Dövlət qulluğuna qəbul imtahanlarının vaxtı açıqlandı

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib.

Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumatda bildirilir ki, mövcud qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul imtahanlarının ayda 1 dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda inzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 27-də keçiriləcək müsabiqənin test imtahanına qeydiyyat davam edir. Bu imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 24-dək aparılacaq.

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanlarının fevralın 18-i (B növü üzrə) və martın 31-də (A növü üzrə) keçirilməsi planlaşdırılır,qeydiyyat və s. məsələlər haqqında məlumat veriləcək.

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanlarının isə hər ay iki dəfə keçirilməsi nəzərdə tutulur. Elektron sınaq imtahanları Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə keçirilir. Yanvarın ayı üçün nəzərdə tutulan sınaq imtahanları artıq keçirilib.

Növbəti sınaq imtahanları 2, 10 fevral və 4, 14 mart tarixlərində təşkil olunacaq.