Unutmayaq, unutdurmayaq!
Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, ölkəmizin İstanbuldakı sabiq baş konsulu, şair Abbas Abdullanın anım günüdür.
Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub. 1958-1959-cu illərdə doğma kəndində müəllimlik edib. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1958-1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966) bitirib. Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçib.
Abbas Abdulla “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), “Ulduz” jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub.
Abbas Abdulla Milli azadlıq hərəkatında fəal iştirak edib.
Ədəbi fəaliyyətə “Öyün, vətənim!” adlı ilk şeiri 1957-ci ildə “Şərqin şəfəqi” (Tiflis) qəzetində çap ediləndən sonra başlayıb.
Moskvada, gənc şairlərin V Ümumittifaq poeziya festivalında, qardaş respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edib.
Son illərdə Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil edib. “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub (1980).
Abbas Abdulla 1992-1997-ci illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsində çalışıb.
2019-cu il sentyabrın 4-də uzun sürən xəstəlikdən sonar vəfat edib.
Allah rəhmət eləsin!