Nadir Qüdrətoğlunun şeirlərindən

Nadir Qüdrətoğlunun şeirlərindən


SƏN MƏNİM ÖMRÜMƏ GƏLDİYİN GÜNDƏN

Dünya gözlərimdə bir başqa aləm,

Sən mənim ömrümə gəldiyin gündən,

Nə qəlbim qəm görür, nə gözlərim nəm,

Sən mənim ömrümə gəldiyin gündən...

*********************************

Gözlərin yoluma hər an nur saçır,

Ürəyim hər zaman yanına qaçır,

Xoşbəxtlik, səadət qapımı açır,

Sən mənim ömrümə gəldiyin gündən.

**********************************

Qəm yemərəm bu dünyada mən daha,

Qurban olum səni verən Allaha,

Şükr edirəm hər açılan sabaha,

Sən mənim ömrümə gəldiyin gündən.

**********************************

Sənlə keçən günü, hər anı sevdim,

Bu dünyanı sevdim, hər yanı sevdim,

Səni sevən ruhu, bu canı sevdim,

Sən mənim ömrümə gəldiyin gündən.

**********************************

Mən doymaram səntək gözəl qadından,

Bu sevginin ləzzətindən, dadından,

Ürəyimə möhür vurdum adından,

Sən mənim ömrümə gəldiyin gündən

NADİR QÜDRƏTOĞLU

 

https://youtu.be/TVHZ8AU6jeM
Geri qayıt