ONN İnformasiya Agentliyi

14 yanvar Zahid Xəlilovun doğulduğu gündür

14 yanvar Zahid Xəlilovun doğulduğu gündür
14 Yanvar 2020 - 10:01

Unutmayaq, unutdurmayaq!

14 yanvar (d.1911- ö.1974) görkəmli riyaziyyatçı alim, akademik, 1962-1967-ci illərdə Azərbaycan ssr Elmlər Akademiyasının Prezidenti olmuş Xəlilov Zahid İsmayıl oğlulduğu gündür. 

Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur. Milliyyətcə qarapapaq (tərəkəmə) türküdür.

Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir.

1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında “Kleb məsələsi və onun ümumiləşməsi” mövzusunda dissertasiya müdafiə etmişdir.

1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır.

1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Zahid Xəlilov 1946-cı ildə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur.

Artıq 1950-ci illərin əvvəllərindən başlayaraq Zahid Xəlilovun elmi  əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatlarında çap olunaraq ona şöhrəti gətirmişdir. Zahid müəllim nəinki Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, SSRİ-də ilk “Funksional analiz” dərsliyini hələ 1949-cu ildə o yazmışdır.

Zahid Xəlilov 1950–ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Zahid Xəlilov 1957-1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olmuşdur. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.

Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Zahid Xəlilov SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçilmiş, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri ilə təltif olunmuş, bir çox başqa mükafatlara layiq görülmüşdür.

1974-cü il fevral ayının 4-də 63 yaşında vəfat etmişdir.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png