ONN İnformasiya Agentliyi

KƏRKİ: İTİRİLMİŞ TORPAQLARIMIZ VƏ TARİXİ REALLIQLAR

KƏRKİ: İTİRİLMİŞ TORPAQLARIMIZ VƏ  TARİXİ  REALLIQLAR
11 Yanvar 2019 - 17:23

ONN media xəbər veri ki, bu yazını tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olmuş, şeirləri ilə qəlblərdə yaşayan mərhum  Vaqif Məmmədov Şərurun Kərki kəndinin işğalının 20 illiyi ərərfəsində yazıb. Kərki isə artıq 29 ildir ki, azad olacağı günü gözləyir.
Kəndin işğalının 29-cu ilin də həmin yazını oxuculara çatdırırıq.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Kərki  kəndinin  ermənilər tərəfindən işğal olunmasından 20 il ötsə də, hər qarışında qədim tariximizi yaşadan bu torpağın taleyi və işğal səbəblərinin tarixi kökləri kifayət qədər işıqlandırılmamış, bir çox hallarda isə mətbuatda bu haqda yanlış məlumatlar verilmişdir. Bu yanlışlıqların aradan qaldırılması və tarixi reallıqların göstərilməsi üçün müəyyən məqamlara yenidən nəzər salınmasına ehtiyac var.

            Naxçıvan Muxtar Respublikasının Şimal Qərbində, Sədərək kəndinin 8-10 kilometrliyində yerləşib, 960 hektara yaxın ərazini əhatə edən bu qədim yaşayış məskənində vaxtilə aşkar olunmuş nekropol, müdafiə istehkamları, daş qutu qəbrlər və s. maddi mədəniyyət nümunələri arxeoloqların fikrincə, eramızdan əvvəl III minilliyin sonu və II minilliyə aid edilir (bax:  Azərbaycan  Sovet  Ensiklopediyası.  V cild,  Bakı,  1981,

səh. 356;   Naxçıvan Ensiklopediyası. Bakı, 2002,   səh.233).

            Kərki kəndi ərazisindəki “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”, “Gavurqala”,  “Cəhənnəm dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”, “Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut bulağı” və s. toponimlər də bu torpağın qədim tarixindən xəbər verir.

            «Kərki» toponimi ilə  «Kərkük» sözü arasında da bir oxşarlıq, uyğunluq diqqəti cəlb edir. Bu iki söz arasındakı oxşarlıqdan və əlaqədən bəhs edən yazılara mətbuatda da rast gəlinir (bax: «Elm və həyat» jurnalı, 1985,  № 8,  səh. 26).

            Mahmud Kaşğarinin «Divani-lüğətit-türk» adlı kitabında «Kərkük» sözü «çökəklik», «dərə», «vadi» mənasında işlənmişdir. Maraqlıdır ki, indiki Kərki kəndinin 4-5 km şimali-şərqində Arazdəyən-Cermuk yolunun lap yaxınlığında xarabalıqları qalan  «Köhnə Kərki» 50-60  metrlik  dərənin dibində,  çökəklikdə yerləşirdi. Müasir İraqdakı Kərkük mahalı əhalisinin nə vaxtsa Azərbaycandan köçüb getdiyini bildiyimizdən, belə bir qənaətə gəlmək olar ki, bəlkə də həmin tayfalardan biri nə vaxtsa buralardan köçüb getmiş və «Kərkük» sözü «kərkiliyik»-«kərkiyik»-«kərkik»-«kərkük» şəklində yaranmışdır.

            Qədim tarixi olan  bu torpaqdakı yer adları, indiki yerli ləhcə xüsusiyyətləri, bir sıra əfsanələr və rəvayətlər də «Kərki-Kərkük» oxşarlığına marağı bir daha artırır.

            Kərki kəndinin  yaxınlığında «Sənəm zağası» adlı yerin bu günə qədər maraqla xatırlanması, Sənəm adlı qızın hansı əsrdəsə düşmən əlindən qaçıb aylarla bu zağada gizlənməsi və öz istəklisi tərəfindən burada tapılması haqqında əfsanə istər-istəməz aşağıdakı Kərkük bayatısını yada salır:

Sənəm,  sənsiz, Gəzərəm Sənəm, sənsiz, Harda bir qərib görsən Belə bil, mənəm sənsiz…

            Kərki kəndindən İrəvan çuxuruna tərəf böyük bir dağ silsiləsi uzanır və maraqlıdır ki, lap qədim zamanlardan yerli əhali tərəfindən  «Qızıldaş» adlandırılan və əsasən Azərbaycan ərazisində yerləşib lap qurtaracağı Ermənistanın Dəvəli (Ararat) rayonunun yaxınlığına çatan  həmin «Qızıldaş»  dağında son illərdə qızıl mədənləri olduğu aşkara çıxarıldı və Kərki əhalisi onda bildi ki, ulu babaları mənasız yerə bu dağa «Qızıldaş» adını verməyiblər. Bu bir Kərkük bayatısında da öz əksini belə tapıb:

Qurut göz yaşın, Kərkük, Altundur daşın, Kərkük, Birləş qardaşlarınla, Yüksələr başın, Kərkük…

            Bəlkə də, «Qızıldaş»ın ətəklərindən (Kərkidən) didərgin düşən, göz yaşını quruda bilməyib, «qardaşları ilə birləşmək» arzusu ilə yolları yoran tayfalar  elə yollarda yaradıb bu bayatını?…

            İngilis tarixçisi Stefan Lonriq «Müasir İraqın dörd əsri» kitabında yazır:

            «Şah İsmayıl Şirvanı  tutduqdan sonra türkmənləri birdəfəlik Naxçıvan yaxınlığındakı vuruşda darmadağın etdi» (bax: S.Lonriq. Müasir İraqın dörd əsri. Oksford. 1925, səh. 16).

            Kim bilir, bəlkə də yuxarıda qeyd olunduğu kimi Naxçıvanın 80-90 km-də yerlədən, dağların üzük qaşı kimi dövrəyə aldığı dərəli, təpəli, dağlı «Köhnə Kərki»nin də  qədim əhalisi sinəsinə dağ çəkilib İraqa qaçan tayfalardan biri olmuşdur, Kərkük bayatıları da onların acı taleyidir, yanıqlı nəğməyə dönüb, dillərə düşmüşdür?…

Dağlı Kərkük, Təpəli-dağlı Kərkük, Namərdlərin dağıyla Sinəsi  dağlı Kərkük…

            Kərkük türkmənlərindən olan İraqın böyük şairi Azərbaycan xalqının yaxın dostu Əbdüllətif Bəndəroğlunun aşağıdakı fikri də deyilənlər haqda daha dərindən düşünməyə bizə əsas verir       

            «Tarixə baxmış  olarsaq, elmi faktlar göstərir ki, biz məhz  Azərbaycan və Orta Asiyadan gəlib İraqda yerləşən oğuzlardanıq. Kökümüz-soyumuz birdir. Taleyin gərdişi elə gətirib ki, bir hissəmiz türk, bir hissəmiz azərbaycanlı,  digər hissəmiz isə türkman adlanır. Əslində hamımız eyni bir ananın övladıyıq. Bəlkə buna görə də İraq türkmənləri Azərbaycanı özlərinə vətən sayır, azərbaycanlıları da qan qohumları, bacı-qardaşları hesab edirlər» (bax: «Azərbaycan müəllimi» qəzeti, 16 iyun 1989-cu il).

            Azərbaycanın xəritəsində çox qəribə olsa da, Naxçıvan Muxtar Respublikasından kənarda (yuxarı hissədə), Ermənistan ərazisində kiçik bir ada kimi göstərilən bu kənd çox kiçik bir xətlə Azərbaycana (Sədərək ərazisinə) birləşdirilib. Tarixin sərt və haqsız sınaqları ilə üz-üzə qalan bu Azərbaycan torpağı beş addımlığındakı Azərbaycan ərazisinə söykənmək əvəzinə xəritələrdə tənha ada kimi Ermənistan ərazisində qalıbdır.

            Nədir bunun səbəbləri?

            Hələ Azərbaycan Demokratik Respublikasının yarandığı ilk dövrlərdən etibarən bir sıra iri imperialist dövlətlərinin Naxçıvan ərazisinə diş qıcayıb bu torpaqları ələ keçirməyə, Naxçıvanda öz hakimiyyətlərini qurmağa  səy etdikləri bir vaxtda xəyanətkar qonşumuz olan ermənilər də bu fürsəti əldən verməyib Naxçıvanı ələ keçirmək, öz ərazilərini Naxçıvan torpaqları hesabına genişləndirmək iddiasında oldular. Hətta 1919-cu ilin mart ayında işğalçılıq məqsədi ilə Naxçıvana gələn ingilislər də Şərur-Dərələyəz mahallarının və Naxçıvanın ermənilərə verilməsini tələb etdilər. Ancaq həmin vaxt Naxçıvan, Nehrəm, Şərur və Sədərək əhalisi layiqincə öz sözünü dedi.  Arxasında ingilis generalları duran erməni daşnakları isə Naxçıvan əhalisinin və əsas qərərgahı Sədərəkdə yerləşən, Abbasqulubəy Şadlinskinin başçılıq etdiyi “Qırmızı Tabor”un cəsur döyüşçülərinin öz doğma torpağına, doğma Azərbaycana bağlılığını görəndən sonra Naxçıvanın Ermənistana qatılması iddiasından əl çəkməyə məcbur oldular. Məhz belə bir vaxtda Azərbaycanda Sovet hakimiyyətinin qurulması yeni qurulmuş hökumətin bir sıra qonşu dövlətlərlə dostluq əlaqələri və digər diplomatik əlaqələr yaratması zərurətini doğurdu. Bu şəraitdə 1921-ci il martın 16-da Moskva şəhərində Türkiyə ilə RSFSR arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi imzalandı. Həmin müqavilənin 16-cı maddəsindən sonra başlanan 1-ci əlavənin “s” bəndində Naxçıvanın ərazisi aşağıdakı kimi göstərilmişdir:

            “Ararat stansiyası-Saraybulaq dağı (8071)-Kömürlü dağ (6839)-Səyyaddağ (7868)-Qurtqulaq kəndi-Kəmsur dağ (8160)-Kükü dağ (10282) və Şərqdən Naxçıvan qəzasının inzibati sərhəddi” (bax: Azərbaycan Respublikası Dövlət Arxivi. F.28, siy. 1, iş-67).

            Deməli, Moskva müqaviləsinə əsasən, Ermənistan tərəfdən Naxçıvanın sərhədi heç də Sədərəkdən və Arazdəyəndən yox, Sədərəkdən 25-30 km Ermənistana tərəf olan Ararat (Dəvəli) stansiyasından təstiq olunubmuş.

            1921-ci il oktyabr ayının 13-də Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqaviləsində də Azərbaycanın protektoratı altında Naxçıvan vilayətinin muxtar ərazi olmasına razılıq verilməklə Sədərək tərəfdən başlanan Naxçıvan sərhədinin Urmiyə kəndi-Arazdəyən stansiyası-Daşburun dağı-Cəhənnəmdərə- Bağırsaq dağı istiqamətindən keçməsi ilə qeyd edilir ki, (bax: Azərbaycan EA-nın «Tarix, fəlsəfə, hüquq» məcmuəsi, Bakı, № 1, 1990 səh. 78)  bu da haqqında bəhs etdiyimiz Kərki kəndi ərazisinin ada şəklində Ermənistan içərisində yox, Azərbaycan torpaqları daxilində mövcudluğunun sübutudur. Moskva və Qars müqavilələrində adı çəkilən, eyni zamanda Sədərəklə Kərki arasındakı ərazidə yerləşən “Bağırsaq dərəsi”, “Cəhənnəm dərə”, “Qaraağac”, “Qurdbaba”, həmçinin onlara yaxın olan “Kərkinin düzü”, “Həsənqulu bağı”, “Kaha”, “Bəzirxana”, “Qızıldaş”, “Köhnə Kərki” kimi yerlər də daim Azərbaycan ərazisi olmuşdur.

            Beləliklə, ermənilərin uzun illər boyu Moskvada, İrəvanda və Gürcüstanda apardıqları xəyanətkar siyasətin nəticəsi olaraq heç bir əsaslı səbəb olmadan, RSFSR-in və Türkiyənin iştirakı olmadan, Moskva və Qars müqavilələrinin iştirakçısı olan həmin dövlətlərlə razılaşdırılmadan hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin müqavilələri bağlayan dövlətlərin başı üstündən qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə (protokol №3) Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr və ya 65 min 700 hektar torpaq sahəsi Ermənistana verilmişdir. Heç bir səbəb göstərilmədən, əsassız şəkildə yuxarıdakı qərarla  Ermənistana verilən 9 kəndin (Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəc, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi) səbəbsiz Ermənistana verilməsi əvvəllər bir qədər gizli saxlanılsa da, sonralar yerli əhali tərəfindən müəyyən etirazlar olsa da, rəsmi orqanlarda, dövlət səviyyəsində bu haqda heç bir təşəbbüs göstərilməmiş, nəticədə azərbaycanlı əhali zaman- zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Zaman keçdikcə bu tarixi səhvin (bəlkə də xəyanətin) acı nəticələri tam aydınlığı ilə özünü göstərdiyindən, saxta qərarın qəbul edildiyi vaxtdan həmin səhv qərara  ilk rəsmi etiraz 61 il sonra 1990-cı ilin may ayında keçirilən 11-ci Çağırış Naxçıvan MSSR Ali Sovetinin on birinci sessiyasında göstərilmişdir. Həmin sessiyanın materiallarında deyilirdi:

“Naxçıvan ərazisinin müəyyən hissəsinin Ermənistan SSR-ə verilməsi barədə Zaqfederasiya MİK Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli qərarı qanunauyğun olmadığına görə Naxçıvan MSSR-in haqqı vardır ki, Qars müqaviləsini rəhbər tutaraq muxtar respublikadan qeyri-qanuni alınmış 657 kvadrat kilometr sahənin geri qaytarılmasını tələb etsin və onun suverenliyi və ərazi bütövlüyü sahəsində yol verilmiş ədalətsizliyi bərpa etsin”( bax: «Şərq qapısı» qəzeti,  1 may  1990-cı il).

Tarixi səhvin düzəldilməsi üçün 61 ildən sonra irəli sürülən təşəbbüs elə bir vaxta düşmüşdü ki, yenə Naxçıvanın başı üstünü qara bir qüvvə kimi erməni təhlükəsi  almışdı, 3-4 ay əvvəl Bakıda Qanlı Yanvar hadisəsi baş vermişdi, Sədərəyə və Naxçıvanın digər sərhəd bölgələrinə ermənilərin ilk hücumları  olmuşdu. Qarabağ faciəsi günü-gündən genişlənməkdə idi. Elə buna görə də irəli sürülən bu təşəbbüs həyata keçirilmədi və bir çox qərarlar kimi kağız üzərində də qaldı.

       1929-cu ildə Naxçıvan torpaqlarının xeyli hissəsinin qanunsuz olaraq Ermənistana verilməsi xəyanəti azlıq edirmiş kimi, ermənilər yenə də öz məkrli niyyətlərini davam etdirməkdə, Azərbaycan torpaqlarına tərəf qarış-qarış, addım-addım irəliləməkdə idilər. Həmin məkrli niyyətin bir hissəsi (o cümlədən Kərki ətrafındakı torpaqların ermənilərə verilməsi) də ətrafına xəyanətkar erməniləri toplayıb onların məsləhəti ilə işləyən Mircəfər Bağırovun Azərbaycana rəhbərliyi dövründə reallaşdı.

            Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi xalqdan gizli olaraq Ermənistana verildi. Ən dəhşətlisi odur ki, Kərki torpaqlarının Ermənistana verilməsi haqda protokola Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi adından iki erməni -Azərbaycan MİK-in «məsul işçiləri»-Qadakçiyan və İsaxiyan qol çəkdilər (bax: «Şərq qapısı» qəzeti, 29 noyabr 1990-cı il). Yerli əhali arasında açıq narazılıqlar yaranmasının qarşısını almaq, həmçinin yerli əhalinin hamısının azərbaycanlı olması nəzərə alınaraq və məsələnin sakitliklə həll olunması məqsədi ilə ermənilər təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində saxlamaqla, kənd ətrafındakı 900 hektardan artıq bir ərazini, o cümlədən «Kərkinin düzü», «Həsənqulu bağı», «Bağırsaq dərə», «Qaraağac», «Bəzirxana», «Köhnə Kərki», «Dem», «Nabat bulağı», «Qızıl daş», «Ağıldərə» və s. kimi onlarla türk mənşəli toponimi özündə yaşadan ərazilər (dairəvi şəkildə Kərkinin bütün ətraf torpaqları) əsassız, saxta sənədlə Ermənistana verilməklə, Kərki kəndi Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşdü. Ancaq erməni əli ilə imzalanmış qeyd olunan qərarla rəsmiləşdirilmiş torpaq sövdələşməsini xalqa çatdırmağa o vaxtkı Azərbaycan rəhbərliyinin, həmin torpaqlara birdən-birə yiyələnib oranı əkib-becərməyə isə ermənilərin cəsarəti çatmadığından, bu torpaqları 1941-1945-ci illər və sonrakı onilliklər ərzində də Sədərək və Kərki əhalisi əkib becərir, əllərindəki saxta sənədi işə keçirə bilməyən ermənilər isə məkrli yollar düşünür, öz çirkin niyyətləri üçün fürsət və məqam axtarırdılar.

            1969-cu il may ayının 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti «Ermənistan SSR ilə sərhədlər barədə» yeni bir qərar qəbul etdi. Həmin qərara əsasən, Naxçıvan MSSR ərazisində 191,1 hektar əkinə yararlı torpaq sahəsi alınıb Ermənistana verilməli, əvəzində isə Ermənistanın dağlıq və əkinə yararsız ərazisindən 319,5 hektar sahə isə (guya yaylaq məqsədilə istifadə etmək üçün) Naxçıvan MSSR-ə verilməli idi. Bu qərar da dolayısı ilə Kərki torpaqlarının Ermənistana verilməsi haqda 1938-ci il 5 may tarixli qərarın reallaşmasına xidmət edirdi.

            Bu qərarın qəbul edilməsindən 2-3 ay sonra Azərbaycan KP MK-ya birinci katib seçilən Heydər Əliyev həmin qərarın mahiyyətini tam dolğunluğu ilə bildiyindən, o, Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində həmin saxta, xalqın mənafeyinə zidd qərarın həyata keçirilməsinə imkan vermədi. Həmin əhvalatdan 20 il sonra bu məsələ ilə əlaqədar müsahibələrinin birində Heydər Əliyev jurnalistin sualını belə cavablandırırdı:

        -«Birinci katib seçiləndən bir ay sonra, 1969-cu ilin sentyabrında Ermənistan KP-nin birinci katibi Anton Koçinyana zəng edib onunla görüşmək istədiyimi bildirdim. Görüşümüz Qazax rayonu ilə İcevan rayonu sərhəddində oldu. Mən məsələni qəti qoydum və Koçinyana təklif etdim ki, Ermənistandan milllətçi adamları öz ərazi iddialarından çəkindirmək üçün əməli, konkret işlər görsün. Zənnimcə, o görüşümüz səmərəli oldu. Çünki sonrakı dövrlərdə respublikalarımız arasında bizi narahat edən hadisələr baş vermədi.

Ümumiyyətlə, torpaqlar haqqında sualınıza belə cavab verə bilərəm ki, 1969-cu il iyulun 14-dən 1982-ci ilin dekabrın 3-ə kimi Azərbaycan KP MK-nın birinci katibi olmuşam. Bu müddətdə Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilməyib. Bu faktdır. Baxmayaraq ki, Ermənistan tərəfindən ayrı-ayrı yollarla torpaqların alınmasına cəhdlər olurdu, lakin mən bunların qarşısını həmişə almışam» (bax: «Ulduz» jurnalı, 1990, № 6, səh. 71-72).

Heydər Əliyev Moskvaya işləməyə gedəndən 2-3 il sonra hər iki respublika MK-sı birinci katibləri Kamran Bağırovun və Karen Dəmirsiyanın Ermənistanla Azərbaycan sərhəddində görüşləri keçirildi. Onlar hansı şərtlərləsə razılığa gəldilər. Bundan az sonra isə bir çox rayon icraiyyə komitələrinin sədrləri, yer quruluşçuları və təsərrüfat rəhbərləri idarə möhürlərini də özləri ilə götürmək şərti ilə Bakıya çağırıldılar, bir çox protokollar imzalanıb möhürləndi… Beləliklə, Kərki kəndi də quyuya atılmış bir daş kimi ada şəklində Ermənistan ərazisində qaldı.

Ermənilərin Kərki ətrafındakı məkrli niyyətləri müxtəlif zamanlarda fərqli üsullarla ortaya çıxırdı. Belə üsullardan ötən əsrin 50-60-cı illərində baş verən bəzi hadisələri də yada salmaq yerinə düşərdi. Ötən əsrin 50-ci illərinin ortalarında Sədərəkdən Kərkiyə asfalt yol olmadığından eyni təsərrüfatda birləşən bu iki kəndi «Cin təndiri»-«Qırmızı yokkuş»-«Kərkinin düzü» istiqamətindən gedən çox darısqal və çətin dağ yolu birləşdirirdi. Ermənilər isə Cermuka, Sisyana və digər yerlərə getmək üçün Arazdəyən-Sədərək-Şərur yolu ilə gəlib Arpaçayın sahili boyunca keçib Danzik kəndindən, ya da Naxçıvan-Şahbuz yolu ilə gedib Sisyan-Cermuk yoluna çıxmalı idilər. Sədərəkdən Kərkiyə gedən dağ yolu 8-10 kilometr, Arazdəyəndən Cermuka gələn yol isə (Şərurdan gedən dağ yolu ilə) 150-200 kilometr olardı. Kərki ərazisindən təzə yol salmaq şərti ilə həmin yolu yarı-yarıya 90-100 kilometr qısaltmaq mümkün idi. Ancaq Kərki ətrafı 960 hektar ərazi xəritə üzrə Azərbaycana məxsus olduğundan, ermənilərin həmin ərazidən yol salmaq imkanı yox idi. Buna görə də ermənilər nə yollasa Kərki, Sədərək, yaxud Şərur  Noraşen, sonralar İliç rayon rəhbərliyi ilə razılaşmağa məcbur idi. Çünki Kərki Sədərəklə eyni sovetlikdə olub, Şərur rayonuna tabe idi. Ermənilərin bu niyyətləri əhali tərəfindən yaxşı qarşılanmasa da, bir müddət sonra (50-ci illərin ortalarında) onlar «yuxarıdakı» hansı qüvvənin təsiri iləsə gözdən pərdə asmaq məqsədi ilə Şərur rayon bangına 16 min manat pul keçirərək (bax: «İki sahil» qəzeti, 10 yanvar 1998, № 3 (2052) həmin yolu çəkdilər və bizimkilərə də «təsəlli» verdilər ki, siz də Kərkiyə dağ yolu ilə yox, Azərbaycandan çəkilən həmin asvalt yola gedib gələcəksiniz… Beləliklə, 8 kilometrlik Sədərək-Kərki yolu 12 km, 150-200 km-lik Arazdəyən-Cermuk yolu isə 90-100 km oldu.

Ermənilər bu yolu salandan sonra onların qarşısında Kərki ətrafından Azərbaycan əhalisini seyrəltmək və həmin ərazilərdə öz mövqelərini möhkəmlətmək dururdu. Çünki Kərki Sədərək üçün böyük dayaq idi. Hələ sovet quruluşundan da əvvəl yay aylarında Sədərəkdən at, öküz və qəflə-qatırla Əyricə, Yal yurd, Çınqıl yurd, Nimçə bulağı kimi yaylaqlara gedən qırxa yaxın obanın ilk düşərgəsi «Kərkinin düzü» adlı ərazi olurdu. Gözəl təbiətinə və coğrafi mövqeyinə görə yerli əhali dağların dövrələdiyi bu geniş düzəngah yeri «yarımyaylaq» adlandırırdı. XIX əsrin ortalarında sədərəkli aşıq Əli Xanxanım oğlu da nə vaxtsa burda çadır qurub bir neçə gün qalmış və bu yerin adını öz məşhur şeirinin bir bəndində aşağıdakı kimi əbədiləşdirmişdi:

Hamıdan göyçəkdir əmimin qızı, Elə bir doğubdu bir dan ulduzu. Səndən xəbər alım «Kərkinin düzü», Aşan yollar yar yanına gedirmi?

                    (bax: «İki sahil» qəzeti, 13 yanvar 1998, № 4 (2053)

50-ci illərin ortalarında ermənilərin çəkdiyi Arazdəyən-Cermuk asfalt yolu «Kərkinin düzü»ndən keçirdi. 60-cı illərin əvvəllərində Eçmiədzin («Üç müəzzin») keşişi Vahanın qardaşı oğlu, çox millətçi və şovinist şair Paruyr Sevak valideynlərinin  yaşadığı, Kərkidən yuxarıda yerləşən Çanaqçı (Sovetaşen) kəndindən gəlib İrəvana gedərkən həmin «Kərkinin düzü» adlı ərazidə maşın qəzasından öldü. Onun qəza nəticəsində ölümü  xəbəri bütün Ermənistana yayıldı. Elə qəza yerində keçirilən matəm mitinqində çıxış edən ermənilər bu fürsəti də əldən verməyərək qəzada ölən şairlərinin erməni milləti üçün «xidmətlərindən» danışdılar və tezlikdə elə qəza yerindəcə onun xatirəsini əbədiləşdirəcəklərinə, həmin yerdə abidə ucaldacaqlarına söz verdilər. Deyilən kimi də oldu. Hələ millətçi  şairin  qırxı çıxmamış qəza yerində qara mərmər başdaşı qoyuldu, simvolik qəbr düzəldildi, qəbrin ətrafında 3-4 dəmir stul düzəldildi ki, tez-tez onun «xatirəsini» yad etməyə gələnlər rahat oturub badələrini vura bilsinlər…

Az sonra qəbr ətrafında bir taxta domik qoyuldu, sonra bir beton dam, sonra kiçik bir qonaq evi, sonra restoran, otel,  yaşayış evləri, xəstəxana, məktəb və s. beləcə 15-20 ilin içərisində böyük bir qəsəbə salıb adını da  (Paruyr Sevakin adı ilə)  qoydular Sevakavan.  Kərki ilə Sədərək arasında, «Kərkinin düzü» deyilən yerdə xeyli yüksəklikdə siyrilmiş qılınc kimi duran həmin qəsəbədən 1990-cı illər hadisələri zamanı Sədərək kəndi üzərinə nə qədər od-alov yağdırıldı, bunu yerli əhali yaxşı bilir…

90-cı illər hadisələrindən bir qədər əvvələ qayıdıb bəzi ciddi məqamlara nəzər salmaq da tarixi reallıqların üzə çıxarılması baxımından əhəmiyyət kəsb edir.

1989-cu il mart  ayının sonlarında Sədərək kəndinin Şimalında yerləşən 94 hektarlıq «Həsənqulu bağı»nda  ermənilərin şum aparması haqda kəndə xəbər gəldi. Sədərəklilər bir nəfər kimi ayağa qalxıb bu hadisənin qarşısını aldı. Ancaq «yuxarıdan» «məsul yoldaşlar»  gəlib yerli əhalinin bu hərəkətini pislədi, hətta yerli ziyalıların bir çoxuna təzyiqlər etməklə, kənd əhalisini səbrli, təmkinli olmağa çağırdılar. Bu səbrin nəticəsində isə üstünə sanki, çiçəkdən ağ yaylıq çəkilmiş ərik ağacları erməni buldozerlərinin tapdağı altında yerlə yeksan edildi. Həmin səhnə Azərbaycan KP MK-nın ən mötəbər mətbuat orqanı olan «Kommunist» qəzetində də öz əksini tapdı:

«Həsənqulu bağı»ndan ensiz dərə aşağı kiçik çay axır – Çapan çayı… Beş-on gün əvvəl bu dağ çayının sahili boyunca ərik ağacları sıralanırdı. İndi kökündən çıxarılmış ağaclar böyrü üstədir» (bax: «Kommunist» qəzeti, 29 aprel 1989-cu il).

«Həsənqulu bağı»nın ərik bağlarının tumurcuqları çiçəkləyəndə kreslo hərisi olan o vaxtkı vəzifəlilərimiz Sədərək çayxanalarında oturub yerli  əhalini səbrə, təmkinə çağıranda vəhşi ermənilərin saysız buldozerləri «Həsənqulu bağı»nı, Əjdəkan dağının arxasından başlayıb «Kərkinin düzü»nə qədər olan bütün sahələri şumlayıb yerlə yeksan etdi. Sədərək əhalisi yenidən ayağa qalxdı zor gücünə erməniləri elə günə saldı ki, onlar şumu da, iş alətlərini də, hətta traktorlarını da atıb qaçdılar. Ancaq çox qısa vaxtda Bakıya xəbər çatdı ki, Sədərək yaxınlığında «milli zəmində» toqquşma baş verib. 1989-cu il mayın əvvəllərində respublika mətbuatında Azərinformun aşağıdakı bəyanatı yayıldı:

«Neçə vaxtdır ki, respublikada biri digərindən cəfəng şayiələr gəzir ki, guya Azərbaycan SSR İliç (indiki Şərur-V.M) rayonunun və Ermənistan SSR Ararat rayonunun sakinləri arasında ərazi mübahisəsi ilə əlaqədar toqquşmalar olub, bunun nəticəsində  də Sədərək kəndində və digər sərhədyanı yaşayış məntəqələrində adamlara xəsarət dəyib, həlak olanlar var,  kənd təsərrüfatı  texnikası  dağılıb. Qeyd olunan məsələlərin araşdırılması  üçün Azərbaycan  SSR Ali Soveti  Rəyasət heyətinin, Ədliyyə Nazirliyinin məsul işçilərindən, alimlərdən, KİV nümayəndələrindən ibarət mötəbər komissiya yaradılmış və Naxçıvan MSSR-in Ermənistanla həmsərhəd  rayonuna göndərilmişdir…»

Təəssüf ki, həmin «mötəbər komissiya» da Sədərək əhalisini borclu çıxardı  və həmin komissiyanın sədri, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti hüquq şöbəsinin o vaxtkı müdiri   A.H. İbrahimov Azərinform müxbirinin sualına aşağıdakı kimi:

«Bəri başdan deyim ki, bütün bu şayiələrin heç bir əsası yoxdur. Sərhədyanı zonada millətlərarası  zəmin əsasında heç bir münaqişə və toqquşma olmayıb. Sədərək kəndində nələr baş verdiyini axıradək dərk etmək üçün tarixi yada salmaq lazımdır»-

cavab verərək, tarixi də aşağıdakı kimi yada salıb fikrini belə  yekunlaşdırdı:

«Ümumi sahəsi təqribən 100 hektar olan «Həsənqulu bağı» torpaq sahəsində də belə əhvalat baş vermişdir. Bu bağ Ermənistan SSR Ararat rayonu ərazisində yerləşsə də (A.İbrahimov o vaxt şəxsən hadisə yerinə gəlsəydi görərdi ki, «Həsənqulu bağı» Sədərəyin 1-2 kilometrliyində, Ararat rayonunun isə 25-30 kilometrliyində yerləşir. -V.M.) illər uzunu ondan Sədərək sakinləri istifadə edirdilər.

Həmin sahənin hüquqi sahiblərinin, yəni Ermənistan SSR Ararat rayonu  melioratorlarının martın axırında başladıqları təsərrüfat işləri sədərəklilərin narazılığına səbəb olmuşdur. Axırda bir daha qeyd etmək istəyirik ki, vilayət və rayon  orqanları sərhədyanı rayonda gərginliyin  aradan  qalxması, şayiələrə və dedi-qodulara son qoyulması üçün böyük təşkilati-siyasi  iş və  təşviqat-təbliğat işi aparmışlar» (bax: «İşıqlı yol» qəzeti, 4 may 1989-cu il).

 Çox təəssüf ki, bizimkilərin başı əhali arasında «təşviqat-təbliğat» işinə qarışanda elə  həmin vaxtdan düz ikicə ay sonra ermənilər Kərki ilə Sədərək arasında avtomobil  yolunu açıq şəkildə bağladılar və 1989-cu il iyul ayının 16-da Azərbaycanın Kərki kəndindən Sədərəyə köçməli olan  gəlin bir gün sonra  iyulun 17-də hərbçilərin  müşayiəti ilə köçdü.  Həmin vəziyyəti o vaxtlar  çap olunan şeirimin  bir bəndində  belə təsvir etmişdim:

«Vağzalı» çalınmır bu necə işdi? Bu toyda məsləhət, söz keçir indi. Xalqın tarixinə gör nələr düşdü- Hərbi maşın ilə qız köçür indi…

      (bax: Vaqif Məmmədov. Sədərək harayı. Bakı, ATM, 1994,. səh. 69).

Kərkiyə ermənilərin təzyiqi də, özümüzünkülərin soyuq münasibəti də 1989-cu ildən də xeyli əvvəl başlanmışdı.  Ötən əsrin 50-ci illərində yuxarıda bəhs olunan asfalt yol salınanda, 60 -cı illərdə maşın qəzasında ölən erməni şairinin xatirəsinə Azərbaycan torpağında qəsəbə salınanda,  xain ermənilərin əli ilə Kərki ətrafındakı müqəddəs Tejgar dağının fotosu o dövrün ən sanballı  mənbələrindən sayılan Azərbaycan Sovet Ensiklopediyasında «Ermənistan SSR Yexeqnadzor rayonunda dağ mənzərəsi» kimi veriləndə (bax: Azərbaycan Sovet Ensiklopediyası.  IV cild, Bakı, 1980,. səh. 80), 80-ci illərin  əvvəllərindən başlayaraq (hələ Qarabağ hadisələrindən  əvvəl) gecələr Arazdəyən-Cermuk yolu ilə keçən sərxoş ermənilər arabir Kərkini atəşə tutub keçəndə yerli əhali nə qədər məlumatlar versə də, o vaxtkı rəhbərlərimizin laqeydliyi günü-gündən vəziyyəti gərginləşdirirdi.  Bu azmış kimi, Kərki həm də özümüzünkülər tərəfindən unudulmuş və sosial qayğılardan tam kənarda qalan bir yaşayış məntəqəsinə çevrilmişdi. Təvazökarlıqdan uzaq olsa da, 22 il əvvəl 1988-ci ilin iyul ayında Kərki haqda yazıb mətbuatda çap etdirdiyim məqalədən kiçik bir abzası yada salmaqla Kərkinin o dövrdəki  vəziyyətini təsvir etməyə ehtiyac duyuram:

«Acınacaqlı olsa da, faktdır ki, kərkililərin böyük əksəriyyəti uzun illərdir  heç yerdə işləmir.  Əhali arasında iş-güc , dolanışıq ucbatından  kəndi qoyub harasa köçüb getmək  haqqında danılıqlar gedir.

Günahlandırmağa  çox da haqqımız yoxdur onları. XXI əsrə keçməyimizə lap az qalır. Kərki kəndində adi daimi  kino qurğusu yoxdur. 350 nəfərə yaxın əhalisi olan ucqar bir kənddən nə rayon mərkəzinə, nə də Sədərək kəndinə heç bir marşrut işləmir, xəstəxana yoxdur, çörəkxana yoxdur, hamam yoxdur, ümumiyyətlə, məişət xidməti obyektlərinin siyahısını tutsaq, heç bir  tərəddüd etmədən hamısının qarşısına bir kəlmə «yoxdur» sözünü yazarıq (bax:«İşıqlı yol» qəzeti, 28 iyul 1988-ci il;  «Şərq qapısı» qəzeti, 22 sentyabr 1988-ci il ).

Yerli əhalinin tələblərindən, mətbuatdakı bu və ya digər çıxışlardan sonra 1989-cu il aprel ayının 25-də Naxçıvan MSSR Nazirlər Soveti «İliç rayonunun Kərki kəndinin sosial -iqtisadi inkişafı haqqında» 8 maddədən ibarət xüsusi qərar (Qərar № 115) qəbul etdisə də, artıq gec idi və hadisələr gərginləşib kulminasiya nöqtəsinə çatmışdı. Çünki daha  saqqallı ermənilər Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən hər axşam Sədərəkdən  Kərkiyə «Qaraağac-Cəhənnəmdərə» yolu ilə  yük maşını ilə, bəzən də piyada 30-40 nəfər könüllü müdafiəçi  gedir, gecəni səhərə  kərkililərlə birlikdə kəndin  keşiyini çəkir, səhər geri qayıdırdılar. Sonralar həmin könüllülərə Şərurdan və Naxçıvandan gələn könüllülər də qoşuldular. Ancaq bu da çox davam etmədi, Kərki ilə Sədərək arasında əlaqə  tam kəsildi, kərkinin müdafiəçilərinə  ərzaq və digər sursat çatdırmaq da problemə çevrildi. Hətta 1989-cu il sentyabrın 28-də SSRİ Daxili Qoşunlarının üç zabitini (polkovnik E.Parasuxini, mayorlar S. Tixomirovu və V. Laptevi) Kərkidəki vəziyyətlə tanış  olmaq üçün Naxçıvan MSSR Daxili İşlər Nazirliyinin xətti ilə Kərkiyə aparan «Volqa» maşın geri qayıdarkən ermənilər  tərəfindən atəşə tutuldu, maşına 17 yerdən güllə dəyməsinə baxmayaraq, çeviklik göstərib həmin zabitləri sağ-salamat geri qaytara bilən sürücü Həsən Hüseyn oğlu Babayev sonralar SSRİ prezidenti M.S.Qorbaçovun 9 oktyabr 1990-cı il tarixli fərmanı ilə «Şəxsi igidliyə görə» ordeni ilə təltif olundu (bax: «Kommunist» qəzeti, 16 oktyabr 1990-cı il).

1989-cu il avqust ayının 24-də SSRİ xalq deputatı, Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş direktoru, mərhum Tofiq İsmayılov  vertolyotla Kərkiyə gəldi. Kərkidəki vəziyyəti (avtomaşınla ora getməyin mümkün olmadığını) görəndən sonra elə həmin gün Kərkinin müdafiəçilərinə ərzaq, yanacaq və s. daşımaq üçün  ayrıca bir vertol­yot  ayırdı, özü isə  təyyarədə Azərinformun  müxbirinə ürəkyanğısı  ilə, gözləri yaşarmış vəziyyətdə bu sözləri dedi: «Kərki bizim olacaq. Bu, qəlbimizin göynəyən yeridir (bax: «Respublika» qəzeti, 3 noyabr 1990-cı il). 

Bir neçə ay da (1989-cu ilin sonlarına qədər) Kərkinin müdafiəçilərinə  həftədə bir-iki dəfə vertolyotla ərzaq daşındı.  Artıq xeyli müddət idi  qadınlar və uşaqlar kənddən çıxarılıb Sədərəkdə və Şərurun kəndlərində yerləşdirilmişdi.  Kərkidə yalnız könüllü müdafiə dəstələrinin üzvləri və rus hərbçiləri qalmışdı. 1990-cı il yanvarın 15-də səhər saat 4 radələrində Kərkidən hava xətti ilə təcili xəbər yayıldı ki, silahlı ermənilər kəndə hər tərəfdən basqın ediblər, kənd mühasirədədir, camaatı əsir tutub aparmaq istəyirlər.

Səhər saat 4-dən axşama qədər atışma getsə də, müasir silahlarla silahlanmış saysız erməni döyüşçüləri qarşısında Kərkinin müdafiəçiləri son damla qanlarına qədər vuruşmaq niyyətində olsalar da, pulla ələ alınmış rus hərbçilərinin «daha sizin təhlükəsizliyinizi qorumağa bizim gücümüz çatmır, təcili kəndi tərk etməsəniz hamınızı girov götürəcəklər» xəbərdarlığından sonra onlar axşam qaranlıq düşənə yaxın bütün cığırları qarla örtülmüş Cəhənnəmdərə-Qaraağac yolu ilə piyada, çox çətin vəziyyətdə özlərini Sədərəyə çatdıra bildilər. Beləliklə, 1990-cı  il yanvar ayının 15-də təkcə rus hərbçilərinin ixtiyarında qalan Kərki az sonra ermənilərə təhvil verildi. Bu tarixi  həqiqət Kərkinin işğalından 6 ay sonra  Bakıda «Azərbaycan» qəzetində də etiraf olundu:

«Kərki kəndinin camaatı bir neçə il öz torpağını qorudu, amma kəndin boşalmasına fitvanı rus qoşun hissələri verdi: -cəmi iki aydan sonra yenidən kəndə qayıdacaqsınız, müvəqqəti yaşayış yerinizi dəyişmək, sizin təhlükəsizliyiniz üçündür-dedilər» -(bax: «Azərbaycan» qəzeti, 1 iyun 1990-cı il, 19).

Neçə min illik tarixi olan qədim Azərbaycan torpağı beləcə düşmən əlinə keçib süqut etdi.

VAQİF MƏMMƏDOV , Tarix üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png