ONN İnformasiya Agentliyi

Türkün Dədə yurdundakı Dədə Qorqud

Türkün Dədə yurdundakı Dədə Qorqud
29 Noyabr 2018 - 15:35

… 7 yurd qurub, 7 ocaq yandırdı. Eli başına yığdı Qorqud Ata– Dədə Qorqud. Ulu türk ellərinin ulu qəhrəmanı haqqında yazılanlar, bu günümüzə qədər gəlib çıxan hər cümlə əslində türk ulusunun, türk elinin, türklərin tarixi, mədəniyyəti, coğrafiyası kimi mühüm mənbədir. Nə yaxşı ki, ən əvvəl Dədəmiz Qorqud haqqında özümüz daş kitabələrə yazdıq. Törənimizi pozanların içərisində yaşayıb yaradan dəyərli alimlər də oldu ki, türk yazısını, türk tarixinı, mədəniyyətlərinə ,öz kitablarına köçürdülər. Elxanilərin saray həkimi və vəziri olmuş Fəzlullah Rəşidəddin, XIV əsrin əvvəllərində “Öğuznamə” əsərində yazırdı ki, Qorqud çox uzun ömür sürüb. Digər bir bir Şərq tarixçi alimi Şeybanilər nəslindən olan Əbilqazi Bahadır xan da “Türklərin səcərəsi” adlı əsərində yazırdı ki, Qorqud 5 xanın vəziri olub. F.Rəşidəddinin və Əbül-Qazi Bahadır xanın “Oğuznamə”lərində əks olunan el ağsaqqalı, müdrik şəxs olan Dədə Qorqud, dastanda, demək olar ki, bütün boylarda iştirak edir, öz ağıllı məsləhətləri ilə Oğuza yol göstərərək ən çətin anlarda belə ona mənəvi dayaq olur. Oğuz elinin başçıları həm toyda, həm yasda, həm də düşmən tərəfindən basqıya məruz qaldıqda onun müdrikliyinə ehtiyac duymuşlar. Dastanda Dədə Qorqud simasında Oğuz elinin düşünən beyni, müdrik el ağsaqqalının obrazı ümumiləşdirilmişdir. Qazan xan başda olmaqla tərəfdarları simasında isə xalqın qəhrəmanlıq tarixi öz əksini tapmışdır. Qorqudun Sırdərya ərazisində yaşadığı zamanlarda ərazilərə Dəşti Kıpçaq da deyiblər. O zaman bu tayfalar və Qorqud tayfası hələ müsəlmançılığı qəbul etməmişdilər.

Uzaq-uzaq əsrlərdən, qərinələrdən, illərdən bəri daş kitabələri sındırılıb pozulsa da, ruhları sınmayan türklər qədim əcdadlarını hər zaman nəsilbə nəsil yaddaşlardan- yaddaşlara ötürdülər. Dədə Qorqud da dünyada yaşayan bütün türklərin mifik atası kimi, ağsaqqalı kimi abidələşdi. Bu günümüzə qədər gəlib çıxan yazılı

ədəbiyyatlarda, mənbələrdə Qorqudu belə xarakterizə edirdilər. O Qazaxıstanın Qızıl Orda şəhərindən keçən Sırdərya çayının sahillərində VIII-IX əsrlərdə doğulub və yaşayıb , qobuzun da ilk yaradıcısı Qorqud ata olub. O həm musiqi qoşub, həm də aşıq kimi nəğmələr söyləyib. Türk soylarının Izın tayfasından olan Qorqudun anası qıpçaq qızı idi. Atasını adı Karakoja (Qaraxoca) olub.

Türk ellərinin bu ağsaqqalı haqqında çox rəvayətlər gəzir.Onu da deyirlər ki, bir dəfə mələklər yuxusuna gələrək, ona belə deyirlər: “ Bir ağac parçasını götürüb, inək dərisinə bürü, sonra, öz atının quyruğunun tüklərindən o ağac parçasına bərkit”. Çox gənc yaşlarında bu yuxunun təsirindən ayılan Qorqud yuxuda gördüklərini edir, ilk qopuzu yaradır. Barmaqlarını əlindəki təzə alətin üzərinə çəkəndə ətrafa heyrətamiz bir səs yayılır. O gündən Dədə Qorqud o qobuzundan ayrılmır.

Belə rəvayət edirlər ki, Qorqud dünyaya gələn də də təbiət öz möcüzəsini göstərir. O doğulan gün Günəş tutulması baş verir, birdən birə dünya qaranlığa bürünür, tufanla birlikdə yağış yağır, şimşəklər əsir, ildırımlar çaxır. İnsanlar yaman qorxuya düşürlər. Qorqud ana bətnindən azad olan kimi bütün bu tufanlar dayanır. Hər yer işığa bürünür. Türk ekində xüsusi hörmət malik olan Dədə, Ata Qorqudun dünyaya gəlişini el içində belə rəvayət edirlər. “O dünyaya gəlməmişdən əvvəl hər yer qaranlığa, tufana büründü, o bizi qorxutdu. Biz “QORXDUQ” və ya “KORKTIQ”. Beləcə , bir “QORQUD” adı yaranır, yeni dünyaya gələn oğlanı Qorqud çağırırlar.

Qorqud dədəmiz deyirdi ki, nə olursa olsun, adamlar insani keyfiyyətlərini itirməməlidirlər. İnsan üçün ən böyük faciə mənəviyyatın itirilməsidir. “ Qapısıni qonaq açmayan evin başına uçsun, atının yemədiyi yerdə otun bitməsin; suyundan içirmirsən, axar suların qurusun; atasına şərəf gətirməyən oğlun doğulmasın”, “İnsan nə qədər istəsə də, bacardığından artıq yeyə bilməyəcək”. – deyən Qorqud əslində bu öyüdləri ilə türkləri birliyə çağırırdı. Dünyanı addım-addım dolaşıb , türk ellərində gəzən Qorqud dədmiz belə bir vəsiyyət də etmişdi ki, insan üçün ən gözəl yer Vətənidir, yurdudur.

Bəzən Qorquda mif, nağıl qəhrəmanı da deyənlər tapılır. Lakin o mifoloji bir qəhrəman olsaydı, yəqin ki, qobuzunda bəstələdiyi 20-yə yaxın mahnı və musiqi çələngindən bu günümüzə qədər 11-i lentə alınmazdı. Qazaxıstan Dövləti onun bu musiqilərini əbədiləşdirə bilib. Hətta 2015-ci ildə UNESKOnun “Mədəni İrs” layihəsi çərçivəsində dünyanın bir çox ölkələrində “Qorqud Ata” adlı elmi simpoziumlar keçirərək, onun musiqilərini, irsini dünyaya yaydılar. Dədəmiz Qorqud əlinfdə qobız türk elllərini gəzirdi. Hər zaman təbiətlə harmoniyada idi. Yəqin ki, təbiət qoynunda kaman, tar, saz havasını dinləmisiniz. Təbitələ harmoniyada olanda həmin musiqi alətlərindən gələn səsin də ahəngi tamam başqa olur. İnsan eşqlənir, havalanır, Tanrıya yetişmək istəyir, haqqa tapınır. Belə anlarda hiss edirsən ki, könül dünyan oxuyur, gəncləşirsən. Qədim kirtablarda da Korkut Atanın qobuza bağlılığını təbiətlə bağlılıqdan ayırmırlar. Çünki insan təbiətə inananda, sığınanda daha güclü, daha yenilməz olur. Hətta uzunömürlülüyün sirrini də təbiətlə harmoniyaya bağlayanlar var. Deyilənlərə görə Dədə Qorqudun 95 il, bəzi mənbələrdə isə 193 və ya 400 il yaşadığı iddia olunur.

O da məlumdur ki, “Kitabi-Dədə Qorqud” dastanıın “Təpəgöz” boyu 1815-ci ildə alman şərqşünas alimi, Prussiyanın İstanbuldakı səlahiyyətli nümayəndəsi , səfiri ,görkəmli tərcüməçi Henrix Fridrix fon Dits (1784-1791) tərəfindən Drezden Kral Kitabxanasında tapılmış və elm aləminə təqdim olunmuşdu. Oğuz tayfalarının epik janrda bu günümüzə qədər gələn yazılı abidəsində Qorqud həm müəllif, həm də əsərin baş qəhrəmanı, rəvayətçisi kimi təqdim olunur: “Bayat tayfasında Qorqud adlı uzaqgörən, müdrik bir el ağsaqqalı var idi, onun bütün dedikləri həyata keçirdi. Oğuz elinin bütün mübahisələrini Qorqud Ata həll edirdi. İnsanlar hər hansı bir işi onun xeyir duası olmadan başlamazdılar. İnsanlar onun dediklərini şəksiz yerinə yetirirdilər”.

Dastanda bəhs olunan bütün hadisələrddəki yer adları Sırdərya sahillərindəki, Orta Asiya və Qafqazdakı yer adları ilə uyğun gəlir.

Bütün türk ellərində olduğu kimi, Qazaxıstanda da Qorqud Ataya məhəbbət bu günə qədər saxlanmaqdadır. Yuxarıda qeyd etdiyimniz kimi, bir neçə əsr bundan

əvvəl Qızılorda vilayətinin Toretam stansiyasından 5-6 km kənarda Sırdərya çayının sahillərində qədim bir kurqan var idi. Deyilənlərə görə, burada Qorqudun uşaqlıq illəri keçmiş, bu yerlərdə böyüyb- boya-başa çatmışdı. Onun məzarının da Sırdərya sahillərində olmasını zaman-zaman yazılı abidələrdə rast gəlinib. 1929-cu ildə türk kökənli Abubəkir Axmetcanoviç Divayev Sırdərya kənarından keçərkən , burada bir muzey kurqan görərək, fotosunu tarixləşdirir. Yerli camaat ona bu kurqanın Qorqud Ataya məxsus olduğunu söyləyirlər. Sonralar çayın suyu çoxaldığından, sovet illərinin bu muzey kurqana etinasız münasibətindən abidə təbii daşınmalara və aşınmalara məruz qalır, sel suları kurqanı yuyub aparır. Və nə yaxşı ki, fotoqraf həmin o kurqanı əbədiləşdirə bilib.

1980-ci ildən etibarən Qazaxıstanın Qızılorda Vilayətində, Sırdərya çayının sahillərində Qorqud Atanın adını əbədiləşdirmək üçün Mərkəzdən , yəni rəsmi Moskvadan icazə alınır. Türk ellərinin atası,dədəsi Qorqudun adına layiq , Dədə Qorqud Qobuzuna hörmət əlaməti olaraq böyük bir ərazidə Qorqud Ata Memorial Kompleksi ucaldılır. 4 hissədən ibarət olan abidənin hündürlüyü 8 metrdir. Yuxarı hissəsində 40 ədəd boru yerləşdirilib. Burada hava küləkli olanda ətrafa Dədə Qorqud qobuzundan süzülən, gözəl müsiqilər yayılır. Küləyin əsmə səmti, havanın dəyişkənliyi ilə açıq təbitətdə oxuyan abidədən gələn müxtəlif musiqi sədaları ətrafa yayılır. Maraqlı cəhətlərdən biri də odur ki, bu yerlərdə təbiətin bütün fəsillərində küləklər əsir.

Aida Eyvazlı​

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png