Bu gün Abdulla Şaiqin doğulduğu gündür

Unutmayaq, unutdurmayaq!

Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis, Qafqaz canişinliyi – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1940), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri.

Abdulla Şaiq Mustafa oğlu 1881-ci ilin fevralın 24 -də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olmuşdu.

Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusiflə Abdulla da ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi. Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyirdilər.

Şair “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şerində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırıb, bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb. Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışıb.

1920-ci il aprelin 28-də rus ordusu (XI qırmızı ordu) Azərbaycana soxulur, kommunistlər hakimiyyəti ələ alır. Buna baxmayaraq, A.Şaiq xalqın gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir, bədii yaradıcılıqla məşğul olur. 1923-cü ildə onun ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilir. Çalışdığı gimnaziya “Şaiq nümunə məktəbi” adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan Türk dilində aparılır. Təzə açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və başqa ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət A.Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başladı. “Şaiq Nümunə məktəbi”nin məzunu, hazırda EA-nın müxbir üzvü Məhəmmədəmin Salehli söyləyir ki, bir çox fənlərdən dərsləri bizə Türkiyədən gəlmiş müəllimlər deyirdi. Qocaman pedaqoq və tədqiqatçı Lətif Hüseynzadə gənclərdə milli şüurun formalaşmasında, milli mədəniyyətin, tarixin öyrənilməsində o vaxt fəaliyyət göstərən məktəbin böyük rol oynadığını vurğulayaraq yazır ki, məktəbdə çatışmayan dərslikləri Türkiyədən gətirirdilər. Bütün bu çətinliklərə baxmayaraq Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi tərəqqi tapır. Sovet hakimiyyətinin ilk illərində məktəb iki yerə ayrılır: aşağı şöbələr və siniflər-birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə-ikinci dərəcəli on ikinci məktəb adlandırılır. Akademik M.Salehli söyləyir ki, məktəbin direktoru Qafur Kantemir idi. Abdulla Şaiq ədəbiyyatdan dərs deyirdi. O dərin biliyə malik, öz peşəsinin vurğunu olan hərtərəfli bir şəxs idi. Uşaqlara böyük qayğı ilə yanaşır, onlarla davranışda çox nəzakətli olardı. Biz şagirdlər ona ehtiramla yanaşar, hörmət əlaməti olaraq “Mirzə” deyərdik. 1923-cü ildə “Nümunə məktəbi”nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi “Şaiq Nümunə məktəbi” adlandırmağı qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Bu müddət ərzində məktəbdə sivilizasiyaya doğru inkişaf perspektivləri, əsrin əvvəllərində Azərbaycanın dirçəldilmə imkanları, milli şüurun sürətlə oyanma prosesi nəzərə alınaraq müstəqil və real milli təhsil siyasəti həyata keçirilir.

Bu illər ərzində təlim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan A.Şaiqin “Vəzifə”, “Özü bilsin, mənə nə?”, “Anabacı”, “Əsəbi adam” kimi silsilə hekayələri, “Araz” inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanır. O, həm də “Tənqid-Təbliğ” teatrı üçün əsərlər yazır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazır. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.

Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, “Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənirlər.

Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A. Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir.

Şairin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyən və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə A.Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq doğurur.

Abdulla Şaiqin övladı tənqidçi, ədəbiyyatşünas Kamal Talıbzadədir. Eyni zamanda böyük şair Səməd Vurğun ilə bacanaq idi.

Allah rəhmət eləsin!