ONN İnformasiya Agentliyi

24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür

24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür
24 Fevral 2024 - 9:05

Unutmayaq unutdurmayaq!

24 fevral (1864-1940) Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan – türk içtimai fikrinin ən görkəmli nümayəndələrindən biri, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, XX əsr Azərbaycan mətbuatı və publisistikasısı sahəsində müstəsna xidmətləri olan jurnalist – Əli bəy Hüseynzadənin (Əli Hüseyn Turan) doğum günüdür.

1864-cü il 24 fevralda Salyanda anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.

Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812-1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu.

Görkəmli ictimai xadim Ziya Gökalp (1876-1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır.

Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşmışdı. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olmuşdur. Mirzə Fətəli Axundzadə Ziya Gökalp tərəfindən də böyük Türkçü kimi qəbul edilmişdir. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edir.

Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə Türkçülüyün əsaslarını izah etdiyini, “Turan” adlı şeirinin Turançılıq (Pan–Turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirmişdir.

1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Burada dövrün məşhur elm xadimləri – Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, “xalqçılar” hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.

Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png