Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2017-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

AMEA-dan ONN media-ya verilən məlumata görə, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər elan dərc olunduğu gündən bir ay müddətində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsilin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinin doktorantura şöbəsinə müraciət etmək olar.