ONN İnformasiya Agentliyi

Yaxşı ki varsan,yaxşı ki,sənin oğlunam.. – Atam Əjdər İsmayılovun doğum gününə- CAVİD İSMAYIL YAZIR

Yaxşı ki varsan,yaxşı ki,sənin oğlunam.. – Atam Əjdər İsmayılovun doğum gününə- CAVİD İSMAYIL YAZIR
22 Aprel 2020 - 21:38

Cavid İSMAYIL.

Gözümü açandan milli kimliyə bağlılığı, Vətənə  sevgini, Azadlıq ruhunu səndən öyrəndim. Hələ sovetlər dönəmində Şərurdakı evimizdə sənin iş otağında divara  bir xalça asılmışdı. O xalçanın yuxarı başında iki böyük  portret yerləşdirilmişdi. İkisi də hərbi geyimdə. Soruşanda kimdi bunlar? Deyirdin ağamdır. Sənin baban! Atam! Evimizə gələn qohumlar da həmin  portretlərin erməni daşnaklarına qarşı  Şərur-Dərələyəz istiqamətində  həmkəndlilərindən təşkil etdiyi  partizan dəstəsinin komandiri, Nuru paşanın ödül verdiyi Partizan Tağı, yəni babam, atamın atası olduğunu deyir, hamı onu  “Ağam”çağırırdı. İllər keçdi, zaman ötüşdü. XX əsrin sonları Milli Azadlıq Hərəkatının başlanğıc sıçrayışı getdiyi zaman bildim ki, o şəkillərdən biri doğrudan da erməni quldurlarına qarşı mübarizə aparmış babam Tağının,  digəri isə Türk dünyasının atası Atatürkündür.Fikir verin, indi çoxlarına bu adi  gələr. Lakin  sovetlər dönəmində evində balaca şəkil nədir, heç adını çəkməyə cürət edilməyən bir dövrdə Böyük ATAMIZIN porteti asılan evdə doğulmuşam , o evdə tərbiyə almışam mən.

Bir neçə il öncə, 45 yaşım olanda sən mənə bir hədiyyə etdin. İlk baxışdan sadə bir  təqvim vərəqi olsa da, əslində  mənə bir dünya bəxş etdin. Bəli, həmin gün- 01 iyun mənim dünyaya gəlişimin 45 illiyi idi. Həyatımın ən mənalı və dəyərli hədiyyəsini mənə təqdim etdin. Bu təqvim vərəqi  həmin gün 45 ili tamam olan və 01 iyun 1972-ci ildə, düz 45 il əvvəl olduğu şaxlıqda qalmışdı. Öz əllərinlə üzərində yazdığın “oğlum Hüseyn Cavid 1 iyun 1972 səhər saat 1.30 anadan olub” sözləri məni məndən aldı və mənalı bir duyğulara sarılmış dünyaya apardı. Hələ də, yaş günüm gələndə ilk həmin anları, həm də  böyük duyğu və fəxrlə xatırlayıram.

Mən özümü dərk etməyə başlayanda sənin iş otağında erməni məkrinə qarşı, rus şovinizmi və imperiyaya qarşı yazdığın yazıların ilk oxucusu və o zamanın yazı makinəsində  ilk yazan köməkçin oldum.

Kitabxanadan bir kitab verərək “bunu oxu, qeydlərini et, başa düşmədiklərini müzakirə edərik” dediyin, eyni zamanda “… amma unutma, bu kitab indi qadağan olub, heç kim bu kitabın bizdə olduğunu bilməməlidir” deyə sirrini bölüşdüyün sirdaşın oldum.

Bakı – Noraşen qatarı ilə yol gedərkən, tikanlı məftilləri göstərib Araz çayını kitabdan oxuduğum kimi deyil, ağrılı-acılı tariximizin bir sipəri kimi tanıtdın mənə. O çayın arxasında Can Azərbaycanın olduğunu sakitçə göstərərək “bax ora da Azərbaycandır” deyəndə  məhz səndən öyrəndim  tarixin acı həqiqətlərini. Elə bundan təsirlənərək hələ 6 -cı sinifdə oxuyarkən Can Araz, Xan Araz şeirini yazdım. İndi də o dəftərçəm qalır. Hər dəfə  o şeirə bənzətmədiyim şeiri oxuyanda  həmin dəftərçəmi götürüb o şeirimi oxuyub xəyallara daldığın günləri xatırlayıram. Məgər şeirimdən çox, Vətən anlayışını oğluna ötürdüyün üçün fərəhlənirmişsən. Bunu artıq indi daha da çox anlayıram. İndi mən də atayam. Sənin Cavidin, mənim Oğuzum var. İndi mən onda həmin  ruhu gördükçə qürurlanır və səni daha çox anlamağa başlayıram.

Zaman gəldi, Milli Azadlıq Hərəkatı bir fırtına tək qopdu. Şükürlər olsun allaha ki, evdə balaça rəngli kağızda bir yerdə düzəltdiyimiz üç rəngli müqəddəs bayrağımızı böyük parçada düzəldib sənin verdiyin tərbiyəndən formalaşan ruhumla meydana çıxanlardan, azadlıq uğrunda səninlə bərabər, çiyin-çiyinə mücadilə edənlərdən oldum. Zamanında qatardan göstərdiyin o tikanlı simləri əlimlə qırmaqla, imperiya dirəklərini yandırmaqla, darmadağın etməklə biləsən nə qədər qürurlandım.

Yaxşı yadımdadır SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi istintaq komissiyasının milliyətçə səhv etmirəmsə moldovan olan müstəntiqi məndən izahat alarkən həddi -buluğa çatmadığım üçün sənin iştirakınla aparılan dindirilmə zamanı ona sinə gərməyin. Sən mənim həyat kumirim, məni Vətən ucalığına aparan ən böyük zirvəm oldun – Ata.

Heç yadımdan çıxmaz.  Sədərək dağlarında erməni quldurlarına qarşı döyüşdən bir az üşümüş və aç halda evə təzəcə qayıtmışdım. Anam indi də deyir ki, soruşdum Cavid, çox acmısan, bir şey yeməmisən?  Dedin ki, yox ana, yemişəm. Amma sənin bişirdiyin bu dolma mənə çox ləzzət elədi deyə, iştahla yeyirəm. Elə bu anda sən evə gəlib tələsik nəsə götürərək dedin. “Nə oturmusan? Xəbərin yoxdur? Uşaqlar toplanır. Sədərəyə yenə hüçüm ediblər. Dur tərpən.” Anam indi də deyir ürəyimdə qaldı, yeməyini axıra qədər yemədən qalxdın. Yeməyindən bildim ki, acsan, neçə gündür doyunca yemək  yeməmisən. Hələ də unuda bilmir. Ana ürəyidir axı… Bəli  bu mənim atamdır. Canı qədər sevdiyi övladını yalnız Vətən sevgisinə qədər sevə bilər. Ondan artıq sevə bilməz.

Səndən öyrəndim qüruru, səndən öyrəndim haqsızlığa qarşı mübarizə aparmağı! Səndən Vətən sevgisini, Dövlətə bağlılığı, milli kimliyə sadiq olmağı, dəyərləri xatırlamağı   əxz etdim.

2020- ci ilin ilk dəqiqələrindən   cənab prezident   könüllülər ili elan etdi.  Ali  baş komandan bu ilin  Qarabağ savaşı uğrunda qisas savaşımız ili olmasını diləyəndə sosial şəbəkə üzərindən  bu savaşda könüllü olmağımı elan etdim. Bunu oxuyub sənə zəng vuran  və bayramlaşan dostlardan biri “Cavid belə müraciət edib” deyərkən…” mənim oğlum belə olmalıdı” cavabın  biləsən məni nə qədər yüksəklərə qaldırdı, bir daha fərəhləndirdi.

Təmənnasız və qarşılıq gözləmədən Vətəni sevməyi səndən öyrəndim. Quruculuğunda canından belə keçməyə hazır olduğun, rus imperiya məkrinə qarşı mübarizədə təkçə öz canını yox, ailənin və doğmaların canını düşünmədən Vətənin xilası üçün apardığın o mübarizədən sonra qurulmasında müstəsna xidmətin olan hakimiyyətdə bir gün belə təmsil olunmadan ardı ilə yenidən qələmə sarılıb  elmdə yarımçıq qalmış işlərini,  Türkçülük, milli kimliyi qələm mübarizəsi ilə  davam etdirdin. İndi də erməni yalanlarına qarşı mübarizədəsən. Təmənnasız sevdiyin  Azərbaycanın daha gözəl  gələcəyi   uğrunda mücadilədəsən! 

Bilirəm ən böyük arzun Vahid Azərbaycan! Və müqəddəs yolumuz olan Qızıl Almadır! Sonunda göydə Tanrının nuru içində, günəşin zərrələrində parlayan yeni üfüqdə doğan VƏTƏN olan TURANDIR!

Əziz atam, nə yaxşı ki, varsan, nə yaxşı ki, sənin oğlunam!  Qürurum, Baş tacım! 

Doğum günün MÜBARƏK!

P.S.Qeyd  edək  ki   aprelin  23-ü hörmətli  professor cavidşünas alim  Əjdər  Tağıoğlunun doğum günüdür.   TƏBRİKLƏRİMİZİ  QƏBUL EDİN HÖRMƏTLİ  PROFESSOR!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png