Qənirə Paşayevadan təhsil kreditləri ilə bağlı AÇIQLAMA

Qənirə Paşayevadan təhsil kreditləri ilə bağlı AÇIQLAMA


Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var.

ONN media Axar.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib. Deputat dövlət ali təhsil məktəblərinə ödənişli əsaslarla və özəl ali məktəblərə daxil olan gənclərin artan təhsil haqları ilə bağlı üzləşdiyi problemlərdən danışıb və “Təhsil kreditlər haqqında” qanun layihəsinin qəbuluna çağırıb:

“Ali təhsilini buraxmaq məcburiyyəti ilə üzləşən gənclərin sayı artır. Onlar mənə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini deyirlər. Özəlliklə bu problem kənd rayonlarında çox ciddi hal alıb. Dövlət ali məktəblərinə ödənişli əsaslarla və özəl ali məktəblərə daxil olan gənclərdən I kursda təhsil haqqının ya tam şəkildə, ya da çox hissəsinin dərs mövsümü başlamadan öncə ödənilməsinin tələb edilməsi imkanları zəif olan ailələr və onların övladları üçün ağır problemdir. Hətta ali təhsil almaqdan imtina etmək dilemması qarşısında qalan gənclərin ailələri həmin vəsaiti böyük çətinliklərlə taparaq ödəyirlər”.

Millət vəkili qeyd edib ki, “Təhsil kreditləri” haqqında qanun layihəsi özəlliklə imkanları zəif ailələrin təhsilə meyilli gənclərinin ali təhsil almaq imkanlarını genişləndirəcək:

“Bu məsələnin yaxın zamanlarda qanun layihəsi çərçivəsində həllini tapacağına ümid edirəm. Təhsil kreditləri ilə bağlı məsələ bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər çıxılmaz vəziyyətdə qalmazlar. Bu gənclər ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsillərini başa vurduqdan sonra borclarını çalışaraq ödəyəcəklər. Bu da təhsilin, elmin də inkişafına ciddi müsbət töhfə verəcək”.

Deputat vurğulayıb ki, yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olan gənclərin xeyli hissəsi kirayələrdə qalır:

“Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər. Bu məsələ bizi ciddi narahat etməlidir. Çünki bəzi ailələr övladları orta məktəbdə nə qədər yaxşı oxusa da, bu çətinlikdən dolayı onlara ali təhsil verməkdən vaz keçirlər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq, təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək”.

Geri qayıt