ONN İnformasiya Agentliyi

Yeni təhsil naziri hansı keyfiyyətləri daşımalıdır?

Yeni təhsil naziri hansı keyfiyyətləri daşımalıdır?
11 Dekabr 2017 - 8:12

Təhsil eksperti Əjdər Ağayev: “Müasir düşüncəli, ortayaşlı birini münasib bilərdim”

Azərbaycanda təhsil naziri postuna hələlik təyinat olmayıb. Təhsil hər kəsin həyatında birbaşa rol oynadığından yeni nazirin kimliyi, hansı keyfiyyətləri daşımalı olduğu məsələsi ətrafında sosial şəbəkələrdə, mediada müzakirələr açılması da təbii qarşılanmalıdır.

Təhsil eksperti Əjdər Ağayev bildirdi ki, hər bir sahədə çalışan şəxs peşəkar olmalıdır: “Təhsil sistemi isə daha spesifik sahədir. Təhsil naziri təyinatında ilk növbədə düşünürəm ki, peşəkarlıq əsas götürüləcək və götürülməlidir də. Bizdə təhsilin inkişafı üzrə hədəflər var. Onlardan birincisi peşəkarlığın artırılmasıdır. Digər tərəfdən, insan təşkilatçılıq qabiliyyətinə malik olmalı, həm aşağı, həm orta vəzifələrdə çalışan şəxslərlə insanı və hüquqi əsaslarla davranmağı bacarmalıdır. Qayda-qanunların, tələblərin yerinə yetirilməsi, prinsipial mövqedə olmaq çox vacibdir. Kiminsə sözü ilə pisə yaxşı demək, yaxşıya da pis demək olmaz. Biz müasir dövrümüzdə dünya təcrübəsinə inteqrasiya olunuruq. Dünyanın qabaqcıl iş təcrübəsini tətbiq edirik. Elm sərhədləri çoxdan götürülüb, ümumiyyətlə, yoxdur. Bu sərhədlərin götürülməsindən istifadə etməliyik,  dünyanın qabaqcıl pedaqoji təcrübəsini əsas götürməliyik. Amma Azərbaycanda Amerikanın təcrübəsini orada olduğu kimi tətbiq edilməli deyil, öz təhsilimizin təcrübəsinə uyğunlaşdıraraq müasirləşməyə gedilməlidir. Avropanın, Qərbin  təcrübəsini xüsusilə, tərbiyə məsələlərində olduğu kimi tətbiq etmək olmaz. Texnologiyada demək olar ki, hər ay yeniliklər baş verir. Bunlar da sırf elmi yanaşmalardır. Baxmayaraq ki, hazırda Azərbaycan təhsili, onun elmi mexanizmləri inkişaf edir, yeni təmirli binalar tikilir, bunların hamısı çox yaxşıdır.  Amma çatışmayan hal var ki, bu binanın içərisindəki keyfiyyət necədir, pedaqoji proses necədir. Gələn nazir ola bilsin ki, intellektual bir şəxs olsun, bizim keyfiyyətlərə yiyələnmiş olsun, bacarığı olsun. Heç pedaqoji təhsilli olmaya da bilər. Amma onun ətrafında, nazirlik və idarələrdə təmsil olunan şəxslər sırf pedaqoq, müəllim olmalıdırlar. Çünki işi görən, icra edən əsas onlardır. İndi təhsil sistemimizdə pedaqoji təcrübəsi olmayan şəxslər çoxdur. Xarici dili bilirlər, amma Azərbaycanın pedaqoji təcrübəsindən, onun tarixindən xəbərsizdirlər. Hətta bugünkü pedaqoji təcrübəmizdən xəbərləri belə yoxdur. Onların davranışlarında bunlar özünü göstərir. Məktəbə gedəndə sanki ora inzibati işçi getmiş təsiri bağışlayırlar. Bunlar da pedaqoji aləmdə yaşayan insanlarda narazılıqlar yaradır.

Bu sahədə çalışanlarda pedaqoji mərifət, yanaşma olması çox vacibdir. İstərdim ki, yeni gələn nazir özünün komandasını müəyyən edəndə onlar hamısı müəllimlər olsun. Prezident kimi nazir təyin etsə, təbii, biz bunu yüksək dəyərləndirəcəyik. Digər tərəfdən inamın formalaşdırılması da çox vacibdir. Əgər pedaqoji təcrübəyə düzgün müdaxilə halları olursa, o zaman pedaqoji cəmiyyətin inamı formalaşır. Kadrın düzgün seçilməsi cəmiyyətin özündə o kadra inamı formalaşdırır. Burda psixoloji məsələlər də çox önəmlidir. Müəllimlərin inkişafı məsələlərinə də ciddi fikir vermək lazımdır. Müəllim pillə-pillə yüksəlib gəlib o vəzifəni tutmalıdır. Amma müəllim yerində sayır, onu diqqətə alan yoxdur, pedaqoji sahədə vəzifələrə isə tamam başqa sahələrin adamları gəlir. Axı bu müəllimi küsdürür, az qala peşəsindən kənarlaşdırır.

Düzdür, hər il çoxsaylı insana "Əməkdar müəllim" adı verilir, amma 65 yaşına çatan kimi müəllim xaric olunur. Hazırlanan dərsliklər hər il tənqid olunur, bundan əlavə, təhsilimizdə çoxsaylı problemlər mövcuddur. Bunları həll etmək üçün peşəkar adam lazımdır, yaxud peşəkar komandaya sahib olmaq çox vacibdir. İstərdim ki, bu cəhətlər təyinatda mütləq nəzərə alınsın. Təhsilin problemlərindən xəbərsiz biri o vəzifəyə təyin olunanda isə araşdırmalar aparıb, çatışmazlıqları öyrənməsi kifayət qədər zaman tələb edəcək. Azərbaycanda təhsil üzrə xeyli QHT-lər fəaliyyət göstərir, mətbuat, informasiya agentlikləri də az deyil, bütün bunların təklif və fikirlərindən, gücündən istifadə etmək də vacibdir. Optimal variantda ən səmərəli sistem yaratmaq mümkündür. Yəni bu həm hamını razı salsın, həm də dövlətin təhsil siyasətinə xidmət etsin. Düşünürəm ki, bu cəhətlərin nəzərə alınması yeni nazirin təyinatında nəzərə alınacaq”.

Təhsil eksperti yeni nazirin gənc, yoxsa orta yaşlı olmaması məsələsinə dair fikirlərini də bölüşdü:“Gənclik enerjidir, gənclik fəal düşüncədir, amma peşələrdə xüsusiyyətlər var. Hər bir peşənin öz xüsusiyyəti var. Müəllimlik təcrübəsi olmayan şəxs yaxşı müəllim ola bilməz. Məsələn, ali məktəbi bitirən kimi diaqnostik imtahan keçməyə razı deyiləm. Ona görə də, mənə elə gəlir ki, burada 45-50 yaşlı orta insan olsa daha sərfəlidir. Çünki gəncliyin nə qədər fəallığı, enerjisi olsa da, təcrübə əsl universitetdir, əgər bir insanın təcrübəsi yoxdursa, o səhvlərə yol verir. Çox yaşlı birinin nazir olmasını da demirəm. Müasir düşüncəli, ortayaşlı birini münasib bilərdim”.(YM)

ONNmedia

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png