Azərbaycan Texnologiya Universiteti Türkiyənin Düzcə Universiteti ilə əməkdaşlıq edəcək (Foto)

Azərbaycan Texnologiya Universiteti (ATU) Türkiyənin Düzcə Universiteti ilə əməkdaşlıq edəcək.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, ATU-dan verilən məlumata görə, bu barədə razılıq ali təhsil ocağının tədris işləri, eləcə də elm və texnika üzrə prorektorları Vüqar İsmayılovun və Səbuhi Yusifovun Türkiyəyə səfəri zamanı əldə olunub.

Prorektorların Düzcə şəhərinə səfəri zamanı universitetin rəhbərliyi və yerli dövlət orqanlarının nümayəndələri ilə görüşlər keçiriblər.

Düzcə Universitetinin rektoru, professor Nigar Demircan Çakar ilə görüşdə hər iki təhsil ocağının fəaliyyət sahələri və əməkdaşlığın mümkün istiqamətləri, ATU-nun Türkiyə ali təhsil müəssisələri ilə mövcud əlaqələri müzakirə olunub. Bildirilib ki, Mövlanə Proqramı çərçivəsində tələbə və müəllimlərin mübadiləsi üçün əlverişli zəmin mövcuddur. Həmçinin mövcud elmi və maddi-texniki potensialın ortaq istifadəsi, birgə konfransların keçirilməsi, elmi-tədqiqat işlərinin aparılması barədə razılıq da əldə edilib.

Prorektorların Düzcə valisi Zülkif Dağlı ilə görüşündə iki qardaş ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrindən danışılıb. Qeyd olunub ki, bu əlaqələrin yüksək səviyyəsi təhsil sahəsində özünü xüsusilə biruzə verir. ATU-da kadr hazırlığının istiqamətləri barədə danışan prorektorlar tələbələrin ixtisaslarına uyğun sahələrdə beynəlxalq təcrübəni mənimsəməsinin zərurətindən də bəhs ediblər.

Vali Zülkif Dağlı ATU-da dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrin Düzcə Valiliyi və Düzcə Bələdiyyəsində təcrübə keçmələrinə şərait yaradılacağını bildirib.

Bu məsələ ilə bağlı razılıq Düzcə Bələdiyyəsinin sədri Dursun Ay ilə görüşdə də ifadə olunub.

Vüqar İsmayılov və Səbuhi Yusifov Düzcəyə səfər çərçivəsində vilayətin polis idarəsinin müdiri və baş prokuroru ilə də görüşüblər.

Görüşlərdə Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunub.