KƏRKİ: İTİRİLMİŞ TORPAQLARIMIZ VƏ TARİXİ REALLIQLAR

ONN media xəbər veri ki, bu yazını tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olmuş, şeirləri ilə qəlblərdə yaşayan mərhum  Vaqif Məmmədov Şərurun Kərki kəndinin işğalının 20 illiyi ərərfəsində yazıb. Kərki isə artıq 29 ildir ki, azad olacağı günü gözləyir.
Kəndin işğalının 29-cu ilin də həmin yazını oxuculara çatdırırıq.

Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Kərki  kəndinin 
ermənilər tərəfindən işğal olunmasından 20 il ötsə də, hər qarışında qədim
tariximizi yaşadan bu torpağın taleyi və işğal səbəblərinin tarixi kökləri
kifayət qədər işıqlandırılmamış, bir çox hallarda isə mətbuatda bu haqda yanlış
məlumatlar verilmişdir. Bu yanlışlıqların aradan qaldırılması və tarixi
reallıqların göstərilməsi üçün müəyyən məqamlara yenidən nəzər salınmasına
ehtiyac var.

            Naxçıvan Muxtar Respublikasının
Şimal Qərbində, Sədərək kəndinin 8-10 kilometrliyində yerləşib, 960 hektara
yaxın ərazini əhatə edən bu qədim yaşayış məskənində vaxtilə aşkar olunmuş
nekropol, müdafiə istehkamları, daş qutu qəbrlər və s. maddi mədəniyyət nümunələri
arxeoloqların fikrincə, eramızdan əvvəl III minilliyin sonu və II minilliyə aid
edilir (bax:  Azərbaycan  Sovet 
Ensiklopediyası.  V cild,  Bakı, 
1981,

səh. 356;   Naxçıvan Ensiklopediyası.
Bakı, 2002,   səh.233).

            Kərki kəndi ərazisindəki “O tay”,
“Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”,
“Gavurqala”,  “Cəhənnəm dərə”, “Şırran”,
“Qızıl daş”, “Qurdbaba”, “Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut bulağı” və s.
toponimlər də bu torpağın qədim tarixindən xəbər verir.

            «Kərki» toponimi ilə 
«Kərkük» sözü arasında da bir oxşarlıq, uyğunluq diqqəti cəlb edir. Bu
iki söz arasındakı oxşarlıqdan və əlaqədən bəhs edən yazılara mətbuatda da rast
gəlinir (bax: «Elm və həyat» jurnalı, 1985,  № 8,  səh. 26).

            Mahmud
Kaşğarinin «Divani-lüğətit-türk» adlı kitabında «Kərkük» sözü «çökəklik»,
«dərə», «vadi» mənasında işlənmişdir. Maraqlıdır ki, indiki Kərki kəndinin 4-5
km şimali-şərqində Arazdəyən-Cermuk yolunun lap yaxınlığında xarabalıqları
qalan  «Köhnə Kərki» 50-60  metrlik 
dərənin dibində,  çökəklikdə
yerləşirdi. Müasir İraqdakı Kərkük mahalı əhalisinin nə vaxtsa Azərbaycandan
köçüb getdiyini bildiyimizdən, belə bir qənaətə gəlmək olar ki, bəlkə də həmin
tayfalardan biri nə vaxtsa buralardan köçüb getmiş və «Kərkük» sözü
«kərkiliyik»-«kərkiyik»-«kərkik»-«kərkük» şəklində yaranmışdır.

            Qədim tarixi olan 
bu torpaqdakı yer adları, indiki yerli ləhcə xüsusiyyətləri, bir sıra
əfsanələr və rəvayətlər də «Kərki-Kərkük» oxşarlığına marağı bir daha artırır.

            Kərki kəndinin  yaxınlığında «Sənəm zağası» adlı yerin bu
günə qədər maraqla xatırlanması, Sənəm adlı qızın hansı əsrdəsə düşmən əlindən
qaçıb aylarla bu zağada gizlənməsi və öz istəklisi tərəfindən burada tapılması
haqqında əfsanə istər-istəməz aşağıdakı Kərkük bayatısını yada salır:

Sənəm,  sənsiz, Gəzərəm Sənəm, sənsiz, Harda bir qərib görsən Belə bil, mənəm sənsiz…

            Kərki kəndindən İrəvan çuxuruna tərəf böyük bir dağ
silsiləsi uzanır və maraqlıdır ki, lap qədim zamanlardan yerli əhali
tərəfindən  «Qızıldaş» adlandırılan və
əsasən Azərbaycan ərazisində yerləşib lap qurtaracağı Ermənistanın Dəvəli
(Ararat) rayonunun yaxınlığına çatan 
həmin «Qızıldaş»  dağında son
illərdə qızıl mədənləri olduğu aşkara çıxarıldı və Kərki əhalisi onda bildi ki,
ulu babaları mənasız yerə bu dağa «Qızıldaş» adını verməyiblər. Bu bir Kərkük
bayatısında da öz əksini belə tapıb:

Qurut göz yaşın, Kərkük, Altundur daşın, Kərkük, Birləş qardaşlarınla, Yüksələr başın, Kərkük…

            Bəlkə də, «Qızıldaş»ın ətəklərindən
(Kərkidən) didərgin düşən, göz yaşını quruda bilməyib, «qardaşları ilə
birləşmək» arzusu ilə yolları yoran tayfalar 
elə yollarda yaradıb bu bayatını?…

            İngilis tarixçisi Stefan Lonriq
«Müasir İraqın dörd əsri» kitabında yazır:

            «Şah İsmayıl Şirvanı  tutduqdan sonra türkmənləri birdəfəlik
Naxçıvan yaxınlığındakı vuruşda darmadağın etdi» (bax: S.Lonriq. Müasir İraqın
dörd əsri. Oksford. 1925, səh. 16).

            Kim bilir, bəlkə də yuxarıda qeyd olunduğu kimi
Naxçıvanın 80-90 km-də yerlədən, dağların üzük qaşı kimi dövrəyə aldığı dərəli,
təpəli, dağlı «Köhnə Kərki»nin də  qədim
əhalisi sinəsinə dağ çəkilib İraqa qaçan tayfalardan biri olmuşdur, Kərkük
bayatıları da onların acı taleyidir, yanıqlı nəğməyə dönüb, dillərə
düşmüşdür?…

Dağlı Kərkük, Təpəli-dağlı Kərkük, Namərdlərin dağıyla Sinəsi  dağlı Kərkük…

            Kərkük türkmənlərindən olan İraqın böyük şairi Azərbaycan xalqının yaxın dostu Əbdüllətif Bəndəroğlunun aşağıdakı fikri də deyilənlər haqda daha dərindən düşünməyə bizə əsas verir       

            «Tarixə baxmış  olarsaq, elmi faktlar göstərir ki, biz məhz  Azərbaycan və Orta Asiyadan gəlib İraqda yerləşən oğuzlardanıq. Kökümüz-soyumuz
birdir. Taleyin gərdişi elə gətirib ki, bir
hissəmiz türk, bir hissəmiz azərbaycanlı,  digər hissəmiz isə türkman adlanır. Əslində hamımız eyni bir ananın övladıyıq. Bəlkə buna görə də İraq türkmənləri Azərbaycanı özlərinə vətən sayır, azərbaycanlıları da qan qohumları, bacı-qardaşları hesab edirlər» (bax: «Azərbaycan müəllimi» qəzeti, 16 iyun
1989-cu il).

            Azərbaycanın xəritəsində çox qəribə
olsa da, Naxçıvan Muxtar Respublikasından kənarda (yuxarı hissədə), Ermənistan ərazisində
kiçik bir ada kimi göstərilən bu kənd çox kiçik bir xətlə Azərbaycana (Sədərək ərazisinə)
birləşdirilib. Tarixin sərt və haqsız sınaqları ilə üz-üzə qalan bu Azərbaycan
torpağı beş addımlığındakı Azərbaycan ərazisinə söykənmək əvəzinə xəritələrdə tənha
ada kimi Ermənistan ərazisində qalıbdır.

            Nədir
bunun səbəbləri?

            Hələ Azərbaycan Demokratik
Respublikasının yarandığı ilk dövrlərdən etibarən bir sıra iri imperialist dövlətlərinin
Naxçıvan ərazisinə diş qıcayıb bu torpaqları ələ keçirməyə, Naxçıvanda öz
hakimiyyətlərini qurmağa  səy etdikləri
bir vaxtda xəyanətkar qonşumuz olan ermənilər də bu fürsəti əldən verməyib
Naxçıvanı ələ keçirmək, öz ərazilərini Naxçıvan torpaqları hesabına genişləndirmək
iddiasında oldular. Hətta 1919-cu ilin mart ayında işğalçılıq məqsədi ilə
Naxçıvana gələn ingilislər də Şərur-Dərələyəz mahallarının və Naxçıvanın ermənilərə
verilməsini tələb etdilər. Ancaq həmin vaxt Naxçıvan, Nehrəm, Şərur və Sədərək əhalisi
layiqincə öz sözünü dedi.  Arxasında
ingilis generalları duran erməni daşnakları isə Naxçıvan əhalisinin və əsas qərərgahı
Sədərəkdə yerləşən, Abbasqulubəy Şadlinskinin başçılıq etdiyi “Qırmızı Tabor”un
cəsur döyüşçülərinin öz doğma torpağına, doğma Azərbaycana bağlılığını görəndən
sonra Naxçıvanın Ermənistana qatılması iddiasından əl çəkməyə məcbur oldular. Məhz
belə bir vaxtda Azərbaycanda Sovet hakimiyyətinin qurulması yeni qurulmuş hökumətin
bir sıra qonşu dövlətlərlə dostluq əlaqələri və digər diplomatik əlaqələr
yaratması zərurətini doğurdu. Bu şəraitdə 1921-ci il martın 16-da Moskva şəhərində
Türkiyə ilə RSFSR arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi
imzalandı. Həmin müqavilənin 16-cı maddəsindən sonra başlanan 1-ci əlavənin “s”
bəndində Naxçıvanın ərazisi aşağıdakı kimi göstərilmişdir:

            “Ararat stansiyası-Saraybulaq dağı
(8071)-Kömürlü dağ (6839)-Səyyaddağ (7868)-Qurtqulaq kəndi-Kəmsur dağ
(8160)-Kükü dağ (10282) və Şərqdən Naxçıvan qəzasının inzibati sərhəddi” (bax:
Azərbaycan Respublikası Dövlət Arxivi. F.28, siy. 1, iş-67).

            Deməli, Moskva müqaviləsinə əsasən,
Ermənistan tərəfdən Naxçıvanın sərhədi heç də Sədərəkdən və Arazdəyəndən yox, Sədərəkdən
25-30 km Ermənistana tərəf olan Ararat (Dəvəli) stansiyasından təstiq
olunubmuş.

            1921-ci il oktyabr ayının 13-də
Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars
müqaviləsində də Azərbaycanın protektoratı altında Naxçıvan vilayətinin muxtar ərazi
olmasına razılıq verilməklə Sədərək tərəfdən başlanan Naxçıvan sərhədinin Urmiyə
kəndi-Arazdəyən stansiyası-Daşburun dağı-Cəhənnəmdərə- Bağırsaq dağı istiqamətindən
keçməsi ilə qeyd edilir ki, (bax: Azərbaycan EA-nın «Tarix, fəlsəfə, hüquq» məcmuəsi,
Bakı, № 1, 1990 səh. 78)  bu da haqqında
bəhs etdiyimiz Kərki kəndi ərazisinin ada şəklində Ermənistan içərisində yox,
Azərbaycan torpaqları daxilində mövcudluğunun sübutudur. Moskva və Qars müqavilələrində
adı çəkilən, eyni zamanda Sədərəklə Kərki arasındakı ərazidə yerləşən “Bağırsaq
dərəsi”, “Cəhənnəm dərə”, “Qaraağac”, “Qurdbaba”, həmçinin onlara yaxın olan “Kərkinin
düzü”, “Həsənqulu bağı”, “Kaha”, “Bəzirxana”, “Qızıldaş”, “Köhnə Kərki” kimi
yerlər də daim Azərbaycan ərazisi olmuşdur.

            Beləliklə, ermənilərin uzun illər
boyu Moskvada, İrəvanda və Gürcüstanda apardıqları xəyanətkar siyasətin nəticəsi
olaraq heç bir əsaslı səbəb olmadan, RSFSR-in və Türkiyənin iştirakı olmadan,
Moskva və Qars müqavilələrinin iştirakçısı olan həmin dövlətlərlə
razılaşdırılmadan hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin
müqavilələri bağlayan dövlətlərin başı üstündən qanunsuz olaraq Zaqafqaziya
SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə (protokol
№3) Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr və ya 65 min
700 hektar torpaq sahəsi Ermənistana verilmişdir. Heç bir səbəb göstərilmədən, əsassız
şəkildə yuxarıdakı qərarla  Ermənistana
verilən 9 kəndin (Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəc, Almalı, Sultanbəy,
İtqıran və Kilit kəndinin bir hissəsi) səbəbsiz Ermənistana verilməsi əvvəllər
bir qədər gizli saxlanılsa da, sonralar yerli əhali tərəfindən müəyyən
etirazlar olsa da, rəsmi orqanlarda, dövlət səviyyəsində bu haqda heç bir təşəbbüs
göstərilməmiş, nəticədə azərbaycanlı əhali zaman- zaman həmin əraziləri tərk
etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Zaman
keçdikcə bu tarixi səhvin (bəlkə də xəyanətin) acı nəticələri tam aydınlığı ilə
özünü göstərdiyindən, saxta qərarın qəbul edildiyi vaxtdan həmin səhv qərara  ilk rəsmi etiraz 61 il sonra 1990-cı ilin may
ayında keçirilən 11-ci Çağırış Naxçıvan MSSR Ali Sovetinin on birinci
sessiyasında göstərilmişdir. Həmin sessiyanın materiallarında deyilirdi:

“Naxçıvan ərazisinin müəyyən hissəsinin Ermənistan
SSR-ə verilməsi barədə Zaqfederasiya MİK Rəyasət Heyətinin 18 fevral 1929-cu il
tarixli qərarı qanunauyğun olmadığına görə Naxçıvan MSSR-in haqqı vardır ki,
Qars müqaviləsini rəhbər tutaraq muxtar respublikadan qeyri-qanuni alınmış 657
kvadrat kilometr sahənin geri qaytarılmasını tələb etsin və onun suverenliyi və
ərazi bütövlüyü sahəsində yol verilmiş ədalətsizliyi bərpa etsin”( bax: «Şərq
qapısı» qəzeti,  1 may  1990-cı il).

Tarixi səhvin düzəldilməsi üçün 61 ildən sonra irəli sürülən təşəbbüs elə
bir vaxta düşmüşdü ki, yenə Naxçıvanın başı üstünü qara bir qüvvə kimi erməni təhlükəsi  almışdı, 3-4 ay əvvəl Bakıda Qanlı Yanvar
hadisəsi baş vermişdi, Sədərəyə və Naxçıvanın digər sərhəd bölgələrinə ermənilərin
ilk hücumları  olmuşdu. Qarabağ faciəsi
günü-gündən genişlənməkdə idi. Elə buna görə də irəli sürülən bu təşəbbüs həyata
keçirilmədi və bir çox qərarlar kimi kağız üzərində də qaldı.

       1929-cu ildə Naxçıvan torpaqlarının
xeyli hissəsinin qanunsuz olaraq Ermənistana verilməsi xəyanəti azlıq edirmiş
kimi, ermənilər yenə də öz məkrli niyyətlərini davam etdirməkdə, Azərbaycan
torpaqlarına tərəf qarış-qarış, addım-addım irəliləməkdə idilər. Həmin məkrli
niyyətin bir hissəsi (o cümlədən Kərki ətrafındakı torpaqların ermənilərə
verilməsi) də ətrafına xəyanətkar erməniləri toplayıb onların məsləhəti ilə işləyən
Mircəfər Bağırovun Azərbaycana rəhbərliyi dövründə reallaşdı.

            Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin
ətrafındakı torpaqların xeyli hissəsi xalqdan gizli olaraq Ermənistana verildi.
Ən dəhşətlisi odur ki, Kərki torpaqlarının Ermənistana verilməsi haqda
protokola Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi adından iki erməni -Azərbaycan
MİK-in «məsul işçiləri»-Qadakçiyan və İsaxiyan qol çəkdilər (bax: «Şərq qapısı»
qəzeti, 29 noyabr 1990-cı il). Yerli əhali arasında açıq narazılıqlar
yaranmasının qarşısını almaq, həmçinin yerli əhalinin hamısının azərbaycanlı
olması nəzərə alınaraq və məsələnin sakitliklə həll olunması məqsədi ilə ermənilər
təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində
saxlamaqla, kənd ətrafındakı 900 hektardan artıq bir ərazini, o cümlədən «Kərkinin
düzü», «Həsənqulu bağı», «Bağırsaq dərə», «Qaraağac», «Bəzirxana», «Köhnə Kərki»,
«Dem», «Nabat bulağı», «Qızıl daş», «Ağıldərə» və s. kimi onlarla türk mənşəli
toponimi özündə yaşadan ərazilər (dairəvi şəkildə Kərkinin bütün ətraf
torpaqları) əsassız, saxta sənədlə Ermənistana verilməklə, Kərki kəndi Azərbaycandan
(Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşdü. Ancaq erməni əli
ilə imzalanmış qeyd olunan qərarla rəsmiləşdirilmiş torpaq sövdələşməsini xalqa
çatdırmağa o vaxtkı Azərbaycan rəhbərliyinin, həmin torpaqlara birdən-birə yiyələnib
oranı əkib-becərməyə isə ermənilərin cəsarəti çatmadığından, bu torpaqları
1941-1945-ci illər və sonrakı onilliklər ərzində də Sədərək və Kərki əhalisi əkib
becərir, əllərindəki saxta sənədi işə keçirə bilməyən ermənilər isə məkrli
yollar düşünür, öz çirkin niyyətləri üçün fürsət və məqam axtarırdılar.

            1969-cu il may ayının 7-də Azərbaycan
SSR Ali Sovetinin Rəyasət Heyəti «Ermənistan SSR ilə sərhədlər barədə» yeni bir
qərar qəbul etdi. Həmin qərara əsasən, Naxçıvan MSSR ərazisində 191,1 hektar əkinə
yararlı torpaq sahəsi alınıb Ermənistana verilməli, əvəzində isə Ermənistanın
dağlıq və əkinə yararsız ərazisindən 319,5 hektar sahə isə (guya yaylaq məqsədilə
istifadə etmək üçün) Naxçıvan MSSR-ə verilməli idi. Bu qərar da dolayısı ilə Kərki
torpaqlarının Ermənistana verilməsi haqda 1938-ci il 5 may tarixli qərarın
reallaşmasına xidmət edirdi.

            Bu qərarın qəbul edilməsindən 2-3 ay
sonra Azərbaycan KP MK-ya birinci katib seçilən Heydər Əliyev həmin qərarın
mahiyyətini tam dolğunluğu ilə bildiyindən, o, Azərbaycana rəhbərlik etdiyi 14
il ərzində həmin saxta, xalqın mənafeyinə zidd qərarın həyata keçirilməsinə
imkan vermədi. Həmin əhvalatdan 20 il sonra bu məsələ ilə əlaqədar müsahibələrinin
birində Heydər Əliyev jurnalistin sualını belə cavablandırırdı:

        -«Birinci
katib seçiləndən bir ay sonra, 1969-cu ilin sentyabrında Ermənistan KP-nin
birinci katibi Anton Koçinyana zəng edib onunla görüşmək istədiyimi bildirdim.
Görüşümüz Qazax rayonu ilə İcevan rayonu sərhəddində oldu. Mən məsələni qəti
qoydum və Koçinyana təklif etdim ki, Ermənistandan milllətçi adamları öz ərazi
iddialarından çəkindirmək üçün əməli, konkret işlər görsün. Zənnimcə, o
görüşümüz səmərəli oldu. Çünki sonrakı dövrlərdə respublikalarımız arasında
bizi narahat edən hadisələr baş vermədi.

Ümumiyyətlə, torpaqlar haqqında sualınıza belə
cavab verə bilərəm ki, 1969-cu il iyulun 14-dən 1982-ci ilin dekabrın 3-ə kimi
Azərbaycan KP MK-nın birinci katibi olmuşam. Bu müddətdə Azərbaycan ərazisinin
bir qarışı da Ermənistana verilməyib.
Bu faktdır. Baxmayaraq ki, Ermənistan tərəfindən ayrı-ayrı yollarla torpaqların
alınmasına cəhdlər olurdu, lakin mən bunların qarşısını həmişə almışam» (bax:
«Ulduz» jurnalı, 1990, № 6, səh. 71-72).

Heydər Əliyev Moskvaya işləməyə gedəndən 2-3 il sonra hər iki respublika
MK-sı birinci katibləri Kamran Bağırovun və Karen Dəmirsiyanın Ermənistanla Azərbaycan
sərhəddində görüşləri keçirildi. Onlar hansı şərtlərləsə razılığa gəldilər.
Bundan az sonra isə bir çox rayon icraiyyə komitələrinin sədrləri, yer
quruluşçuları və təsərrüfat rəhbərləri idarə möhürlərini də özləri ilə götürmək
şərti ilə Bakıya çağırıldılar, bir çox protokollar imzalanıb möhürləndi… Beləliklə,
Kərki kəndi də quyuya atılmış bir daş kimi ada şəklində Ermənistan ərazisində
qaldı.

Ermənilərin Kərki ətrafındakı məkrli niyyətləri müxtəlif zamanlarda fərqli
üsullarla ortaya çıxırdı. Belə üsullardan ötən əsrin 50-60-cı illərində baş verən
bəzi hadisələri də yada salmaq yerinə düşərdi. Ötən əsrin 50-ci illərinin
ortalarında Sədərəkdən Kərkiyə asfalt yol olmadığından eyni təsərrüfatda birləşən
bu iki kəndi «Cin təndiri»-«Qırmızı yokkuş»-«Kərkinin düzü» istiqamətindən gedən
çox darısqal və çətin dağ yolu birləşdirirdi. Ermənilər isə Cermuka, Sisyana və
digər yerlərə getmək üçün Arazdəyən-Sədərək-Şərur yolu ilə gəlib Arpaçayın
sahili boyunca keçib Danzik kəndindən, ya da Naxçıvan-Şahbuz yolu ilə gedib
Sisyan-Cermuk yoluna çıxmalı idilər. Sədərəkdən Kərkiyə gedən dağ yolu 8-10
kilometr, Arazdəyəndən Cermuka gələn yol isə (Şərurdan gedən dağ yolu ilə)
150-200 kilometr olardı. Kərki ərazisindən təzə yol salmaq şərti ilə həmin yolu
yarı-yarıya 90-100 kilometr qısaltmaq mümkün idi. Ancaq Kərki ətrafı 960 hektar
ərazi xəritə üzrə Azərbaycana məxsus olduğundan, ermənilərin həmin ərazidən yol
salmaq imkanı yox idi. Buna görə də ermənilər nə yollasa Kərki, Sədərək, yaxud
Şərur  Noraşen, sonralar İliç rayon rəhbərliyi
ilə razılaşmağa məcbur idi. Çünki Kərki Sədərəklə eyni sovetlikdə olub, Şərur
rayonuna tabe idi. Ermənilərin bu niyyətləri əhali tərəfindən yaxşı
qarşılanmasa da, bir müddət sonra (50-ci illərin ortalarında) onlar
«yuxarıdakı» hansı qüvvənin təsiri iləsə gözdən pərdə asmaq məqsədi ilə Şərur
rayon bangına 16 min manat pul keçirərək (bax: «İki sahil» qəzeti, 10 yanvar
1998, № 3 (2052) həmin yolu çəkdilər və bizimkilərə də «təsəlli» verdilər ki,
siz də Kərkiyə dağ yolu ilə yox, Azərbaycandan çəkilən həmin asvalt yola gedib
gələcəksiniz… Beləliklə, 8 kilometrlik Sədərək-Kərki yolu 12 km, 150-200
km-lik Arazdəyən-Cermuk yolu isə 90-100 km oldu.

Ermənilər bu yolu salandan sonra onların qarşısında Kərki ətrafından Azərbaycan
əhalisini seyrəltmək və həmin ərazilərdə öz mövqelərini möhkəmlətmək dururdu.
Çünki Kərki Sədərək üçün böyük dayaq idi. Hələ sovet quruluşundan da əvvəl yay
aylarında Sədərəkdən at, öküz və qəflə-qatırla Əyricə, Yal yurd, Çınqıl yurd,
Nimçə bulağı kimi yaylaqlara gedən qırxa yaxın obanın ilk düşərgəsi «Kərkinin
düzü» adlı ərazi olurdu. Gözəl təbiətinə və coğrafi mövqeyinə görə yerli əhali
dağların dövrələdiyi bu geniş düzəngah yeri «yarımyaylaq» adlandırırdı. XIX əsrin
ortalarında sədərəkli aşıq Əli Xanxanım oğlu da nə vaxtsa burda çadır qurub bir
neçə gün qalmış və bu yerin adını öz məşhur şeirinin bir bəndində aşağıdakı
kimi əbədiləşdirmişdi:

Hamıdan göyçəkdir əmimin qızı, Elə bir doğubdu bir dan ulduzu. Səndən xəbər alım «Kərkinin düzü», Aşan yollar yar yanına gedirmi?

                    (bax: «İki sahil» qəzeti, 13 yanvar 1998, № 4 (2053)

50-ci illərin
ortalarında ermənilərin çəkdiyi Arazdəyən-Cermuk asfalt yolu «Kərkinin düzü»ndən
keçirdi. 60-cı illərin əvvəllərində Eçmiədzin («Üç müəzzin») keşişi Vahanın
qardaşı oğlu, çox millətçi və şovinist şair Paruyr Sevak valideynlərinin
 yaşadığı, Kərkidən yuxarıda yerləşən
Çanaqçı (Sovetaşen) kəndindən gəlib İrəvana gedərkən həmin «Kərkinin düzü» adlı
ərazidə maşın qəzasından öldü. Onun qəza nəticəsində ölümü  xəbəri bütün Ermənistana yayıldı. Elə qəza
yerində keçirilən matəm mitinqində çıxış edən ermənilər bu fürsəti də əldən
verməyərək qəzada ölən şairlərinin erməni milləti üçün «xidmətlərindən»
danışdılar və tezlikdə elə qəza yerindəcə onun xatirəsini əbədiləşdirəcəklərinə,
həmin yerdə abidə ucaldacaqlarına söz verdilər. Deyilən kimi də oldu. Hələ millətçi  şairin 
qırxı çıxmamış qəza yerində qara mərmər başdaşı qoyuldu, simvolik qəbr
düzəldildi, qəbrin ətrafında 3-4 dəmir stul düzəldildi ki, tez-tez onun «xatirəsini»
yad etməyə gələnlər rahat oturub badələrini vura bilsinlər…

Az sonra qəbr ətrafında
bir taxta domik qoyuldu, sonra bir beton dam, sonra kiçik bir qonaq evi, sonra
restoran, otel,  yaşayış evləri, xəstəxana,
məktəb və s. beləcə 15-20 ilin içərisində böyük bir qəsəbə salıb adını da  (Paruyr Sevakin adı ilə)  qoydular Sevakavan.  Kərki ilə Sədərək arasında, «Kərkinin düzü»
deyilən yerdə xeyli yüksəklikdə siyrilmiş qılınc kimi duran həmin qəsəbədən 1990-cı
illər hadisələri zamanı Sədərək kəndi üzərinə nə qədər od-alov yağdırıldı, bunu
yerli əhali yaxşı bilir…

90-cı illər hadisələrindən
bir qədər əvvələ qayıdıb bəzi ciddi məqamlara nəzər salmaq da tarixi
reallıqların üzə çıxarılması baxımından əhəmiyyət kəsb edir.

1989-cu il mart  ayının sonlarında Sədərək kəndinin Şimalında
yerləşən 94 hektarlıq «Həsənqulu bağı»nda 
ermənilərin şum aparması haqda kəndə xəbər gəldi. Sədərəklilər bir nəfər
kimi ayağa qalxıb bu hadisənin qarşısını aldı. Ancaq «yuxarıdan» «məsul
yoldaşlar»  gəlib yerli əhalinin bu hərəkətini
pislədi, hətta yerli ziyalıların bir çoxuna təzyiqlər etməklə, kənd əhalisini səbrli,
təmkinli olmağa çağırdılar. Bu səbrin nəticəsində isə üstünə sanki, çiçəkdən ağ
yaylıq çəkilmiş ərik ağacları erməni buldozerlərinin tapdağı altında yerlə
yeksan edildi. Həmin səhnə Azərbaycan KP MK-nın ən mötəbər mətbuat orqanı olan
«Kommunist» qəzetində də öz əksini tapdı:

«Həsənqulu bağı»ndan ensiz dərə aşağı kiçik çay axır – Çapan çayı… Beş-on
gün əvvəl bu dağ çayının sahili boyunca ərik ağacları sıralanırdı. İndi kökündən
çıxarılmış ağaclar böyrü üstədir» (bax: «Kommunist» qəzeti, 29 aprel 1989-cu il).

«Həsənqulu bağı»nın ərik
bağlarının tumurcuqları çiçəkləyəndə kreslo hərisi olan o vaxtkı vəzifəlilərimiz
Sədərək çayxanalarında oturub yerli  əhalini
səbrə, təmkinə çağıranda vəhşi ermənilərin saysız buldozerləri «Həsənqulu
bağı»nı, Əjdəkan dağının arxasından başlayıb «Kərkinin düzü»nə qədər olan bütün
sahələri şumlayıb yerlə yeksan etdi. Sədərək əhalisi yenidən ayağa qalxdı zor
gücünə erməniləri elə günə saldı ki, onlar şumu da, iş alətlərini də, hətta
traktorlarını da atıb qaçdılar. Ancaq çox qısa vaxtda Bakıya xəbər çatdı ki, Sədərək
yaxınlığında «milli zəmində» toqquşma baş verib. 1989-cu il mayın əvvəllərində
respublika mətbuatında Azərinformun aşağıdakı bəyanatı yayıldı:

«Neçə vaxtdır ki, respublikada biri digərindən cəfəng şayiələr gəzir ki,
guya Azərbaycan SSR İliç (indiki Şərur-V.M) rayonunun və Ermənistan SSR Ararat
rayonunun sakinləri arasında ərazi mübahisəsi ilə əlaqədar toqquşmalar olub,
bunun nəticəsində  də Sədərək kəndində və
digər sərhədyanı yaşayış məntəqələrində adamlara xəsarət dəyib, həlak olanlar
var,  kənd təsərrüfatı  texnikası 
dağılıb. Qeyd olunan məsələlərin araşdırılması  üçün Azərbaycan  SSR Ali Soveti  Rəyasət heyətinin, Ədliyyə Nazirliyinin məsul
işçilərindən, alimlərdən, KİV nümayəndələrindən ibarət mötəbər komissiya
yaradılmış və Naxçıvan MSSR-in Ermənistanla həmsərhəd  rayonuna göndərilmişdir…»

Təəssüf ki, həmin «mötəbər
komissiya» da Sədərək əhalisini borclu çıxardı 
və həmin komissiyanın sədri, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti
hüquq şöbəsinin o vaxtkı müdiri   A.H.
İbrahimov Azərinform müxbirinin sualına aşağıdakı kimi:

«Bəri başdan deyim ki, bütün bu şayiələrin heç bir əsası yoxdur. Sərhədyanı
zonada millətlərarası  zəmin əsasında heç
bir münaqişə və toqquşma olmayıb. Sədərək kəndində nələr baş verdiyini axıradək
dərk etmək üçün tarixi yada salmaq lazımdır»-

cavab verərək, tarixi də aşağıdakı kimi yada salıb fikrini belə  yekunlaşdırdı:

«Ümumi sahəsi təqribən 100 hektar olan «Həsənqulu bağı» torpaq sahəsində də
belə əhvalat baş vermişdir. Bu bağ Ermənistan SSR Ararat rayonu ərazisində yerləşsə
(A.İbrahimov o vaxt şəxsən hadisə yerinə gəlsəydi
görərdi ki, «Həsənqulu bağı» Sədərəyin 1-2 kilometrliyində, Ararat rayonunun
isə 25-30 kilometrliyində yerləşir. -V.M.) illər uzunu ondan Sədərək sakinləri
istifadə edirdilər.

Həmin sahənin hüquqi sahiblərinin,
yəni Ermənistan SSR Ararat rayonu
 melioratorlarının
martın axırında başladıqları təsərrüfat işləri sədərəklilərin narazılığına səbəb
olmuşdur. Axırda bir daha qeyd etmək istəyirik ki, vilayət və rayon  orqanları sərhədyanı rayonda gərginliyin  aradan 
qalxması, şayiələrə və dedi-qodulara son qoyulması üçün böyük təşkilati-siyasi  iş və 
təşviqat-təbliğat işi aparmışlar» (bax:
«İşıqlı yol» qəzeti, 4 may 1989-cu
il).

 Çox təəssüf ki, bizimkilərin başı əhali
arasında «təşviqat-təbliğat» işinə qarışanda elə  həmin vaxtdan düz ikicə ay sonra ermənilər Kərki
ilə Sədərək arasında avtomobil  yolunu
açıq şəkildə bağladılar və 1989-cu il iyul ayının 16-da Azərbaycanın Kərki kəndindən
Sədərəyə köçməli olan  gəlin bir gün
sonra  iyulun 17-də hərbçilərin  müşayiəti ilə köçdü.  Həmin vəziyyəti o vaxtlar  çap olunan şeirimin  bir bəndində 
belə təsvir etmişdim:

«Vağzalı» çalınmır bu necə işdi? Bu toyda məsləhət, söz keçir indi. Xalqın tarixinə gör nələr düşdü- Hərbi maşın ilə qız köçür indi…

      (bax:
Vaqif Məmmədov. Sədərək harayı. Bakı, ATM, 1994,. səh. 69).

Kərkiyə ermənilərin təzyiqi
də, özümüzünkülərin soyuq münasibəti də 1989-cu ildən də xeyli əvvəl
başlanmışdı.  Ötən əsrin 50-ci illərində
yuxarıda bəhs olunan asfalt yol salınanda, 60 -cı illərdə maşın qəzasında ölən
erməni şairinin xatirəsinə Azərbaycan torpağında qəsəbə salınanda,  xain ermənilərin əli ilə Kərki ətrafındakı
müqəddəs Tejgar dağının fotosu o dövrün ən sanballı  mənbələrindən sayılan Azərbaycan Sovet
Ensiklopediyasında «Ermənistan SSR Yexeqnadzor rayonunda dağ mənzərəsi» kimi
veriləndə (bax: Azərbaycan Sovet Ensiklopediyası.  IV cild, Bakı, 1980,. səh. 80), 80-ci illərin  əvvəllərindən başlayaraq (hələ Qarabağ hadisələrindən  əvvəl) gecələr Arazdəyən-Cermuk yolu ilə keçən
sərxoş ermənilər arabir Kərkini atəşə tutub keçəndə yerli əhali nə qədər məlumatlar
versə də, o vaxtkı rəhbərlərimizin laqeydliyi günü-gündən vəziyyəti gərginləşdirirdi.  Bu azmış kimi, Kərki həm də özümüzünkülər tərəfindən
unudulmuş və sosial qayğılardan tam kənarda qalan bir yaşayış məntəqəsinə
çevrilmişdi. Təvazökarlıqdan uzaq olsa da, 22 il əvvəl 1988-ci ilin iyul ayında
Kərki haqda yazıb mətbuatda çap etdirdiyim məqalədən kiçik bir abzası yada
salmaqla Kərkinin o dövrdəki  vəziyyətini
təsvir etməyə ehtiyac duyuram:

«Acınacaqlı olsa da, faktdır ki, kərkililərin böyük əksəriyyəti uzun illərdir  heç yerdə işləmir.  Əhali arasında iş-güc , dolanışıq
ucbatından  kəndi qoyub harasa köçüb getmək  haqqında danılıqlar gedir.

Günahlandırmağa  çox da haqqımız
yoxdur onları. XXI əsrə keçməyimizə lap az qalır. Kərki kəndində adi daimi  kino qurğusu yoxdur. 350 nəfərə yaxın əhalisi
olan ucqar bir kənddən nə rayon mərkəzinə, nə də Sədərək kəndinə heç bir
marşrut işləmir, xəstəxana yoxdur, çörəkxana yoxdur, hamam yoxdur, ümumiyyətlə,
məişət xidməti obyektlərinin siyahısını tutsaq, heç bir  tərəddüd etmədən hamısının qarşısına bir kəlmə
«yoxdur» sözünü yazarıq (bax:
«İşıqlı yol» qəzeti,
28 iyul 1988-ci il;  «Şərq qapısı» qəzeti,
22 sentyabr 1988-ci il ).

Yerli əhalinin tələblərindən,
mətbuatdakı bu və ya digər çıxışlardan sonra 1989-cu il aprel ayının 25-də Naxçıvan
MSSR Nazirlər Soveti «İliç rayonunun Kərki kəndinin sosial -iqtisadi inkişafı
haqqında» 8 maddədən ibarət xüsusi qərar (Qərar № 115) qəbul etdisə də, artıq
gec idi və hadisələr gərginləşib kulminasiya nöqtəsinə çatmışdı. Çünki
daha  saqqallı ermənilər Sədərəkdən Kərkiyə
gedən avtomobil yolunu kəsdiyindən hər axşam Sədərəkdən  Kərkiyə «Qaraağac-Cəhənnəmdərə» yolu ilə  yük maşını ilə, bəzən də piyada 30-40 nəfər
könüllü müdafiəçi  gedir, gecəni səhərə  kərkililərlə birlikdə kəndin  keşiyini çəkir, səhər geri qayıdırdılar.
Sonralar həmin könüllülərə Şərurdan və Naxçıvandan gələn könüllülər də
qoşuldular. Ancaq bu da çox davam etmədi, Kərki ilə Sədərək arasında əlaqə  tam kəsildi, kərkinin müdafiəçilərinə  ərzaq və digər sursat çatdırmaq da problemə
çevrildi. Hətta 1989-cu il sentyabrın 28-də SSRİ Daxili Qoşunlarının üç
zabitini (polkovnik E.Parasuxini, mayorlar S. Tixomirovu və V. Laptevi) Kərkidəki
vəziyyətlə tanış  olmaq üçün Naxçıvan
MSSR Daxili İşlər Nazirliyinin xətti ilə Kərkiyə aparan «Volqa» maşın geri
qayıdarkən ermənilər  tərəfindən atəşə
tutuldu, maşına 17 yerdən güllə dəyməsinə baxmayaraq, çeviklik göstərib həmin
zabitləri sağ-salamat geri qaytara bilən sürücü Həsən Hüseyn oğlu Babayev
sonralar SSRİ prezidenti M.S.Qorbaçovun 9 oktyabr 1990-cı il tarixli fərmanı ilə
«Şəxsi igidliyə görə» ordeni ilə təltif olundu (bax: «Kommunist» qəzeti, 16
oktyabr 1990-cı il).

1989-cu il avqust ayının
24-də SSRİ xalq deputatı, Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş
direktoru, mərhum Tofiq İsmayılov  vertolyotla
Kərkiyə gəldi. Kərkidəki vəziyyəti (avtomaşınla ora getməyin mümkün olmadığını)
görəndən sonra elə həmin gün Kərkinin müdafiəçilərinə ərzaq, yanacaq və s.
daşımaq üçün  ayrıca bir vertol­yot  ayırdı, özü isə  təyyarədə Azərinformun  müxbirinə ürəkyanğısı  ilə, gözləri yaşarmış vəziyyətdə bu sözləri
dedi: «Kərki bizim olacaq. Bu, qəlbimizin göynəyən yeridir (bax: «Respublika» qəzeti,
3 noyabr 1990-cı il). 

Bir neçə ay da (1989-cu
ilin sonlarına qədər) Kərkinin müdafiəçilərinə 
həftədə bir-iki dəfə vertolyotla ərzaq daşındı.  Artıq xeyli müddət idi  qadınlar və uşaqlar kənddən çıxarılıb Sədərəkdə
və Şərurun kəndlərində yerləşdirilmişdi. 
Kərkidə yalnız könüllü müdafiə dəstələrinin üzvləri və rus hərbçiləri
qalmışdı. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrində Kərkidən hava xətti
ilə təcili xəbər yayıldı ki, silahlı ermənilər kəndə hər tərəfdən basqın ediblər,
kənd mühasirədədir, camaatı əsir tutub aparmaq istəyirlər.

Səhər saat 4-dən axşama
qədər atışma getsə də, müasir silahlarla silahlanmış saysız erməni döyüşçüləri
qarşısında Kərkinin müdafiəçiləri son damla qanlarına qədər vuruşmaq niyyətində
olsalar da, pulla ələ alınmış rus hərbçilərinin «daha sizin təhlükəsizliyinizi
qorumağa bizim gücümüz çatmır, təcili kəndi tərk etməsəniz hamınızı girov götürəcəklər»
xəbərdarlığından sonra onlar axşam qaranlıq düşənə yaxın bütün cığırları qarla
örtülmüş Cəhənnəmdərə-Qaraağac yolu ilə piyada, çox çətin vəziyyətdə özlərini Sədərəyə
çatdıra bildilər. Beləliklə, 1990-cı  il
yanvar ayının 15-də təkcə rus hərbçilərinin ixtiyarında qalan Kərki az sonra
ermənilərə təhvil verildi. Bu tarixi  həqiqət
Kərkinin işğalından 6 ay sonra  Bakıda
«Azərbaycan» qəzetində də etiraf olundu:

«Kərki kəndinin camaatı bir neçə il öz torpağını qorudu, amma kəndin
boşalmasına fitvanı rus qoşun hissələri verdi: -cəmi iki aydan sonra yenidən kəndə
qayıdacaqsınız, müvəqqəti yaşayış yerinizi dəyişmək, sizin təhlükəsizliyiniz
üçündür-dedilər» -(bax: «Azərbaycan» qəzeti, 1 iyun 1990-cı il,
19).

Neçə min illik
tarixi olan qədim Azərbaycan torpağı beləcə düşmən əlinə keçib süqut etdi.

VAQİF MƏMMƏDOV , Tarix üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyi
nin üzvü