Osman Sarıvəllini UNUTMADIQ!

Unutmayaq, unutdurmayaq!
17 dekabr (1905-1990) Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin doğulduğu gündür.
Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 1905-ci il dekabrın 17-də Azərbaycanın dilbər güşəllərindən olan Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Sonra təhsilini artırmaq məqsədilə Moskva şəhərinə gedərək, burada Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Onun "Dəmir sətirlərim" adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb.
Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.
1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində dəfn edilmişdir.
Allah rəhmət eləsin.