ONN İnformasiya Agentliyi

5 aprel Asəf Zeynallının doğulduğu gündür

5 aprel Asəf Zeynallının doğulduğu gündür
05 Aprel 2020 - 15:43

 Unutmayaq, unutdurmayaq!

5 aprel (1909-1932) tanınmış Azərbaycan bəstəkarı Zeynallı Asəf Zeynalabdin oğlunun doğulduğu gündür. 

Asəf Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi,  “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa,  simfonik orkestr üçün  “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun  toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük  iş aparmışdır.  “İbtidai not savadı” adlı dərslik tərtib etmişdir. 

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələmiş, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.

O, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, bu ağır xəstəlikdən vəfat etmişdir.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png