20 fevral Firəngiz Şərifovanın vəfat etdiyi gündür

20 fevral (1924 – 2014) – Azərbaycanın xalq artisti Firəngiz Şərifovanın vəfat etdiyi gündür.

Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti 1937-ci ildə şəxsiyyətə pərəstiş dövründə haqsız yerə tutulub və “xalq düşməni” kimi 16 noyabr 1938-ci ildə güllələnən Abbas Mirzə Şərifzadə, anası SSRİ xalq artisti, görkəmli aktrisa Mərziyyə Davudovadır.

O, səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı
Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının
(indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya
təhsili alıb və soprana səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.

Dramaturq Cəfər Cabbarlının təkidi və atası
Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında “Oqtay Eloğlu”nda
Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib. Qanla və
südlə aktyorluq peşəsi, təşnəli sənət ehtirası, alovlu istedad bütün varlığına
hopmuş Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub.

 1949-cu ilin əvvəllərində bu sənət
ocağı məcburi özünümaliyyələşdirmə iş üsulüna keçirildiyinə görə müvəqqəti
bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin
(bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc
Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb.

Tezliklə teatrın repertuar ağırlığını çəkən əsas
aktyorlardan biri olub. Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya
anadan doğulmasının altmış illiyi munsibətilə təntənəli yubiley keçirilib.
Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-də Akademik Milli
Dram Teatrına işə götürülüb.

O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər
işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada
bilib. Qüdrətli aktrisa yaşının və sənətinin erkən yeteinlik çağında, 1965-ci
ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və ömrünün sonunadək oranın
aparıcı sənətkarı olmuşdur.

20 fevral 2014-cü il tarixdə Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin.