırıq. Hər ötən il sevindirdiyimiz uşaqların sayı artır. Məsələn layihəni başladığımız 2015-ci ildə 220 uşağa hədiyyə paylamışdıq. Bu il isə hədiyyə alan uşaqların sayı 700-dən çox oldu.

Şimal zonasındakı ucqar kəndləri seçməyimiz isə təsadüfi deyil. Biz ekoturizm şirkətində çalışdığımızdan bu regionu yaxşı tanıyırıq və burada yaşayan yerli əhali ilə sıx əlaqələrimiz var.

Layihənin coğrafiyasını genişləndirmək barədə də düşünürük. Amma işimizi könüllülük prinsipi əsasında qurduğumuzdan bu, heç də asan deyil. Layihəyə qoşulan könüllülər digər işlərini ən azı bir aylıq təxirə salmalı, qazancları ndan imtina etməli olurlar. Amma inanın ki, buna dəyər. Keçən il uşağların arzuladığı hədiyyənin siyahısını tutmuşduq. Biz bu layihəni uşaqların ehtiyaclarını qarşılamaq üçün yox, onlara sevinc bəxş etmək üçün həyata keçiririk”, – deyə Cavid Qara bildirib.

Layihə çərçivəsində uşaqlara sponsor və könüllülərdən toplanan 6 min manat dəyərində hədiyyələr paylanılıb.