Akif Əkbərovun qəhrəmanlıq tarixçəsi

ONN media Əkbərov Akifin həyatını və qəhrəmanlığını sizlərlə bölüşür.

Əkbərov Akif Abbas oğlu 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə 1 saylı Beyləqan şəhər orta məktəbini bitirib.1970-ci ildə ordu sıralarına çağrılıb. 1972-ci ildə ordudan tərxis olunur. 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin dövlət avtomobil müfəttişliyi bölməsi olur. Akif Əkbərov həmin bölmədə yol-patrul xidməti müfəttişi vəzifəsində işləyirdi.
1991-ci il… Avqustun 5-i… Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “ Sarı yer” yaylağındakı mülkü şəxslərin təhlükəsizliyini təmin etmək üçün ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.
Avqustun 12-i ermənilər Cermuq şəhəri tərəfdən “ Sarı yer” yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçiləri döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə macal tapmırdılar. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir. O, qəhrəmancasına həlak olur.
Ailəli idi. Beş övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əkbərob Akif Abbas oğlu ölümündən sonra “ Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.Beyləqan rayonunda dəfn edilib. Büstü qoyulub.Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır