Xətainin ana dilində yazdığı ƏLYAZMA TAPILDI: Sultan Süleymanın hücumu və… – FOTO

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdığı şeirləri aşkar edib.
AMEA-dan ONN media-ya verilən məlumata görə, Xətainin Ankara Milli Kitabxanasındakı “Əlyazma” məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb. Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən danışaraq, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir.
Sözügedən məcmuədə Sultan Süleymanın bu şeirə nəzirə olaraq yazdığı cavab da əksini tapıb.