ONN İnformasiya Agentliyi

Bu gün Lətif Səfərovun vəfat etdiyi gündür

Bu gün Lətif Səfərovun vəfat etdiyi gündür
09 Dekabr 2020 - 9:51

Unutmayaq, unutdurmayaq!

Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşında ikən rejissor Leo Murun “Gilan qızı” (“Tunc ay”) filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunub. 1928–1931-ci illərdə “Sevil”, “Lətif”, “Şərqə yol”, “Qızıl kol” filmlərində uşaq rollarını oynayıb. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib. Müharibənin başladığı üçün təhsilini yarımçıq qoyaraq Bərdəyə qayıdıb və 1941–1946-cı illərdə burada müəllimliklə məşğul olub. 1946-cı ildə Moskvaya geri dönərək təhsilini davam etdirib. 1950-ci ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya dönüb, kinostudiyada işləməyə başlayıb. 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verib. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkmək həvalə olunub. Bu lentlə o, böyük kinoda ilk filmini yaradıb. Filmin ssenarisini Boris Laskin və Nikolay Rojkov qələmə almışdı və ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun “Arşın mal alan” filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu. “Bəxtiyar” filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsinə çevrildi. Tofiq Quliyevin filmdəki “Zibeydə”, “Qızıl üzük”, “Bakı” mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı tanınmış aktyorlar Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.

“Qızmar günəş altında”, “Leyli və Məcnun” kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bildi.

Lətif Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sonra “Koroğlu” filmini lentə almağa başlayıb. 1963-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılıb.

Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngi ilə intihar edib.

Müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olmuşdur.

Azərbaycan Dövlət Film Fondunda rejissor Lətif Səfərovun şəxsi arxivi yaradılıb.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png