22 may Mehdi Məmmədovun doğulduğu gündür

Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu, əməkdar incəsənət xadimi, SSRİ Xalq Artisti, Sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada papaqçı Əsədulla kişinin ailəsində doğulub. Amma doğum tarixinin 1915-ci ildə olma ehtimalı da var. 1922-ci ildə ailəsi, deyilənə görə, güzəran səbəbilə Bakıya köçür. 1931-ci ildə Bakıda 7 illik məktəbi bitirən Mehdi aktyorluq sevdasına düşür. Dindar Əsədulla kişi əlbəttə ki, razılaşmır, acıqlanıb, əngəlləyir. Amma Mehdi fikrini dəyişmir. Onun teatr sevdasına düşməsi o zaman qadın rollarını oynayan Cəlil Bağdadbəyovun təsiri idi. Mehdi onlarla qonşuluqda yaşayan Cəlilə tamaşalardakı mətnləri köçürmək işində kömək edirdi. Az sonra Mehdi bir aktyorun köməkliyi ilə Türk Bədaye Teatrının yardımçı heyətinə işə götürülür. Gələcək rejissor kütləvi səhnələrdə oynayır və teatr texnikumunda Hüseyn Cavid kimi dahidən təhsil alır.

1935-ci ildə Teatr texnikumunu bitirən Mehdi Məmmədov Moskvaya Teatr Sənəti İnstitutuna yollanır. 4 ay oxuyandan sonra instituta ərizə yazıb, bir illik möhlət istəyir (əsəbləri qaydasında olmadığına görə). Bu gərginliyi bir neçə səbəblə bağlamaq olar: əvvəla Mehdi Məmmədov onda rus dilini pis bilirmiş, sürəkli oxumaq və dillə bağlı kompleks keçirmək onun əsəblərini pozur. Başqa bir versiyaya görə, uğursuz bir sevgi əhvalatı yaşayır, amma daha ən dəqiq atasının xəstəliyi və vəfatı olur. Bu ərəfələrdə rejissor ruhi xəstəxanada müalicə alır. Müalicədən sonra cümlələrində səhv tutmasınlar deyə, fikirləşib sonra danışır və get-gedə bu, onda vərdişə, xarakterə çevrilir. Sonralar Mirzağa Əliyev zarafatla deyirmiş ki, Mehdi Məmmədova bu gün salam versən, əleyksalamı sabah alarsan…

1937-ci ildə Abbas Mirzəni
Bakıda həbs edib güllələyirlər. Mehdi Məmmədov bu zaman Moskvada təhsilini
davam etdirirmiş. Nemiroviç Dançenko kimi teatr bilicilərinin yanında təcrübə
keçir.

Rejissor debütünü Gəncə
teatrında edir. 1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn
Təhmasibin “Bahar” dramını diplom işi kimi tamaşaya hazırlayıb. Bütün
bu vaxtlar ərzində ən yaxın dostu olan Rza Təhmasiblə məktublaşır.

Müharibə illərində Mehdi Məmmədov
qəhrəmanlıq ruhlu tamaşalar hazırlayır. Onların içində bir risklisi də olur –
“Vaqif” dramı. Adil İsgəndərovun məşhur-cahan tamaşasından sonra onu yenidən
hazırlamaq nə demək idi? Fakt odur ki, onun “Vaqif”i (1942) o qədər də maraqla
qarşılanmadı. Amma Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” pyesinin
tamaşası uğurlu olur, həm də bu yerdə artıq onların adını afişada bir yerdə
oxumaq mümkün olur – Mehdi Məmmədov və Barat Şəkinskaya. Bu həm də sevgi
romanının afişasıdır.

Elə bu tamaşadan bir az sonra
Barat xanımı Bakıya –Akademik Milli Dram Teatrına çağırırlar. Bir yandan
saymazlıq, bir yandan Baratsızlıq. Nə etsin? Mehdi Məmmədov Moskvaya
aspiranturaya getmək qərarını verir. Amma vəziyyət dəyişir: Barat xanım Mehdi
Məmmədovu da dəvət etməyincə Bakıya gəlməyəcəyini deyir. Beləliklə, Mehdi
Məmmədov Akademik Milli Dram Teatrına – Adil İsgəndərovun teatrına gəlir.
Əlbəttə ki, həyatında dəyişikliklər çox olur – Teatr İnstitutunda dərs deməyə,
Barat Şəkinskaya və onun balaca qızı Solmaz Həmzəyeva ilə birgə yaşamağa
başlayır. Bu illərin bir uğuru da on ildən artıq repertuarda olmuş “On ikinci
gecə” tamaşası olur ki, oradakı Viola obrazını da Barat xanım özü yaradır.
Hətta 8 aylıq hamilə ikən gənc bir qızı – üstəlik bəzi səhnələrdə kişi rolunda
necə oynaması indiyədək sirr olaraq qalır. 1946-cı ildə Barat xanımla Mehdi
Məmmədovun oğlu Elçin dünyaya gəlir. Elçin Məmmədovu geniş tamaşaçı “Yeddi oğul
istərəm”dəki Mirpaşadan tanısa da o, teatr aləmində peşəkar, istedadlı teatr
rəssamı kimi məşhur idi.

“On ikinci gecə”ni Barat
xanım oğlu doğulandan 15 gün sonra yenidən oynayır. Bu tamaşada Hökümə
Qurbanova Orsinionu oynayır. Deyilənə görə, rejissor özü də quruluş verdiyi
pyesdəki kimi qarmaqarışıq sevgi üçbucaqlarına düşürdü və teatrın gözəl
aktrisaları ona aşiqliyini gizlətmirdilər də.

Bu söhbətlər böyüyürdü və
onun Barat Şəkinskaya ilə münasibətlərinə təsir edirdi. Sevgi romanı bitirdi.
Onlar sivil şəkildə, anlayışla ayrılırlar və övladları Elçinin atası ilə
qalmasında razılığa gəlirlər. Bu ayrılıq aktrisa və rejissor kimi
münasibətlərinə ziyan vurmur. Ayrılıqdan çox yox, cəmi bir il sonra Barat
Şəkinskaya Mehdi Məmmədovun “Mehmanxana sahibəsi” tamaşasında Mirondalinanı
oynayır. Görünür ki, Barat xanım keçmiş əri ilə münasibətlərinə ironik
yanaşırdı. “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasını hazırlayanda rejissor
aktyorları qəhrəmanın psixoloji vəziyyətini anlatmaq üçün dəlixanaya aparmaq
qərarına gəlir. Barat xanım getməkdən imtina edir. Avtobusda gedərkən Vəlixanlı
familiyalı aktyor hamıya eşitdirə-eşitdirə Mehdi Məmmədovdan soruşur: “Mehdi
müəllim, Barat xanım hanı?”. Mehdi Məmmədov adəti üzrə dərindən nəfəs alıb,
handan-hana cavab verir: “Barat xanımın dəlixanaya getməyə ehtiyacı yoxdur”.
Əlbəttə, bu söhbəti əlavələrlə Barat xanıma çatdırırlar ki, bəs, Mehdi Məmmədov
dedi ki, onun dəlixanaya ehtiyacı yoxdur, o, elə binədən dəlidir. Barat xanım
bunun qisasını məşqdə alır. Aktyorların birindən xahiş edir ki, məşqdə Mehdi
Məmmədovun yanında ondan dünən dəlixanaya niyə getmədiyini soruşsunlar. Belə də
edirlər və Barat xanım cavabında əli ilə keçmiş ərini göstərib gülə-gülə deyir:
“Mənim dəlixanaya getməyə ehtiyacım yoxdur, düz yeddi il bir dəli ilə bir evdə
yaşamışam…”

1956-cı ildə Mehdi Məmmədovu
Sov. İKP-a üzvlüyə qəbul edirlər bu partiya bileti cibində o, Opera və Balet
Teatrının baş rejissoru vəzifəsinə keçir.

Bir il sonra o, bu teatrda öz
rejissor debütünü edir: “Lakme” operası. Bu operanın premyerasından ikicə ay
sonra onun quruluşunda “Azad” operası oynanılır. 1958-ci ildə “Mehdi Əsədulla
oğlu Məmmədov yoldaşa SSRİ-in Xalq Artisti adı” verilir.

Elə həmin il Opera və Balet
teatrında “Leyli və Məcnun” hazırlanır. Rejissorların (Mehdi Məmmədov, Soltan
Dadaşov) qurduğu mizanlar maraqlı yanaşmalar təklif edirdi:

“Gecənin qaranlığında şam
tutmuş Leyli (xanəndə sara Qədimova) şəbəkə arxasında həyəcanla ora-bura
gedirdi və aktrisanın kölgəsi səhnənin arxa pərdəsinin üzərinə düşürdü. Bu
mizan operanın mənalar müstəvisindən bir fikri tutub xüsusilə işıqlandırdırdı:
Leyli zülmət səltənətindədir, Leyli vərdişlərin, şakərlərin, ənənələrin,
stereotiplərin türməsindədir!”

1976-cı ildə Mehdi Məmmədov
yenidən “Leyli və Məcnun”u səhnələşdirdi. Tamaşaçısını isə, yeni quruluşdan
çox, yeni Leyli maraqlandırırdı: Nəzakət Məmmədova.

Amma artıq o, opera teatrının
baş rejissoru deyildi. 1960-cı ildə ona sovet məfkurəsinə sadiq, etibarlı biri
kimi Milli Dram Teatrı kimi ideoloji bir müəssisədə baş rejissor vəzifəsini
əmanət etmişdilər. Milli teatrda o, “Əliqulu evlənir”, “Şadlıq sorağında”,
“Alov”, “Kəndçi qızı” kimi tamaşalar hazırlayır. Sonuncu əsərə görə müəllif
Mirzə İbrahimov Lenin mükafatına layiq görülür. Halbuki, bu əsəri Mehdi
Məmmədov publika üçün diriltmişdi və 23-25 yaşlı Bənövşə obrazını ondan iki-üç
dəfə böyük Hökumə Qurbanovaya vermişdi. Təəccüblü də odur ki, bu tamaşada bu
ifanı tənqidçilər tərifləmişdi.

Mehdi Məmmədov üçün Hökümə
Qurbanova qüdrətli aktrisa idi, yoxsa onun yaradıcılığına bütöv bir kitab
(“Onun sənət ulduzu”) həsr etməzdi. Amma Akademik Milli Dram Teatrı o zamanlar
konfliktlərin, intriqaların qaynadığı məkan idi və nə baş verdisə, 1963-cü ildə
Mehdi Məmmədov ərizəsini yazıb teatrdan getdi. Bu haqda özü bircə kəlmə dedi:
“Mənim əxlaqımla onların əxlaqı düz gəlmədi”. Fakt isə budur ki, o, özünü və
istedadını vəzifəyə, intriqalara və dedi-qoduya qurban vermək istəməmişdi.

Vəzifədən getdikdən sonra düz
6-7 il tamaşa hazırlamadı, alimlik fəaliyyəti ilə məşğul oldu – “Hüseyn
Ərəblinski”, “Mirzağa Əliyev” monoqrafiyalarını, “Teatr düşüncələri” kitabını
yazdı…

Mehdi Məmmədov səhnə sənətinə
aktyorluqla başlayıb. Teatr məktəbində Karl Moor (“Qaçaqlar”,
Şiller), Hacı Əhməd (“Almaz”, Cəfər Cabbarlı), Moskvada Lunaçarski
adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko (“Günəş övladları”,
Maksim Qorki), Neznamov (“Günahsız müqəssirlər”, Aleksandr Ostrovski)
rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin
“Yanğın”, Seyid Hüseynin “Kölgə” dramlarındakı Gənc aqronom
və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun “Vaqif”,
“Xanlar”, Mirzə İbrahimovun “Madrid”, Məmmədhüseyn
Təhmasibin “Bahar”, Mehdi Hüseynin “Nizami” pyeslərinin
tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb.
Akademik teatrda isə “Alov”da Kamalov, “Canlı meyit”də
Protasov, “Xəyyam”da Xəyyam, “Meşşanlar”da Terenti Teterov
rollarında çıxış edib.

“Azərbaycanfilm”in
1959-cu ildə istehsal etdiyi “Onu bağışlamaq olarmı?” filmində Qaya
roluna çəkilmişdir. Radio teatrında Şekspirin “Hamlet” faciəsində baş
rolu səsləndirib.

Rejissor Mehdi Məmmədov xalq
artisti Şəfiqə Məmmədova ilə də evli olub. Şəfiqə Məmmədova Mehdi Məmmədovdan
nə az, nə çox 27 yaş kiçik olub.

Görkəmli rejissorun
hazırladığı tamaşalar

Gəncə teatrında
“Bahar” (Məmmədhüseyn Təhmasib), “Madrid” (Mirzə
İbrahimov), “İntiqam” və “Qatır Məmməd” (Zeynal Xəlil),
“Məşədi İbad” (Üzeyir bəy Hacıbəyov), “Od gəlini” və
“Oqtay Eloğlu” (Cəfər Cabbarlı), “Toy” (Sabit Rəhman),
“Vaqif” (Sə-məd Vurğun), “Nə yardan doyur, nə əldən qoyur”
(Lope de Veqa), “İntizar” (İlyas Əfəndiyev və Mehdi Hüseyn),
“Nizami” (Mehdi Hüseyn), “Partizan kostya” (Nadejda
Filippova), “Vasvası xəstə” (Jan Batist Molyer) dramlarının quruluşçu
rejissoru olub.

Milli Dram Teatrında ilk işi
1946-cı ildə Şekspirin “On ikinci gecə” komediyasının tamaşası olub.
Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının “Yaşar”
(1947), Aleksandr Fadeyevin “Gənc qvardiya” (1948), Sabit Rəhmanın
“Aydınlıq” (1949), “Əliqulu evlənir” (1961), Lope de
Veqanın “Rəqs müəllimi” (1949), Əbdürrəhim bəy Haqverdiyevin
“Dağılan tifaq” (1950), Məmmədhüseyn Təhmasibin “Çiçəklənən
arzular” (1951), Nikolay Qoqolun “Müfəttiş”, Karlo Haldoninin
“Mehmanxana sahibəsi” (1952), Yuri Yanovskinin “Prokurorun
qızı” (1954), Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura
düşdük” (1955), İmran Qasımovla Həsən Seyidbəylinin “Uzaq
sahillərdə” (1956), Viktor Rozovun “Şadlıq sorağında” (1961), Mehdi
Hüseynin “Alov” (1961) Mirzə İbrahimovun “Kəndçi qızı”
(1962), Lev Tolstoyun “Canlı meyit” (1968), Hüseyn Cavidin
“Xəyyam” (1970) və “İblis” (1983), Səməd Vurğunun
“İnsan” (1974), Maksim Qorkinin “Meşşanlar” (1975), Cəlil
Məmmədquluzadənin “Dəli yığıncağı” (1978) əsərlərinə müxtəlif
janrlarda səhnə həyatı verib.

Opera və Balet Teatrında
Fikrət Əmirovun “Sevil” (1953 və 1959), Leo Delibin “Lakme”
(1957), Cahangir Cahangirovun “Azad” (1957), Üzeyir bəy Hacıbəyovun
“Leyli və Məcnun” (1958 və 1978), “Koroğlu” (1959), Cakomo
Puççininin “Toska” (1960) operalarına quruluş verməklə, bu teatrda
fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında Maksİm
Qorkinin “Həyatın dibində” və Mixail Şatrovun “Mənim Nadejdalarım”
dramlarının quruluşçu rejissoru olub.

1945-cı ildən ömrünün sonuna
qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs
deyib, kafedra müdiri vəzifəsində işləmişdir. 1968-ci ildə “Azəri
dramaturgiyasının estetik problemləri” mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdi. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq
doktoru Mehdi Məmmədov “Azəri dramaturgiyasının estetik problemləri”,
“Teatr düşüncələri”, “Teatrlar. Aktyorlar. Tamaşalar”,
“Hüseyn Ərəblinski”. “Onun sənət ulduzu”, “Moskva Akademik
Bədaye Teatrı”, “Aleksandr Tuqanov” (rus dilində),
“Rejissor sənəti”, “Sabit Rəhman” və digər kitabların
müəllifidir.

Zəngin elmi təfəkkürə malik
olan Mehdi Məmmədov milli teatrşünaslıq elmimizin inkişafında, resenziya
janrının formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971-1976-cı illərdə
Azərbaycan Teatr Cəmiyyətinin (hazırki Teatr Xadimlərı İttifaqı) sədri
seçilmişdi. Görkəmli alimin yazdığı və dərslik kimi keçilən “Rejissor
sənəti”, “Həyat və sənət yollarında”, “Mah teatr”
kitabları elmi dəyərlərini bu gün də saxlamaqdadır.

Akademik teatrda hazırladığı
Hüseyn Cavidin “İblis” faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət
mükafatı ilə təltif olunub.

Mehdi Əsədulla oğlu Məmmədov
1985-ci il yanvar ayının 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn
olunub.