ONN İnformasiya Agentliyi

İtirilmiş yurd yerlərimizin tarixinə işıq saçan Goyce.az saytı təqdim olundu

İtirilmiş yurd yerlərimizin tarixinə işıq saçan Goyce.az saytı təqdim olundu
24 Dekabr 2017 - 21:45

Bakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Goyce.az” saytının təqdimat mərasiminin əsas mahiyyəti bu idi: düşmən tapdağında inildəyən qədim Oğuz türklərinin yurdlarına qayıdış arzularının gerçəkləşdirilməsinə mənəvi dəstək vermək.

İlin son ayının qayğıları, adətən, daha çox olur, desək yanılmarıq. Bir növ ilin arxada qalan aylarının hesabatı veirilir. Unudulan, yaddan çıxan, yaxud həlli vacib məsələlərə üz tutulur. Belə “işin-gücün başdan aşıb-daşan” günlərində – payızla qışın üz-üzə, göz-gözə qaldıqları məqamda, yəni, “qışın oğlan çağı”nda (o gün qış fəslinin başladığı da hiss olundu Bakıda) yurd-yuvasını itirmiş soydaşlarımızın qəlblərindən, qara qanlar axır: bir əsrdə dörd dəfə yurd itirmiş, nisgil dolu, həsrət yüklü köç karvanlarının arxasınca baxa-baxa qalan dağlar, tüstüsü bacasından burum-burum çıxmaq əvəzinə, hay-harayı təpəsindən qalxan, göyləri yandıran obalarımızdan olan – yaraları göynək, gözəlləri göyçək göyçəlilərimizi bir araya gətirən məram müqəddəs idi…

O yerlərə qayıdışa hazır olmaq üçün hələ “yır-yığış” edilməsə də, itirilmiş yurdların qaytarılması, azad edilməsi, o yerlərin yenidən doğma sakinlərinə çevrilmək uğrunda mübarizənin sivil yollarının axtarılması, təbliğatı, könüllərdə qorunan Vətən sevgisinin istisinə qızınmaq üçün göyçəli, əslində, Qərbi Azərbaycandan olan alimlər, mətbuat təmsilçiləri bir araya gəldilər.

Rəsmi dildə belə deyək: dekabrın 23-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Goyce.az” saytının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov geniş nitq söyləyərək, saytın məqsədi, məramı haqqında məlumat verdi. Sonra saytın yaradıcıları – təsisçiləri Qılman İman, Savalan Talıblı, Xətai Ələsgərov (Dədə Ələsgərin nəvəsi) tədbir iştirakçılarına öz təşəkkürlərini bildirərək, qarşıya qoyulan məqsəd haqqında – Qərbi Azərbaycanla, Göyçə mahalı ilə bağlı saytda görüləcək işlər barədə məlumat verdilər.

İtirilmiş yurd yerlərimizin tarixinə işıq saçan Goyce.az saytı təqdim olundu


Daha sonra tədbirdə çıxış edən tarix elmləri doktorlarından Nazim Mustafa, Dilavər Əzimli, filologiya elmləri doktoru Minəxanım Təkləli, saytın təşəbbüskarlarından – Aqil Kərimov, əməkdar jurnalist Tahir Talıblı, dilçi alim Məhərrəm Hüseynov, Azərbaycan Radiosu və Televiziyasının əməkdaşı Sitarə xanım, Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov, jurnalist Babək Göyüş, ASKEF Azərbaycan başkanının müşaviri Sonaxanım İsmayılova, Rüstəm Dastanoğlu, Aşıq Ələsgər Muzeyinin yaradıcısı və direktoru Hüseyn Ardanışlı, Niftalı Göyçəli, Araz Yaquboğlu (o, Kəsəməndə doğulmuş, hazırda Moskvadan yaşayan professor Ələddin Allahverdiyevin təqdimata ünvanladığı təbrik və tövsiyə məktubunu oxudu) və başqaları öz tövsiyələrini verib, saytın yaradıcı heyətinə uğurlar dilədilər.

Üç dildə fəaliyyət göstərəcək saytın materiallarının zənginliyini təmin etmək üçün bütün əsaslı mənbələrdən istifadə edilməsi vacib hesab edildi.

Əslində, tədbirdə ürəyi dolu olanlar az deyildi. Vaxtın qısalığından, onların fikir və mülahizələrinin saytın ünvanına yönəldilməsi məsləhət olundu. 

İtirilmiş yurd yerlərimizin tarixinə işıq saçan Goyce.az saytı təqdim olundu


Belə iştirakçılardan biri də məhz Qarabağ və ümumiyyətlə, itirilmiş yurd yerlərinin tarixi, coğrafiyası, mədəniyyət və məişəti, qaçqınlıq-köçkünlük ağrılarından söz açan, Göyçədə doğulmayan göyçəli kimi o yerlərin həsrətini çəkən, Kəlbəcəri ilə Göyçəsini yazılarında daim qoşa yazan, jurnalist Savalan Talıblının vətənpərvərlik mövzulu radio verilişlərinin tez-tez qonağı olan, “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu idi ki, vaxtın azlığından, qəlbində tədbirə apardığı ürək sözlərini sonraya saxladı.

Göyçə mahalının zaman-zaman itirilsə də, sonradan haqqın zəfər çalaraq – göyçəlilərin qayıdaraq öz dədə-baba Öğuz yurdlarında binələnmsi haqqında vaxtaşırı qəzet səhifələrində, radio-televiziya verilişlərində fikirlərimi bölüşmüşəm.

Göyçə ilə Kəlbəcər arasındakı Dikyurd yaylağından yuxarıda, amansız bir yerdə – “Göyçə gədiyi” adlanan yaylaq ərazisindəki “Sümüktökülən dərə”, Göyçədə dəfələrlə erməni daşnaklarının törətdiyi vandalizm aktlarına həsr etdiyim, 1998-ci ildə çap olunan “Qiyamətə qalan qisas: Şişqaya faciələri”, ümumiyyətlə, Göyçə ədəbi mühitindən söz açan bir neçə toplunun həmmülliflərindən biri olaraq, çoxlarına, geniş ictimaiyyətə və dünya azərbaycanlılarına məlum olmayan belə faktları sayta hədiyyə edəcəyimi söz verirəm.

Göyçədə doğulmamışam. Amma, hələ “Qiyamətə qalan qisas: Şişqaya faciələri” kitabını yazarkən Göyçədə doğulmayan bir türk cocuğunun dilindən, Göyçə sevgimi ifadə etmək üçün yazmışdım:

Əzizim göy çəməndə,
Göy məndə, çəmən məndə.
Mən Göyçədə doğulmadım,
Doğuldu Göyçə məndə…

Nəhayət, hörmətli saytın ziyarətçilərinin və sahiblərinin (idarə edənlərin) nəzərinə iki qoşmanı da çatdırmaq və bununla Vətən sevdalı olduqları üçün təşəkkürümü bildirmək istədim:

Qışda orda, yaz da orda gözəldi,
Ömrümüzün hər fəsliydi Göyçəmiz.
Ulu kökü əzəldən də əzəldi,
Qorqud yurdu, türksoyluydu Göyçəmiz.

Sazlı-sözlü ocaq idi, piriydi,
Ələsgərim ustadlıqda biriydi.
Nəcəfimiz köz kürəkdə diriydi,
Alım kimi təcnisliydi Göyçəmiz.

İgidləri saya gəlməz olubdu,
Dəfələrnən dağılıbdı, dolubdu.
Dağ çəkilib, təklənibdi, qalıbdı,
Qədirbilən əsilliydi Göyçəmiz.

Yağı-düşmən kəsdi üstün, yolunu,
Bağlayandan qulac-qulac qolunu.
Açmalıyıq sağını, həm solunu,
Deməsinlər təkelliydi Göyçəmiz.

Kəlbəcərə arxa idi, dağ idi,
Barlı baxça, həm meyvəli bağ idi.
Ay Məhəmməd, nə bəxtəvər çağ idi,-
Kəlbəcərə təsəlliydi Göyçəmiz.

YOXSA, AŞIQ, "GÖYÇƏGÜLÜ" ÇALIRSAN?!

Tanış gəlir, bu səs mənə, ün mənə,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!
Unutmuşam, unutmusan yoxsa ki,
Xəyalıma Göyçə gölün salırsan?!
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!

Düşmüsən gədikdə borana-qara,
Almısan sinəndən çal-çarpaz yara?
Didərgin düşəndən gəlmisən zara,
Sən qadasın ona görə alırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!

Ələsgərim bu havada dillənib,
Təcnis Alı dağ çayı tək sellənib.
Dədə Şəmşir gül vurduqca güllənib,
Kərəm kimi gədiklərdə qalırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!

Dayan, qardaş, Nəcəfimi anıram,
Onun kimi samovarla yanıram.
Bu havanı mən baş hava sanıram,
Bir havada min xəyala dalırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!

Bənzədirsən bu havanı gülə sən,
Çəmənə sən, çiçəyə sən, gülə sən.
Yalvarırsan mizrabınla telə sən,
Məhəmmədəm, bulud kimi dolursan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!

Məhəmməd NƏRİMANOĞLU

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png