11 may Fuad Əbdürəhmanovun doğum günüdür

Unutmayaq, unutdurmayaq! 11 may (1915-1971) tanınmış heykəltaraş, Azərbaycan SSR Xalq Rəssamı, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, Azərbaycan SSR-in Dövlət Mükafatı laureatı Əbdürəhmanov Fuad Həsən oğlunun doğum günüdür. Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. F.Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir. O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), "Azərbaycanlı qadın" (gips, 1951), "Azadlıq" (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), "Azad qadın" (tunc, qranit, 1960, memar M. Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.