ONN İnformasiya Agentliyi

6 fevral Lütfi Məmmədbəyovun doğulduğu gündür

6 fevral Lütfi Məmmədbəyovun doğulduğu gündür
06 Fevral 2023 - 10:11

Unutmayaq, unutdurmayaq!

Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib.

Lütfi Məmmədbəyov 1927-ci il fevralın 6-da Ağdaş rayonunda anadan olmuşdur. O, 1943-1947-ci illərdə Teatr texnikumunda, 1961-1966-cı illərdə isə Mirzağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunu bitirdikdən sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərmiş, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil olmuşdur. O, oynadığı ilk rollarda diqqəti cəlb etmiş və bir sıra yaddaqalan obrazlar yaratmağa müvəffəq olmuşdur.

Lütfi Məmmədbəyov 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunmuş və ömrünün sonunadək burada çalışmışdır. Azərbaycan və dünya dramaturqlarının bu teatrın səhnəsində tamaşaya qoyulan əsərlərində onun yaratdığı müxtəlif obrazlar sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanmışdır. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirmiş, istedadı, böyük zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində canlandırdığı parlaq və dolğun obrazlarla milli teatr sənətimizi daha da zənginləşdirmişdir.

Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur. O, rejissor kimi həmişə klassik teatr sənəti ideallarına sadiq qalmış, quruluş verdiyi tamaşalarda əsas diqqəti əsərin ali qayəsini bütün çalarları ilə tamaşaçıya çatdırmağa yönəltmişdir.

Lütfi Məmmədbəyov teatrla yanaşı, Azərbaycan televiziyasında da uğurla çalışmışdır. Onun quruluş verdiyi tamaşa və televiziya filmləri obrazların xarakterini açan ifadə vasitələrinin zənginliyi ilə diqqəti cəlb etmişdir. Respublikada ilk çoxseriyalı televiziya filminin rejissoru da Lütfi Məmmədbəyov olmuşdur.

Lütfi Məmmədbəyovun yaradıcılığında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yaratdığı obrazlar özünəməxsus yer tutur. Milli kino mədəniyyətinin zəngin ənənələrindən bəhrələnən sənətkarın çəkdiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil olmuşdur. Lütfi Məmmədbəyov ekran həyatı verdyi bu obrazlarla kino sənəti salnaməmizə parlaq səhifələr yazmişdir. Məharətlə yaradılan, öz təbiiliyi ilə seçilən həmin obrazlar sənətşünaslar, eləcə də minlərlə tamaşaçı tərəfindən böyük rəğbətlə qarşılanmış, yüksək qiymətləndirilmişdir.

Lütfi Məmmədbəyov 1961-ci ildə yaratdığı və uzun illər rəhbərlik etdiyi Xalq teatrında zəngin həyat və sənət təcrübəsindən istifadə edərək, gənclərin bu mürəkkəb sənətin incəliklərini dərindən mənimsəmələri, öz istedadlarını üzə çıxara bilmələri üçün əlindən gələni əsirgəməmişdir.

Onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqojı fəaliyyəti də səmərəli olmuşdur.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png