Yeni orfoqrafiya lüğəti bu prinsiplər əsasında hazırlanacaq – Möhsüm Nağısoylu AÇIQLADI

"2018-ci ildə nəşr ediləcək yeni Orfoqrafiya lüğətində əvvəlki lüğətdən bir sıra fərqlər olacaq".

ONN media xəbər verir ki, bu sözləri Dilçilik İnstitutunun direktoru Möhsüm Nağısoylu deyib.

Direktor bildirib ki, əvvəlki nəşrdə yalnız 36 orfoqrafiya qaydası var idi, yeni lüğətdə isə 62 orfoqrafiya qaydası və izahları yer alacaq: “Yeni qaydalara bir sıra yeni maddələr də əlavə edilib. Dünya dilçilik elmində orfoqrafiya qaydalarına görə sözlər deyildiyi kimi yazılır, yəni fonetik yanaşma əsas götürülür. Bizdə həm ənənəvi, həm fonetik, həm də qrammatik prinsipinə əsaslanıb. Lakin yeni lüğətdə qaydaların fonetik yanaşmaya əsaslanmasına üstünlük verilib”.

M.Nağısoylu yeni lüğətdəki yeniliklərə də toxunub: “İyyət” şəkilçi bu vaxta qədər iki “yy” hərfi ilə yazılırdı, bundan sonra bir “y” hərfi ilə yazılacaq. Sözlərin bu cür yazılması türkdilli xalqlar üçün ortaq dilin yaradılması işini də asanlaşdıracaq. Alınma sözlərdə “ss” ilə yazılan sözlər bir “s” ilə yazılması tövsiyə edilir. Bu “ss” hərfinin sözün əvvəlində gəlməsi hallarına da aiddir. Veb-dizayner, veb-səhifə kimi sözlərin defislə yazılması tövsiyə olunur. Sonu saitlə bitən sözlərə idi, imiş hissəcikləri də sözə bitişik yazılması tövsiyə edilir. Milli mənşəli sözlərin yazılış qaydaları da ilk dəfə olaraq yeni lüğətdə yer alacaq”.