Azərbaycanda 1-ci sinfə gedənlərin sayı azalır – "Uşaq pulu" həll yolu ola bilər?
"Son illər Azərbaycanda doğulan uşaqların sayında müşahidə olunan azalma gələcəkdə ölkənin demoqrafik vəziyyətinə təsir göstərə bilər. Bu tendensiyanın qarşısını almaq üçün ailələrin sosial rifahını yaxşılaşdıran təşviq mexanizmlərinin tətbiqi vacibdir".
Bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, bir neçə il əvvəl ölkədə illik doğum sayı təxminən 170-180 min olduğu halda, sonrakı dövrdə bu göstərici 100-115 min səviyyəsinə qədər enib:
"Hazırda məktəbə gedən uşaqların sayında müşahidə olunan azalma da məhz həmin dövrdə doğum göstəricilərinin aşağı düşməsi ilə bağlıdır. Bəzi Avropa ölkələrində doğum səviyyəsinin aşağı olması artıq uzun illərdir müşahidə edilir və həmin dövlətlər bu vəziyyətə uyğun sosial siyasət formalaşdırıblar. Lakin Azərbaycanın yerləşdiyi geosiyasi mühit fərqlidir. Bu baxımdan əhalinin sayının artımı və sağlam demoqrafik inkişaf ölkənin sosial və strateji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Doğum səviyyəsinin azalmasına təsir edən əsas amillərdən biri ailə quranların sayının azalması və boşanmaların artmasıdır. Bu proses xüsusilə pandemiya dövründən sonra daha qabarıq şəkildə hiss olunmağa başlayıb.
Pandemiya ailədaxili münasibətlərə mənfi təsir göstərməklə yanaşı, iqtisadi çətinlikləri də dərinləşdirib. İşsizlik, gəlirlərin azalması, mənzil problemi və digər sosial çətinliklər həm gənclərin ailə qurmasına mane olur, həm də mövcud ailələrdə gərginliyi artırır. Bununla yanaşı, boşanmaların səbəblərini yalnız iqtisadi amillərlə əlaqələndirmək düzgün deyil. Burada həm obyektiv, həm də subyektiv səbəblər rol oynayır".
V.Oruc hesab edir ki, vəziyyətin yaxşılaşdırılması üçün dövlət tərəfindən yeni sosial təşviq proqramlarının hazırlanması məqsədəuyğun olardı:
"Gənc ailələr və çoxuşaqlı ailələr üçün ipoteka imkanlarının genişləndirilməsi, mənzil təminatı ilə bağlı əlavə güzəştlərin tətbiqi, vergi stimullarının verilməsi və yeni doğulan hər bir uşaq üçün birdəfəlik sosial yardım mexanizminin yaradılması doğum göstəricilərinin artmasına müsbət təsir göstərə bilər.
Bundan başqa, ailə institutunun möhkəmləndirilməsi istiqamətində maarifləndirici tədbirlərin gücləndirilməsi də vacib hesab olunur. Televiziya, radio və digər kütləvi informasiya vasitələrində ailə dəyərlərinin daha geniş təbliğ edilməsi, həmçinin boşanma mərhələsində mediasiya xidmətlərinin imkanlarından daha fəal istifadə olunması əhəmiyyətlidir.
Azərbaycanın son onilliklərdə üzləşdiyi müharibələr də demoqrafik proseslərə müəyyən təsir göstərib. Şəhidlərimizin itkisi ölkənin genofonduna təsir edən amillərdən biri kimi qiymətləndirilə bilər. Obyektiv səbəbləri dəyişmək mümkün olmasa da, sosial dəstək proqramlarının genişləndirilməsi ilə subyektiv amillərin təsirini azaltmaq və doğum göstəricilərindəki azalmanın qarşısını qismən almaq mümkündür".
