Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Muxtar Qasımovun şəhid olmasının ildönümüdür.
Muxtar Cahid oğlu Qasımov 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. 1975-ci ildə Ağdam şəhər 5 nömrəli orta məktəbini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. Ali təhsilini 1981-ci ildə başa vurduqdan sonra yeddi il Xankəndidə həkim kimi fəaliyyət göstərib.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayandan sonra Muxtar Qasımov Ağdam Rayon Mərkəzi Xəstəxanasında çalışmağa başlayıb. O, əvvəl reanimasiya şöbəsində həkim, daha sonra isə hərbi hospitalda baş ordinator vəzifəsində xidmət edib. Yaralı hərbçilərin müalicəsində göstərdiyi peşəkarlıq sayəsində yüzlərlə əsgərin yenidən döyüş meydanına qayıtmasına töhfə verib.
1992-ci ildə Xocalı faciəsindən sonra cəbhə bölgəsində fəaliyyətini davam etdirən hərbi həkim mart ayında Ağdamda yaradılmış hərbi hospitala təyin olunub. Həmin ilin iyun ayında Naxçıvanik, Aranzəmin, Pircamal və Ağbulaq kəndləri istiqamətində gedən döyüşlərdə yaralı əsgərlərə yardım göstərib.
Muxtar Qasımov 1992-ci il iyunun 16-da Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Muxtar Cahid oğlu Qasımova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Milli Qəhrəmanın xatirəsi bu gün də ehtiramla yad edilir.
