Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 263 ümumi təhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24.129 uşaq təhsil alır. Həftədə dörd gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlamaları, dərs prosesinə öncədən alışmaları və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Ötən il ilk dəfə məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemində ərizələrin online qeydiyyatı aparılmaqla həyata keçirilib.

ONN media AZƏRTAC-a istinadən bildirir ki, məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır. 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-ci ildə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə 5 yaşlıların 65 faizi həddinə çatdırılıb.

Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha peşəkar və peşəkar ibtidai sinif müəllimləri seçilib, onlar üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlim kursları keçirilib. Təlimlərdə 870 ibtidai sinif müəllimi iştirak edib. Eyni zamanda, məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil olunub.