ONN İnformasiya Agentliyi

Cumayev və Cahangirova 6 ay cəza istənildi

Cumayev və Cahangirova 6 ay cəza istənildi
16 Fevral 2022 - 15:52

Pakistanda qanunsuz silahlı birləşmənin tərkibində döyüşməkdə ittiham edilən Mənsur Cumayev və Nəsir Cahangirovun cinayət işi üzrə məhkəmə yekunlaşır.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı onların hər birinin 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti prosesdə onlara hökm oxunacağı gözlənilir.

Xatırladaq ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin 2021-ci ildə keçirdiyi əməliyyatla saxlanılıb.

İttihama görə, Azərbaycan vətəndaşları – 1980-ci il təvəllüdlü Cumayev Mənsur və 1971-ci il təvəllüdlü Cahangirov Nəsirin ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib. Məlum olub ki, M.Cumayev və N.Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və silahlı qruplaşmanın tərkibində döyüş əməliyyatlarında iştirak ediblər.

Faktla bağlı M.Cumayev və N.Cahangirov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham olunub. Onlar törətdikləri cinayət əməlini etiraf edib və peşman olduqlarını bildiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png