ONN İnformasiya Agentliyi

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür
05 Oktyabr 2020 - 11:28

Bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

 Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir.

 

Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul eimişdir.

Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən ulu öndər demişdir: “Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?” Ümummilli lider müəllimlərin əməkhaqlarının artırılması, onlara fəxri adların verilməsi ilə bağlı dəfələrlə sərəncamlar imzalamışdır.

Ulu öndərin siyasi kursunun uğurlu davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşmışdır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, güzəranı getdikcə yaxşılaşır. Hələ 2004-cü ildə cənab Prezidentimiz “2005-2008-ci illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi ilə bağlı xüsusi sərəncam imzalamışdır. Bu gün Təhsil Nazirliyi müəllimlərin seçilməsi və işə təmin edilməsi sahəsində dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətirndə bir sıra əhəmiyyətli addımlar atır.

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Xalq arasında deyilir ki , müəllim dəyişəndə cəmiyyət də dəyişir. Söz yox ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib. Təhsil naziri Misir Mərdanov Azərbaycan müəllimlərinin 2008-ci il sentyabrın 22-də keçirilən XIII qurultayındakı məruzəsində demişdir: “Təkcə son beş ildə 700-dən çox təhsil işçisi Prezident sərəncamları ilə dövlət təltifinə layiq görülmüşdür ki, bu da bütövlükdə sovet dövründə təltif olunanların sayından xeyli artıqdır. Elə Beynəlxalq Müəllimlər Günü ərəfəsində (30 sentyabr 2009-cu il) cənab Prezident “Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncama əsasən müəllimlərin bir qrupu “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, yaxud “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, müəllim əməyinə dövlət qayğısı bu gün də diqqət mərkəzindədir.

Bir maraqlı məqama da diqqət yetirmək lazımdır. Bu vaxta kimi Təhsil Nazirliyi özü ən yaxşı müəllimləri mükafatlandırır, müəllimlər arasında keçirilən müsabiqə qalibləri “ilin ən yaxşı müəllimi” fəxri adı ilə təltif olunurdu. Lakin 2008-ci ildən etibarən ölkənin tarixində ilk dəfə olaraq Prezidentin sərəncamı ilə hər il ölkədə “ən yaxşı ümumtəhsil məktəbi”, “ən yaxşı müəllim” nominasiyaları üzrə ümumrespublika müsabiqəsi keçirilir və qalib məktəblər 10000 manat, müəllimlər isə 5000 manat məbləğində mükafatlandırılır. Bu yaxınlarda 2009-cu ilin qalibləri də müəyyənləşdirilmiş və Prezidentin xüsusi sərəncamı ilə mükafatlandırılmışlar. Bu müsabiqələrin keçirilməsi müəllimlər arasında sağlam rəqabəti gücləndirmiş, onların yaradıcılıq və təşəbbüskarlıq meyllərini artırmışdır. Belə müsabiqələrin keçirilməsi həm də təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.

Azərbaycanda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində olmuşdur. Bir neçə ali və orta ixtisas məktəbimiz müəllim kadrları hazırlamaq sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti ilə yanaşı, son illər Azərbaycan Müəllimlər İnstitutu və onun filialları da yüksək ixtisaslı müəllim kadrları hazırlayırlar. Bir vaxtlar M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu adlanan, hazırda Bakı Pedaqoji Kolleci adı ilə fəaliyyət göstərən təhsil ocağının bu sahədəki fəaliyyətini xüsusi olaraq qeyd etmək lazımdır.

Son statistikaya görə, ölkədə 4546 təhsil müəssisəsində 1 milyon 700 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 166 min 764 nəfər pedaqoji işçi məşğul olur. Uşaqlarımızın təhsil və tərbiyəsi ilə məşğul olan bu insanların əməyi bir də ona görə çox əhəmiyyətlidir ki, onlar müstəqil Azərbaycanımızın gələcəyinin qurucularını hazırlayırlar.

Ancaq ölkədə pedaqoji kadr çatışmazlığı ilə bağlı problem hələ də qalmaqdadır. Bu gün ucqar rayonlardakı dağ kəndlərində belə problemlər var və onun aradan qaldırılması üçün dövlətimiz davamlı olaraq tədbirlər həyata keçirir. Bu barədə təhsil naziri Misir Mərdanov müəllimlərin XIII qurultayında demişdir: “Əgər 5 il əvvəlki dövrə nəzər salsaq, kənd yerlərində 7 min nəfərədək pedaqoji kadra ehtiyac yaranması ciddi narahatlıq doğururdu. Bu problemin həllində Azərbaycan hökumətinin 2004-cü ilin noyabrında təsdiq etdiyi “2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Proqramı” mühüm rol oynadı. Proqrama əsasən, indiyədək ucqar kənd məktəblərinə güzəştli şərtlərlə 4788 müəllim göndərilmişdir. 2009-cu ildə isə daha 1308 müəllimin ucqar kənd məktəblərinə təyin olunması nəzərdə tutulur”. Söz yox ki, bu yerlərə göndərilən müəllimlərə dövlət tərəfindən güzəştlər də edilir.

Son illər müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən Britaniya Şurası, UNİSEF və digər qurumlarla Təhsil Nazirliyinin əməkdaşlığı xeyli fayda vermişdir. Belə ki, 12 min müəllim müasir təlim strategiyaları əsasında təşkil olunan treninqlərdən, öyrədici təlim kurslarından keçirilmiş, eyni zamanda 950 nəfər xüsusi kurslar vasitəsilə “məşqçi müəllim” kimi hazırlanmışdır.

Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.

Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər. Bayramınız mübarək, əziz müəllimlər!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png