ONN İnformasiya Agentliyi

22 yanvar Bəhruz Kəngərlinin doğulduğu gündür

22 yanvar Bəhruz Kəngərlinin doğulduğu gündür
22 Yanvar 2023 - 9:20

Unutmayaq, unutdurmayaq!

22 yanvar (1892– 1922) – Azərbaycan rəssamı, boyakar və qrafik Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşmasının banisi Bəhruz Kəngərlinin ( əsl adı Şamil Şirəli bəy oğlu Kəngərli) doğum günüdür.

Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı – Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq – Davud, Rüstəm və Gültac dünyaya gəlib.

Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. O, oğlunu “Xeyriyyə” adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir. Atasının abunəçi olduğu “Molla Nəsrəddin” jurnalını varaqlamaq Bəhruzun mənəvi aləminə qida verir. O, jurnalda dərc olunan felyetonlarla, karikaturalarla tanış olur, məzəli şəkillərin üzünü çıxarmaqla rəsm çəkməyin sirlərini öyrənir. Bu ilk vərdişlər Bəhruzun rəssamlıq sənətinə sevgisini gücləndirir. Bu məqsədlə Bəhruz Kəngərli 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olur və 5 il ərzində orada təhsil aldıqdan sonra 1915-ci ildə Naxçıvana qayıdır.

Zaqafqaziyanın mühüm mədəni mərkəzi Tiflis şəhərində “İncəsənəti təşviq cəmiyyəti” nəzdində təşkil edilmiş rəssamlıq məktəbinin ilk azərbaycanlı məzunu Bəhruz Kəngərli orada özü­nün istedadının hərtərəfli inkişafı üçün əlverişli zəmin tapır. Məktəbdə təhsil rus akademik təhsili sisteminə əsaslanırdı və şəhərin qabaqcıl rəsm müəllimləri tərəfindən aparılırdı. Gürcü rəssamları Qiqo Qabaşvili, Aleksandr Mrevleşvili, heykəltəraş Yakov Nikoladze, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edən Oskar Şmerlinq kimi müəllimlər öz tələbələrinə peşəkar rəssamlıq prinsiplərini, Avropa mədəniyyətinin nailiyyətlərini aşılayırdılar. Bəhruz Kəngərlinin tələbəlik illərində “Molla Nəsrəddin” jurnalının təsiri altında çəkdiyi rəsm və şarjları bunu aydın sü­but edir.

Bəhruz Kəngərlinin təhsil illərində çəkdiyi akademik rəsmlərinin nümunələri bizə gəlib çatmışdır. Onun karandaş, kömür, sulu və yağlı boyalarla işlədiyi bir sıra rəsmləri, o cümlədən qədim Yunan və Roma incəsənətinin şah əsərlərindən “Apollonun başı”, “Laokoon”, Mikelancelonun “Qandallanmış qul” kimi büst və heykəllərin rəsmləri buna misal ola bilər. Bunlar gənc rəssamın canlı naturadan işləyib sərbəst rəsm vərdişlərinə uğurla yiyələndiyini göstərir. O, cansız gips heykəllərin surətini köçürməklə kifayətlənmir, eyni zamanda canlı naturadan Öz müəllimlərinin, tələbə yoldaşlarının portretlərini də çəkir, insanın zahiri görünüşünü, bənzəyişini, psixoloji cizgilərini real tərzdə canlandırmağa müvəffəq olur.

Təhsil illərində Bəhruz Kəngərli yay tətillərini Gürcüstanın səfalı yaylaqlarında, Qara dəniz sahillərində, eləcə də doğma Nax­çıvanda keçirir və görüb müşahidə etdiyi həyat lövhələrini, müasirlərinin surətlərini fırçaya alır, sevdiyi peşəsini yorulmadan təkmilləşdirməyə, rəsm qabiliyyətini cilalamağa çalışırdı. Həmyerliləri arasında bacarıqlı rəssam kimi tanınan Kəngərli sənət həvəskarları tərəfindən müəyyən sifarişlər də verilirdi.Hələ tələbə ikən 1914-cü ildə Naxçıvanda onun ilk fərdi sərgisi təşkil olunmuş, sənət həvəskarlarının nəzər-diqqətini cəlb etmiş, mətbuat səhifələ­rində rəğbətlə işıqlandırılmışdır. Şəhərin qabaqcıl ziyalıları sərgini yüksək qiymətləndirmiş, mətbuatda verilən məqalədə “Bəhruz bəy cənablarının bundan daha gözəl, bundan daha artıq rəsmlər yaratmağa nail olmasını” arzu etmişlər.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png