ATU tələbəsi Türkiyədə həlak olub

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi də həlak olub.

ATU-dan verilən məlumata görə, V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da zəlzələ nəticəsində vəfat edib. 

Universitetdən qeyd edilib ki, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri – Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 

2021-ci ildə universitetin Əczaçılıq fakültəsindən məzun olan G.Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırmış. 

Xatırladaq ki, fevralın 6-da mərkəzi Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.