ONN İnformasiya Agentliyi

28 iyun Vaqif Məmmədovun doğulduğu gündür

28 iyun Vaqif Məmmədovun doğulduğu gündür
28 İyun 2021 - 12:05

Unutmayaq, unutdurmayaq!

Vaqif Məmmədov 1948-ci il iyun ayının 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini (1968) və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini (1975) bitirib.

1970-ci ildən bədii yazıları mətbuatda çap olunur. Şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, Belorusda, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunmuşdur.

YUNESKO xətti ilə Bağdadda keçirilən Füzuli günlərində (1994), Bayburtda keçirilən 7-ci Uluslararası Dədə-Qorqud Kültür-Sənət Şölənində (2001), Ankarada keçirilən “Erməni iddiaları və Azərbaycan gerçəyi” beynəlxalq simpoziumunda (2005), Tehranda və Təbrizdə keçirilən Şəhriyar günlərində (2006), Hollandiyada keçirilən Xocalı soyqırımına aid beynəlxalq simpoziumda (2007), Pakistanda keçirilən “Sufizm və sülh” beynəlxalq konfransinda (2010) iştirak və çıxış etmiş, “Daşkənd təranəsi” beynəlxalq poeziya müsabiqəsinin (1983) və digər bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi olmuşdur.

Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvüdür.

2001-ci ildə “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1995-2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 1968-1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975-1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978-1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982-1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışmışdır. 1996-1998-ci illərdə Naxçıvan MR Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

1998-ci ilin iyun ayından Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru, həmçinin universitetin “Elmi əsərlər” jurnalının redaktoru, “Fikir” jurnalının məsul redaktoru, universitetin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının müəllimi vəzifəsində çalışır. V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan “Oğuz yurdu” qəzetinin nəşrə başladığı vaxtdan (22/III-2000) 2008-ci ilin fevral ayınadək həmin qəzetin redaktoru olmuşdur.

2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

2016-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png