ONN İnformasiya Agentliyi

“Bir sinifdə 30-40 şagird…” – Artıq sıxlıq yaşanmayacaq YENİ QƏRARLA YENİ SİNİFLƏR FORMALAŞIR

“Bir sinifdə 30-40 şagird…” – Artıq sıxlıq yaşanmayacaq YENİ QƏRARLA YENİ SİNİFLƏR FORMALAŞIR
01 İyul 2020 - 15:01

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərar verib. Normalar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.8-ci maddəsinə uyğun olaraq sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmaqla hazırlanıb.

Təhsil üzrə mütəxəssislər qərarı ONN media-a şərh ediblər.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, qərarda həm siniflərdə şagird sıxlığının maksimum və minimum həddinin müəyyən olunması, həm də paralel siniflərin yaradılması, eyni zamanda bu kimi münasibətlərin tənzimlənməsi öz əksini tapıb:

“Bu qərarı ilk növbədə normativ sənəd olaraq dəyərləndirirəm. Düşünürəm ki, buna çox ehtiyac var idi. Azərbaycanda ümumilikdə hər zaman bu gündəmdə olub. Bəzi siniflərdə şagird sıxlığı çoxdur, bəzi məktəblərdə isə ümumiyyətlə şagird sıxlığının minimum həddini müəyyənləşdirmək mümkün deyil. Yeni qaydalar bu istiqamətdə hüquqi tənzimləməni reallaşdıracaq. Əslində təhsil sistemində son illərdə, xüsusilə Baş nazir tərəfindən bu səpkidə verilmiş qərarlar fikirləşirəm ki, təqdir edilməlidir”.

İ.Orucov deyib ki, yeni qərara əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil ediləcək. Burada təmayül sinifləri istisnadır.

Ekspertin sözlərinə görə, dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil edilir:

“İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplekt siniflər təşkil olunur. Komplekt siniflər şagird sayı 18 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır”.

İlqar Orucov əlavə edib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda hər sinifdə neçə şagirdin olması öz əksini tapmayıb. Buna görə də bu kimi tənzimləyici qərarların qəbul edilməsi zərurəti ortaya çıxır:

“Əvvəllər Təhsil Nazirliyi bunu müəyyənləşdirirdi. Amma son illərdə bu səlahiyyət Nazirlər Kabinetinə verildi və Baş nazirin imzası ilə bu qərarlar təsdiq edildi. Əlbəttə ki, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bununa bağlı dünya təcrübəsini öyrənirlər və onun üzərində işləyirlər. Bütün bunlar Nazirlər Kabinetinə təqdim ediləndən sonra bu qərarlar təsdiq olunur. Ancaq “Təhsil haqqında” Qanunda bununla bağlı heç bir müddəa yoxdur. Bunlar tənzimləyici qərarlar və normativ sənədlərdir. Qeyd etdiyim kimi, qərarlar qəbul olunarkən mütləq şəkildə dünya təcrübəsi və inkişaf etmiş təhsilə sahib ölkələrin təcrübəsi öyrənilir və bunların da əsasında qərarlar hazırlanır”.

Ekspert vurğulayıb ki, siniflərdə şagird sayı maksimum həddi keçirsə, yeni paralel siniflərin yaradılması zərurəti ortaya çıxır və bu da qərarda öz əksini tapıb: “Qərarda göstərilir ki, tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır”.

Təhsil eksperti Qoşqar Məhərrəmov bu qərarın gecikmiş olmasına baxmayaraq, qabaqcıl və təqdirəlayiq bir addım olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkəmizdə xüsusilə də ibtidai siniflərdə müəllimlərin 30-40 nəfərlə dərs keçdiyi məlumdur:

“Hətta bəzi rus sektoru və ya regionlardakı siniflərdə şagird sayı çox idi. Müəllimlər bu mənada çoxlu şikayətlər edirdilər. Yoxlamalar məktəblərə gəldikdə, kurikulumu niyə tətbiq etmirsiniz, nə üçün fəal dərs keçmirsiniz, niyə fərqli qruplarla dərs aparmırsınız və daha çox mühazirə tipli dərs keçirsiniz, deyib müəllimləri qınadıqda, onlar 40 nəfərlik sinifdə bundan başqa bir metodun tətbiqinin mümkün olmadığını deyirdilər. Çünki böyük sinfi idarə etmək çətindir və şagirdlərə individual yanaşmaq omur. Bu qərardan sonra 20 şagirdlə sinif komplektləşəcək. Yəni say 20-ni keçirsə artıq bölünə biləcək. Minimum və maksimum saylar artıq məlumdur. Bu lazımlı bir haldır. Bununla da sinif və müəllim ehtiyacı artacaq. Bunlar hamısı müəllimləri stimullaşdıracaq və dərsə həvəsi daha da artıracaq. Çünki kütləviliyin olduğu sinifdə mühazirədən başqa üsul seçmək çətindir”.

Ekspert dünya təcrübəsindən də danışıb. O bildirib ki, bəzi ölkələrdə çoxlu şagirdin bir sinifdə cəmləşməsinə rast gəlinir. Ancaq əksər ölkələrdə şagird sayının uyğun görüldüyü limit 22 nəfərdir:

“Əslində bu qərarla ölkəmiz dünya standartlarına cavab vermiş olur. Dünyanın müxtəlif ölkələrində də çoxlu şagirdin bir sinifdə cəmləşməsi halına tez-tez rast gəlinir. Dünyada da kütləvi təhsil var. Bu icbari formada aparılır. Bəzi məktəblərdə 6-cı sinifə qədər, bəzi ölkələrdə 9-cu və ya 12-ci sinifə qədər icbari təhsil var. Bu təhsil forması sinifdəki şagird sayını artırır. Ölkəmizdə bu yuxarı siniflərə doğru getdikcə bir sinifdə olan şagirdlərin sayı azalmağa doğru gedir. Ancaq ibtidai siniflərdə şagird sayı çoxdur. Bu növ bir addım artıq siniflərdə dərsin keyfiyyətinə və təlimin effektivliyinə birbaşa təsir edir”.

Qeyd edək ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Cənubi Koreyada 35-dir. Bakıda isə bu göstərici 12-dir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png