ONN İnformasiya Agentliyi

“Siyasi örtüyə bürünmüş erməni tarixşünaslığına giriş haqqında tədqiqat” – Firdovsiyyə Əhmədova

“Siyasi örtüyə bürünmüş erməni tarixşünaslığına giriş haqqında tədqiqat” – Firdovsiyyə Əhmədova
07 Yanvar 2018 - 20:57

A

Azərbaycan tədqiqatçılarının üzərinə əcnəbi həmkarlarınınkından daha çox və daha mürəkkəb, həm də arzuolunmaz yük düşür. Ürəyincə olan, həzz aldığı axtarışla məşğul olmaq əvəzinə məcbur olaraq əlavə vaxt sərf edib qarşılaşdığı yalanları, saxtakarlığı ifşa etməklə məşğul olur. Bu yalnız izafi əmək deyildir. Obyektiv araşdırmalar bəlli ikən, tam əksini əsrlərlə dünya elminə, cəmiyyətinə qəbul etdirmək istəyən qərəzli yazıları təkzib etmək lazım gəlir ki, bu proses də emosional çalarsız mümkün olmur. Tədqiqatçı zehni fəaliyyətlə yanaşı, gərginlik, təəssüf, hiddət hissləri də keçirməli olur. Tanınmış yazar, alim-tədqiqatçı Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” əsəri də məhz belə bir ovqatla ərsəyə gəlibdir. Müəllif müddəalarını əsaslandırdıqda, saxta iddiaları təkzib etdikdə hiddətini büruzə verməyə bilmir. Amma onun emosiyası tədqiqatçı sayıqlığını üstələmir, ayıq mühakimələrini kor etmir. Vicdanını siyasətə, qərəzə qul etməyən peşəkar erməni tarixçilərini dəyərləndirir, həm də onların tədqiqatları ilə həqiqəti daha etimadlı anlatmağa səy edir. Əjdər Tağıoğlu emosional leksikonu mənzərəsində daha təmkinli tədqiqatçıdır. Oxucunu addım-addım həqiqətə yaxınlaşdırmağa çalışır. Mövzunun əlifbasını öyrətməklə mətləbə giriş edir. İki hissəli əsərin birinci bölümündə Moisey Xorenatsi ünvanının axtarışını edir.

            Azərbaycan tarix elminin uzunmüddətli mərhələsi bu gün üçün sovetlər zamanını əhatə edir. Yazılı qaynaqların mötəbər sayıldığı müstəvidə tariximizi öyrənmək üçün erməni mənbələrinin də xüsusi yeri olmuşdur. Amma bu mənbələr nə qədər gerçəkliyi əks etdirir düşüncəsi aparıcı rol oynamayıbdır. Həmin mənbələrdən məşhur olanı da Moisey Xorenatsinin “Armeniya tarixi”dir. Axı Moisey Xorenatsi erməni tarixinin atası hesab olunur.

 Əjdər Tağıoğlu ilk əvvəl Moisey Xorenatsinin kimliyinə aydınlıq gətirməyə çalışmışdır. “Erməni xalqının tarixi”ni yazmaq sifarişinin tarixçəsi ilə başlayan kitabın 3-də ikisi Mar Abas Katinanın öyrənilməsinə həsr olunmuşdur. Mar Abas Katinanın Moisey Xorenatsi üçün ilk mənbə sayılması mülahizəsindən yanaşaraq tarixi şəxsiyyət kimi real görünməyən bu ünvanı konkret hadisələr paralelliyində tapmayan Əjdər Tağıoğlu fransız, rus müəllifləri ilə yanaşı erməni alimlərinə müraciət edir. Müəllif bir müddəanın həqiqiliyini aydınlaşdırmaq üçün eyni məsələyə bir neçə rakursdan, həm mənbələrə istinadən, həm məntiqlə yanaşmışdır.

Moisey Xorenatsinin “Armeniya tarixi” ilə bağlı bütün dolaşıqlığın “moskvalı keşiş tarixçi Nikitin Osipoviç Emin”in “1858-ci ildə “Hayastan tarixi”ni rus dilinə “Armeniya tarixi” adıyla tərcümə və nəşr” etdirməsilə başladığını vurğulayan Əjdər Tağıoğlu uzun bir dövrü əhatə edən xronologiyada axtarışa başlayır. Zənnimcə, müəllifin əsas məramı məhz ermənidir deyə, onun əsərini təftiş etmək olmamışdır. Son yüz ildə tariximizi saxtalaşdırdıqlarına, mədəniyyət nümunələrimizə sahiblik etdiklərinə, tarixi torpaqlarımızı zəbt etdiklərinə görə istənilən Azərbaycan tədqiqatçısının “Armeniya tarixi”nin nə dərəcədə obyektiv yazıldığına ən azı diqqət yetirməsi, çox zaman isə şübhələnməsi təbiidir. Bütün bu səbəblərlə yanaşı hesab edirəm ki, Əjdər Tağıoğlunu bəhs edilən araşdırmanı aparmağa sövq edən, əminlik yaradan şərt nüfuzlu alimlərin Emin saxtakarlığını qəbul etməməsi olmuşdur. Onların sırasında erməni mənşəli Q.A. Xalatyantsın, Karen Patkanovun, Manuk Abeqyanın, Qaraqaşyanın qismən də olsa obyektiv yanaşmasından bəhs olunur. Bununla belə müəllif göstərir ki, qədim və orta əsrlər Şərq tarixi ilə məşğul olan erməni alimlərinin əksəriyyəti N. Eminin əksinə olaraq, Mar Abası “eramızdan 150 il əvvəl ” yaşamış “tarixi şəxsiyyət” kimi qəbul etməsələr də, m. s. yaşamış “tarixçi” olaraq təqdim edərkən onu erməniləşdirməyə çalışırlar. Bu müddəanın da iddiaçıların zaman uyğunsuzluğu yaradan mühakimələri ilə ziddiyyət təşkil etdiyini göstərən Əjdər Tağıoğlu faktlara söykənərək həqiqətdən uzaq olduğunu vurğulayır. Qaraqaşyanın “erməni arşakidləri” iddiasını əsassız saymasını, Mar Abası “fiksiya” hesab etməsini, Abeqyanın D.Q. Reder kimi “Mar Abas və Nineviya arxivi” epizodunu qəbul etmədiyini diqqətə çatdırmaq həqiqi elmin siyasi ləkə götürmədiyi gerçəkliyidir.

            Erməni tarixşünaslığının siyasi örtüyə bürünməsinin çoxsaylı çalarları olsa da, məqsədi və hədəfləri dəyişməzdir. Siyasi örtüyün altından qədim, yerli-köklü erməni xalqı çıxmalıdır ki, onun “böyük dövlətçilik”, geniş ərazilər iddiaları da təmin olunsun. Bunun üçün də bu xalqa qədim tarix yaratmaq lazım gəlir. Əjdər Tağıoğlu da qənaətində haqlı olduğunu ifadə etmişdir: “ Rusiyalı mxitarist keşiş N. Eminin …əsas məqsədi mənsub olduğu xalqa süni şəkildə “qədim Şərq tarixi” yazmaqdır”. Elmi vicdanı üstün gələn erməni tədqiqatçılarının qəbul etmədiyi uydurulmuş tarix o dərəcədə saxta idi ki, “aradan 23 il keçəndən sonra  N. Emin Rusiya İmperator Arxeoloji Cəmiyyətinin 1881-ci ildə Tiflisdə çağrılmış V qurultayında Mar Abasın tarixi şəxsiyyət olmadığını elmi ictimaiyyət qarşısında etiraf” etmişdir. Bu etirafı “maraqlı və təəccüblü” görən Əjdər Tağıoğlu N.Eminin kitabından geniş iqtibas gətirməklə oxucunu erməninin rahatlıqla yalan uydurub və imtina etməyinin bir nümunəsini göstərmişdir. Qədim tarixdən dünyaya bəlli olan məşhur faktlarla  sanki ilk dəfə tanış olduqdan sonra qənaətini hasil etmiş şəxs kimi riyakarlığını davam etdirir, “bütün bunlar Moisey Xorenatsinin uydurmasıdır” yazaraq 23 ildən sonra özünü təmizə çıxartmağa çalışır. Daha 12 il sonra, 1893-cü ildə N. Emin tərcüməsinin ikinci nəşrində “Hayastan tarixi”nin erməni dilində olan 1865–ci il Venesiya nəşrinin “dövrün tələblərinə cavab vermədiyini” göstərir. Amma 23 il də az müddət deyildi ki, ictimaiyyətdə yanlış rəy, sərfəli fikir formalaşdırasan. Belə ki, peşəkar alim-tədqiqatçılar dövriyyəyə buraxılmış bu saxta tarixi uzun müddət təhlil etməklə məşğul olublar və nə qədər elmi səviyyədə qəbul olunmasa belə yenə də tarixşünaslıqda yer tutmaqdadır. Azərbaycan alimi olaraq Əjdər Tağıoğlu məhz oturuşmuş saxta müddəalara son qoymaq məqsədilə nüfuzlu alimlərin tədqiqatlarından iqtibaslarla hamıya həqiqi tarixi anlatmağa çalışır, heç olmasa Azərbaycan tarixşünaslığını saxta erməni mənbələrinin əsirliyindən qurtarmaq üçün səy göstərir. Əcnəbi alimlər Frerenin, Katrmerin, Karrierin, La-Krozun, Marrın, Renanın fikirlərinin etibarlılığını öz mülahizələrinə sipər edir. Belə ki, əsrlərlə maddi-mədəni irsimizi özününküləşdirməyə çalışanların yazılı mənbələrini mötəbər sayanlar  hələ də vətən tarixçilərimizin çox fikrini nəinki ciddiyə almırlar, ehtimal olaraq da qəbul etmirlər. Təbii ki, qeyri-peşəkar, qeyri – ciddi yazılar da  yeni bir saxtakarlıq sayılmalıdır. Obyektiv tədqiqatlar isə bütün zamanlar üçün əhəmiyyətini saxlayır.

“Hayastan tarixi”nin Kilikiya kilsəsindən başlayaraq, Venesiya keşişlərinədək yüz illər boyu hər dövrün siyasi tələblərinə uyğun redaktə edildiyini

söyləyən Əjdər Tağıoğlu erməni xalqının tarixinin hansı şərtlər daxilində yazıldığını kitabının giriş hissəsində yığcam, amma qabarıq nəzərə çatdırır və bu barədə oxucuda aydın, sərrast təəssürat yaranmış olur. Erməni dövlətinin deyil, məhz erməni xalqının tarixi! Xalqın tarixini elə “məharətlə” yazmaq lazım gəlirdi ki, nəticəsi arzuladıqları səviyyədə dövlətin yaranmasına şəksiz əsas versin: “müstəqil erməni dövlətinin yaradılması haqqında hərəkətə gətirilmiş tələblərin motivini izah etmək və ona bəraət qazandırmaq”. Bu, K. Vetroversin erməni xalqının tarixini yazanların nail olmalı üç məqsəddən sonuncusu kimi göstərdiyi fikirdir. Məhz sifarişçinin tələblərinə uyğun yazılmış “erməni xalqının tarixinin” əslində “ümumtürk xalqlarına” məxsus olduğunu  Əjdər Tağıoğlu kitabının əvvəlindən sonadək hər tarixi nümunədə sübuta yetirməyə səy göstərmişdir. Bu cəhətdən “erməni xalqının tarixinin” yazılması ilə bağlı məktublar olduqca səciyyəvidir.

            Azərbaycan tarixşünaslığında Əjdər Tağıoğlu tərəfindən mühüm bir istiqamət tədqiqata cəlb olunmuşdur: qədim mənbələrin saxtalaşdırılması. Konkret olaraq qədim Şərq mənbələrinin erməniləşdirilməsi ifşa edilir. Müəllif saxtakarların yol verdiyi  etiraf xarakterli məqamları önə çıxararaq ardınca tarixi həqiqətlərlə müqayisə aparmışdır. M. Xorenatsinin “öz tarixi” ilə bağlı yazdığı “Biz bu faktların hamısını həqiqətən də yunan kitablarından tapmışıq və baxmayaraq ki, yunanlar özləri onları öz dillərinə Xaldey dilindən tərcümə ediblər, biz bütün bunların yunanlara aid olduğunu hesab edirik, çünki bunu onlardan götürmüşük” kimi fikirlər birmənalı yəqinlik yaratsa da, Əjdər Tağıoğlu bununla kifayətlənməmiş, “Babil tarixi”nin, “Avesta” abidəsinin, “Bilqamıs” dastanının mənimsənilməsi faktlarını üzə çıxartmışdır. Etnogenez məsələləri ilə bağlı Əjdər Tağıoğlunun mülahizələrini (baxmayaraq ki, dünyaca tanınmış alimlərə istinad da edilir) birmənalı qarşılamayan, qəbul etməyən akademik elm nümayəndələri baş qoşmamaq, görməməzlikdən gəlmək əvəzinə bəzən qeyri-ciddi bilinən məsələləri ciddi araşdırmalıdır. Tariximizi, mədəniyyətimizi, nəhayət torpaqlarımızı mənimsədikləri halda bizi saxtakarlıqda suçlayanları öz yazıları ilə ifşa etməkdən də mühüm, mütəxəssis araşdırmaları ilə gerçək tarixi qəbul etdirməkdə israrlı olmaqdır. Erməni adlandırdığımız xalq artıq yaratdıqları tarixlərinin bəhrəsinə nail olublar: Armeniya adlı dövlətə, armyan adlı millətə elmi və siyasi status qazandırıblar. Dünya əhalisinin tanıdığı erməni haqqında hamısı İ.Şopenin yazdığını oxumayıbdır: “…tərcüməçinin heç bir əsası yoxdur ki, “hayları” “armyan” adlandırsın.Çünki bu iki xalq xüsusi düşüncə tərzinə görə tamamilə bir-birindən fərqli mənşəyə malikdirlər.” Burada bəhs olunan tərcüməçi N.O.Emindir ki, M.Xorenatsinin “Hayastan tarixi”ni “Armeniya tarixi” adı ilə rus dilinə tərcümə etmişdi. Əjdər Tağıoğlu yazır ki, N.Eminədək nə “armyan”, nə də “Armeniya” sözünə rast gəlinmir, hər yerdə “hay” və “Hayastan” anlamları işlədilir. Yəni 1858-ci ilədək! Müəllifindən başlamış məzmunu daxil olmaqla saxtakarlıq olan bir yazını daha da saxtalaşdıran N.Eminin xidmətini Əjdər Tağıoğlu belə qiymətləndirir: “Nə qədər də iyrənc bir söz, nə qədər əxlaqsız “tarix”- N.Emin “tarixi”!”.

Bütün bu həqiqətləri bilmək çağdaş dünyanın gerçəklərini dəyişmək qüdrətində deyildir. N.Emin, yaxud başqaları səhvlərini, yanlışlıqlarını, qərəzli olmaqlarını belə dönə-dönə etiraf etsələr də məqsədlərinə çatmışlar. Səpdikləri toxum çayır kimi elə kök atmışdır ki, siyasi, hətta elmi müstəvidən təmizlənməsi müşküldür. Dünya “armyan”ı da, “Armeniya”nı da nəinki qəbul edir, çox qədimlərdən gələn etnos, ölkə, dövlət bilir. Azərbaycan dilində də erməni, Ermənistan deyərək tanınır. Əjdər Tağıoğlunun  qəbul edə bilmədiyi də budur ki, “Azərbaycan tarixçiləri iki yüz ildən bəri ictimai fikri çaşdırmış “Armeniya” anlamının “Arme” ölkə adının rusdilli forması olduğunu bilmədikləri üçün rusların bizim torpaqlarda təşkil etdikləri “erməni respublikasını” bu gün də “Ermənistan” adlandırırlar. Bu o deməkdir ki, Azərbaycan tarixçiləri Qərbi Azərbaycanı “Ermənistan” adlandırarkən erməni tarixçiləri ilə həmfikir olurlar və həmin coğrafiyanın gəlmə ermənilərin “vətəni” olduğunu qəbul edirlər”. Amma, Əjdər Tağıoğlu, artıq beynəlxalq aləmin siyasi subyekti olmuş bir dövləti dünyada qəbul olunmuş adı ilə çağırmağa biz də məhkumuq. Yalnız elmi həqiqətləri söyləmək imkanımız var ki, bu istiqamətdə də ən köklü məsələni aydınlaşdırmağı siz üzərinizə götürmüsünüz! Gəldiyiniz qənaət də kitabınızın sərlövhəsinə çevrilmişdir: “ Moisey Xorenatsi anonim keşiş müəllifdir”.  Digər bir qənaətiniz də budur ki, “Arme ölkəsinin qədim yerli əhalisi də nə “haylardı”, nə də “armyanlar”, Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfalarıdırlar”. Bu qənaətinizə rəy bildirməyə, mütəxəssis olmadığım üçün haqqım çatmaz, daha dəqiqi peşəkar yanaşma sayılmaz. Amma birbaşa aidiyyətləri olan tədqiqatçılar məncə qeyri-ciddi hesab etsələr belə ciddi fikir söyləməyə qadirdirlər və bu gün üçün də bir vətəndaşlıq çağırışı, çoxminlik tarixçi ordusuna sərt ittihamlar, zəiflikdə təqsirləndirmələr mövcuddur. Filoloqların dediyini tarixçilər, dilçilərin yazdığını arxeoloqlar, etnoqrafların qənaətlərini, filosofların mülahizələrini, antropoloqların araşdırmalarını digərləri qəbul etmirlər. Biri o birisinin yazısını cəfəngiyat adlandırır. Bu qarşılıqlı ittihamlar cəmiyyəti çaşdırır. Gerçək tarixini bilmək, öyrənmək haqqını isə xalqdan heç kim ala bilməz! Ona görə də, lazım gələndə, fərqli istiqamətlər üzrə mütəxəssislər eyni problem üzrə tədqiqat əməkdaşlığı etməlidirlər. Elə Əjdər Tağıoğlu da bu amili nəzərə alaraq deyir: “Bir xalqın milli tarixindən, qədim dövlətçiliyindən danışan tarixçinin hər bir sözü arxasında həmin xalqın ulu varlığını sübuta yetirən onun dil faktorunu, etnopsixologiyasını, məişətini, inancını və başqa etnik keyfiyyətlərini incələməyə əsas verən etnolinqvistika, antropologiya və arxeoloji mədəniyyət dayanmalıdır”. Müəllifin tarixçilərimizə ittihamı çox kəskindir: “Azərbaycançılıqdan uzaq, yad bir mövqedə dayanaraq, erməni kilsəsinin uydurmalarını “gerçək tarix” kimi bu gün də davam etdirirlər”. Bu fikirlə bir məqamda razılaşmıram. Saxta tarixi qəbul etməmək üçün mütləq hansısa millətə mənsub olmaq lazım deyildir. Ciddi tədqiqatçı elmi araşdırma aparırsa, nəticə həqiqəti ortaya qoyacaqdır, necə ki, Əjdər Tağıoğlu erməni saxtakarlıqlarını qəbul etməyən müxtəlif millətlərə mənsub alimlərin adını sadalayır. Hətta erməni tədqiqatçıları sırasında (tarix sahəsində) elmi mövqeyini qoruyanlar da vardır ki, müəllif onlara istinada üstünlük vermişdir. O ki, qaldı bizə, Azərbaycan xalqına, türk millətinə mənsub olduğumuza görə deyil, tarixçi, tədqiqatçı, alim vəzifəsi olaraq işimizə peşəkarcasına yanaşmalıyıq. Nəticədə elmi ictimaiyyətin qəbul edəcəyi obyektiv əsərlər yaranacaqdır. Bu prosesdə də bütün saxtakarlıqları dəf edə bilərik. Azərbaycanın müasir tarixi də saxtalaşdırılır. Hətta dünya arxivlərində, muzeylərində rast gəlinən sənədlər, materiallar Azərbaycanla bağlı olub, tədqiqatçı tərəfindən Azərbaycana aid olduğu sənəddə göstərilirsə belə, üst qovluqlarda ermənilərə aid olduğu yazılır. Bu hallar işçilərin texniki xətası kimi görünsə də, çoxsaylı faktlar sadə təsadüf sayıla bilməz. Belə ki, yanlışları düzəltmək əlavə səy və vaxt aparır, çox zaman da nəticəsiz qalır. Belə “xətalara” məqsədli yol verildiyi qənaətinə əminlik yaranır. Elə bu yazımız da daxil olmaqla erməni, Ermənistan işlədiriksə, deməli saxta bildiyimiz, lakin dünyanın tanıdığı, qəbul etdiyi anlayışları işlədirik. Amma seçim imkanımız var. Armeniya, armyan adıyla siyasi, elmi möhtəkirlik edən qonşularımız özlərini rəsmi olaraq haylar, vətənlərini Hayastan adlandırırlar. Hayastanın Qafqaza aidiyyəti olmasa da bir dövlət adı olaraq Hayastan respublikası işlədə bilərik. Qəribə mənzərə yaranıbdır: onlar bizlərə türk deyir, biz qəbul etmirik ki, türk deyil, azərbaycanlıyıq; onlar özlərini hay adlandırır, biz isə onlara erməni deyirik. Onların türk dediyi, bizləri ərəblər də daxil olmaqla əsrlərlə əcnəbilərin tanıdığı, özümüzün də 80 il öncəyə qədər adlandırdığımız mənsubiyyətdir. Təbii ki, Azərbaycan türkündən bəhs edilir. Ümumtürk ailəsində də şaxələnmə, fərqli coğrafi, geosiyasi, geomədəni mühitdə, siyasi məkanda formalaşma getdiyindən bu günkü azərbaycancanlılar milli kimlik anlamında ümumtürk ailəsinin üzvü olan Azərbaycan türkləridirlər. Siyasi anlamda isə azərbaycanlılar ifadəsi həm də vətəndaşlıq mənsubiyyətini ehtiva edir.

Əjdər Tağıoğlu  ““elmi hakimiyyəti” ələ keçirmiş əvvəlki nəslin miras qoyduğu”” “doqmalara” tənqidi yanaşmağa çağırır. Nəzərə alsaq ki, “əvvəlki nəsil”  heç də az peşəkar deyildi, yalnız sərt ideoloji təzyiq altında siyasi sifarişlərə xidmət etmək məcburiyyətində də qalırdılar, bu baxımdan qarşı tərəfin cavab verə bilməyəcəyi reallığında nə ittihamlara vaxt sərf etmək, nə də gözü bağlı yazılanları toxunulmaz hesab etmək olmaz. Azərbaycan tarixinin söykəndiyi mənbələri yenidən peşəkarcasına incələmək lazımdır. Əjdər Tağıoğlunu da ağrıdan odur ki, “yalnız XIII-XIV əsrlərdən sonra Kilikiya kilsəsində… qədim rəvayətlərin  tərcümə yolu ilə üzünü köçürüb, istədikləri şəkildə redaktədən keçirərək yaranmış versiya əsasında kilsə xronikalarında anonim keşiş müəllifləri” tərəfindən yaradılmış “əsərləri” mötəbər mənbələr hesab edirik. Bu “mənbələrə” söykənən tarix erməni siyasətçilərinin ideoloji silahına çevrilir,  əməli fəaliyyətinə bəraət qazandırır: “əsası XVIII əsrin əvvəllərində Venesiya kilsəsində mxitaristlər tərəfindən tərtib edilən, üç yüz ildən bəri haqqında cild-cild saxta kitablar yazılan fantastik “Böyük Armeniya”nın “Şərq hissəsi” adıyla uydurulan xəritə” XX əsrdə Azərbaycan torpaqlarında siyasi sərhədlərdə gerçəkləşdi. Yəni, əvvəl tarix “yaratdılar”, onun əsasında xəritə tərtib etdilər, ardınca da “coğrafi xəritələrini” siyasi xəritəyə çevirməklə  kütləvi qətliamlar hesabına dövlət sahibi oldular. Lakin hələ nəinki “xəritələrini” tamamlayacaq ərazilərə iddialıdırlar, xəritəyə düşməyən torpaqlarda da kompakt halda məskunlaşaraq siyasi-inzibati idarəçiliyə sahib olmuşlar. Bu prosesin mahiyyətini nəinki dərk edərək, həm də mənbələr əsasında izləyərək dərin köklərini, gedişatını, nəticələrini təhlil edərək araşdıran alimin – Əjdər Tağıoğlunun əndişəsi anlaşılandır: “ Milli faciəmiz ondadır ki, XIX əsrin əvvəllərindən başlayaraq, görkəmli Avropa və erməni tarixçiləri…M.Xorenatsidən və onun şəxsində Mesrop Maştosdan imtina etdikləri halda… “bizimkilər”, hətta müstəqil dövlətçiliyimizin bu günündə də, yeri gəldikcə “erməni tarixinin atası” kimi M.Xorenatsiyə,…Mesrop Maştosa …sığınaraq, sözün əsl mənasında, erməni ideoloji irtica maşınının arxasında görünməz olurlar”. “Orijinalı” meydanda olmayan kitabın müəllifi M.Xorenatsinin V əsrdə deyil, daha sonrakı yüzilliklərdə yaşamış neçə-neçə naməlum keşişləri ümumiləşdirən anonim müəllif olduğunu dönə-dönə vurğulayan  Əjdər Tağıoğlu erməni tarixşünaslığına ilk mötəbər mənbə sayılmış M.Xorenatsinin “Armeniya tarixi” ilə bağlı həqiqətləri geniş oxucu dairəsinə, xüsusən də tarixçi-mütəxəssislərə çatdırmağa səy göstərmişdir. Kitabın qısa “Ön söz”ü, ondan da qısa, amma mahiyyəti bitkin məzmunda açıqlayan annotasiyası tədqiqatçı qənaətidirsə, “Son söz”ü bir haraydır, tədqiqatçılara vətəndaş çağırışıdır.

Bu gün Azərbaycan elminə siyasi sifariş var. Amma bu qərəzdən, konyunkturadan uzaq bir məqsəd güdür: obyektiv tədqiqat aparmaq, gerçək tarix yazmaq. Bu istiqamətdə son illər az işlər görülməyibdir. Tarixçi alimlərimizin zəhmətini qiymətləndirməklə yanaşı, görülməli işlərin də az olmadığını etiraf etməliyik.  

 

 Firdovsiyyə Əhmədova, 

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

“Tarix” kafedrasının müdiri,

əməkdar müəllim

           

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png