ONN İnformasiya Agentliyi

Bu gün Əbülfət Əliyevin vəfat etdiyi gündür

Bu gün Əbülfət Əliyevin vəfat etdiyi gündür
27 Dekabr 2022 - 9:20

Unutmayaq, unutdurmayaq!

27 dekabr (d.1926 – ö.1990) – milyonların sevimlisi Azərbaycan Respublikasının xalq artisti, mərhum xanəndə Əbülfət Əsəd oğlu Əliyevin vəfat etdiyi gündür.

Azərbaycan musiqi mədəniyyəti tarixində Qarabağ xanəndəlik məktəbinin ən görkəmli nümayəndələrindən biri kimi daxil olmuş Əbülfət Əsəd oğlu Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb.

Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. Kiçik Əbülfət  O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb. Daha sonralar o, Xan Şuşinski, Seyid Şuşinski, Musa Şuşinski kimi məşhur xanəndələrinin ifasından muğamları, təsnifləri öyrənərək, onların yaradıcılıq ənənələrinə əsaslanaraq, öz orijinal üslubunu yarada bilmişdir. Sonrakı illərdə Əbülfət Əliyev Ağdamda Xan Şuşinskidən və Bahadur Mehralı oğlundan muğam dəstgahlarını dərindən öyrənmişdir. O, zəngin, rəngarəng çalarlı səsə, muğam improvizasiyası bacarığına, qeyri-adi ritm həssaslığına və gözəl qaval çalmaq qabiliyyətinə malik olmuşdur.

Əbülfət Əliyev 7 yaşında ikən atası dünyasını dəyişir. Ailənin güzəranı çətinləşdiyindən onlar Şuşadan köçmək məcburiyyətində qalırlar. Təxminən dörd il Füzuli rayonunda yaşayır, sonra Ağdamda yerləşirlər. O, təhsilini 1 nömrəli şəhər məktəbində davam etdirir. Burada musiqi dərnəyinə yazılır, məlahətli səsi ilə diqqəti çəkir, məktəbin ictimai tədbirlərinə qatılır. Qarabağın el şənliklərində oxuduğu “Ay bülbüllər”, “Kimə yalvarım”, “Uca barıdan aşaram mən”, “Uca dağlar” mahnıları musiqisevərlərin ruhunu oxşayır. Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşır, Bakıdan dəvətlər alır. O, radioda ilk dəfə “Şuşanın dağları” mahnısını ifa edir. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayır.

Azərbaycan Dövlət Filarmoniyasının solisti olur, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1946-cı ildə Elza xanımla ailə həyatı qurub. 1947-ci ildə oğlu Rauf, daha sonra qızı Rəisə dünyaya gəlib.

1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır. Əbülfət Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Əbülfət Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.

Əbülfət Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda – İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.

Azərbaycan Respublikasının xalq artisti (29 iyun 1964) fəxri adını alıb.

27 dekabr 1990-cı ildə vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png