ONN İnformasiya Agentliyi

Azərbaycan Cümhuriyyətinin təməl addımları

Azərbaycan Cümhuriyyətinin təməl addımları
17 İyul 2018 - 17:21

İyulun 16-da Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı və "İstanbul-Azərbaycan Mədəniyyət Evi" dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın etdiyi məruzəni təqdim edirik

Azərbaycan torpaqları XIX yüzilin əvvəllərində Rusiya imperiyasının işğalı ilə iki yerə parçalandı. Azərbaycanın şimalında tərəqqisevər insanların xalqın azadlığı, əsarətdən qurtuluşu, milli özünüdərki yönündə uzun sürən mübarizəsi 100 il öncə Azərbaycan Cümhuriyyətinin bəyan edilməsi ilə təntənəsinə yetişdi. Azərbaycan istiqlalının gerçəkləşməsi 1918-ci ilin mayı üçün mövcud beynəlxalq şərtlər daxilində regionda gedən proseslərdə baş verdi. Cümhuriyyət ideyası düşüncələrdə yer aldığı zamanlardan başlayaraq, Azərbaycanın ictimai-siyasi fikrində proqramlaşaraq xalq üçün, millət üçün görülməsi nəzərdə tutulan işlərin əmələ çevrilməsi mərhələsinə çatdı. Bu imkandan faydalanan Cümhuriyyət xadimləri 23 ay ərzində, 1918-ci il 28 maydan 1920-ci il aprelin 28-dək ictimai-siyasi həyatın bütün sahələrində təməl addımlar atdılar.

Xarici dövlətlərin rəqabət meydanına çevrildiyi Cənubi Qafqazda, Azərbaycan xalqının ermənilər tərəfindən kütləvi qırğınlara məruz qaldığı şəraitdə təcavüzə qarşı mübarizə ilə yanaşı, dövlət quruculuğu fəaliyyətində olmaq müstəsna iradə, cəsarət, məsuliyyət, bacarıq tələb edirdi. Mayın 28-də bəyan edilən Azərbaycan Cümhüriyyəti bütün müsəlman Şərqində, türk aləmində ilk cümhuriyyət idi.

İstiqlal bəyannaməsindən 1920-ci ilin Gəncə üsyanına qədərki müddətdə 28 May bütöv bir təqvim ilə çərçivəsində təntənə ilə qeyd olundu. İstiqlaliyyətin ikinci ildönümünü milli Azərbaycan dövlətinin süqutundan sonra yalnız Gəncə üsyançıları atəş sədaları, top mərmiləri altında qeyd etdilər. Mübarizə şüarları isə belə oldu: «Qoy, 28 May təkcə istiqlal elanı günü kimi deyil, həm də tariximizə vətən uğrunda şəhidlər verdiyimiz gün olaraq daxil olsun… 28 May günündə düşmənə cavabımız Ruhumuzun böyüklüyünün, mənəvi qabiliyyətimizin simvolu olacaqdır» . 1920-ci ilin 28 Mayı – millətin «şərəf və namusunun yenidən qəsbi-etibar qazandığı» gün kimi dəyərləndirilmişdir. Əslində Azərbaycan Cümhuriyyətinin mövcudluq tarixində belə günlərin sayı az olmamışdır. Hər bir yeni sınaq, gənc Azərbaycan dövləçiliyinin varlığı üçün təhlükəyə çevrilə bilərdi.

Cümhüriyyətin baniləri bütün çətinlikləri, problemləri, göz önünə alaraq ən demokratik, ən sivil idarəçilik formasını seçdilər. İlk bəyannamələri gələcək fəaliyyətin proqram sənədi idi. İstiqlal bəyannaməsində elan  edilən prinsiplərə sona qədər sadiq qalan demokratik, dünyəvi dövlət, parlamentli respublika oldu. Dövlət hakimiyyəti üç qoldan ibarət idi: parlament, hökumət və məhkəmə hakimiyyəti. Parlamentdə Azərbaycanda yaşayan bütün xalqlar, hətta sayları təmsilçilik üçün kifayət etməyənlər belə öz deputatları ilə təmsil olunmuşdular: türk-müsəlmanlar – 80, ermənilər – 21, ruslar – 10, almanlar -1, yəhudilər – 1, gürcülər – 1, polyaklar – 1, Bakı həmkarlar ittifaqları 3, Bakı Neft sənayeçiləri İttifaqı da 2 yerə malik idilər. İcra hakimiyyəti olaraq hökumət parlament qarşısında cavabdeh idi. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu.

Azərbaycan Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təxminən 150 min kv.km-ə bərabər idi. Azərbaycan Cümhuriyyətinin ərazisi bu torpaqların təxminən 114 min kv.km-ni əhatə edirdi. Cümhuriyyətin əhalisi 3,3 milyondan çox idi.

Azərbaycan Cümhuriyyəti yaradılanda müvəqqəti paytaxtı Gəncə şəhəri olmuşdur. 1918-ci ilin yazında Bakıda və Azərbaycanın digər ərazilərində bolşevik-daşnak qüvvələrinin müsəlmanlara qarşı törətdiyi kütləvi qırğınlar mahiyyətinə görə soyqırım siyasəti idi. Yerli azərbaycanlı əhalini məhv etməklə «Azərbaycan muxtariyyəti»nin gerçəkləşməsinə yol verməmək məqsədi güdən bolşeviklər, erməni daşnakları bir araya gələrək Bakını ətraf əraziləri ilə birlikdə öz nəzarəti altına almışdılar. Azərbaycan Cümhuriyyəti hökuməti Osmanlı hərbi qüvvələrinin köməyi ilə 1918-ci il sentyabrın 15-də Bakını azad etdi. Cümhuriyyət hökuməti sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Hökumət fəaliyyəti dövründə 5 kabinə dəyişikliyi olmuşdur. Onlardan ilk üçünə  Fətəli xan Xoyski, dördüncü və beşinci kabinələrə Nəsib bəy Yusifbəyli başçılıq etmişdir. Hökumət əvvəlcə Azərbaycan Milli Şurası, Azərbaycan parlamenti fəaliyyətə başladıqdan sonra isə onun qarşısında məsuliyyət daşımışdır. Azərbaycan Milli Şurasının sədri M.-Ə.Rəsulzadə, parlamentin sədri isə Ə.-.M.Topçubaşov olmuşdur.

Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də təntənəli açılışla işə başlamış, 17 ay fəaliyyət göstərmişdir. Bu dövrdə parlamentin 145 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdur. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Parlamentin 11 komissiyası vardı. Azərbaycanda parlament demokratiyası, etikası ənənəsi zəngin təcrübəyə çevrilirdi. «Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Orada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi mütləq idi (M.-Ə.Rəsulzadə).

Cümhuriyyətin ilk günlərindən dövlət rəmzlərinin qəbulundan mürəkkəb dövlət vəzifələrinin yerinə yetirilməsinədək çoxşaxəli idarəçilik prosesində təməl addımlar atılır, milli hakimiyyətin bünövrəsi qoyulurdu: 1918-ci il iyunun 21-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizgüşəli ulduz təsvir olunan bayraq qəbul olundu. Noyabrın 9-da dövlət bayrağı üzərində aypara və səkkizgüşuli ulduz təsviri olan üsrəngli bayraqla əvəz olundu.

Cümhuriyyət hakimiyyətinin  qarşısında dayanan ilk başlıca vəzifə Bakının azad edilməsi, Azərbaycanın ərazisini öz hakimiyyəti altında birləşdirmək idi. Bunun üçün isə milli ordunun yaradılması zərurətə çevrildi.

İlk gündən silahlı qüvvələrinin təşkilinə başlayan Azərbaycan hökuməti 1918-ci il iyunun 26-da qərar qəbul etdi və Müsəlman korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı.  İyunun 27-də Türk dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi. Yeni müəllim kursları və məktəblər açıldı. Tarixi yer adları bərpa olundu. Milli orduya səfərbərlik keçirildi. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya dünya müharibəsi dövründə Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı törədilən qırğınları, zorakılıqları və talanları araşdırmalı, cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. 1918-ci il iyulun 15-dən 1919-cu ilin noyabrınadək  fəaliyyət göstərmiş bu təhqiqat komissiyası Paris sülh konfransına göndərilən nümayəndə heyəti üçün əşyayi-dəlil kimi 36 cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı. Toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarət olmuş, 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırılmışdı. Azərbaycanın müstəqilliyi Paris sülh konfransında de-fakto  tanınanda Parlament həmin il fevralın 9-da amnistiya haqqında qərar qəbul etdi və milli ədavət zəminində qaldırılmış cinayət işlərinə xitam verdi. Azərbaycan xalqına qarşı törədilmiş kütləvi soyqırımı cinayətlərini sübut edən təkzibolunmaz ilk mənbə kimi, Fövqəladə Təhqiqat Komissiyasının materialları mühüm əhəmiyyət kəsb edir.

Ölkənin ərazi bütövlüyünün təmin edilməsi, müdafiəsinin təşkili məsələlərinə dövlət səviyyəsində ciddi diqqət verilirdi. Azərbaycan ordusu milli dəyərlərə söykənərək qurulurdu. Türk dili (Azərbaycan dili) orduda da dövlət dili kimi qəbul edildi. 1919-cu il yanvarın 11-dən milli üslubda hazırlanmış yeni hərbi geyim formasına keçildi. Milli hərbi kadrların hazırlanması məqsədilə hərbiyyə məktəbi, istehkamçılar məktəbi, hərbi dəmiryolçular məktəbi və hərbi feldşer məktəbi açılmışdı.

Cümhuriyyət hökuməti milli iqtisadiyyat quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirirdi. Dövlət iqtisadi platformasında fərqli mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulurdu. Cümhuriyyətin mövcud olduğu dövrdə bir sıra mühüm uğurlar əldə olunmuşdu: Bakı-Batum neft kəməri bərpa olunmuş, Bakı-Culfa dəmir yolu inşaası davam etdirilmiş, Azərbaycan Dövlət Bankı yaradılmış, Milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.

 Mədəni quruculuq tədbirləri də milli dövlətin möhkəmlənməsinə xidmət edirdi. Azərbaycan Cümhuriyyəti mətbuatının  həqiqi sələfləri sırasında “İqbal” qəzetinin xüsusi çəkisi vardır. Gələcək Azərbaycan Cümhuriyyətinin ictimai-siyasi məramlarının ilk dəfə konsepsiya şəklində məhz “İqbal” qəzeti tərəfindən təbliğ edildiyi hesab olunur. Həm “İqbal”, həm də “Dirilik” qəzetlərinin əsas müəllifləri Azərbaycan milli hərəkatına başçılıq edən “Müsavat” partiyasının orqanı olan  “Açıq söz” qəzetinin rəhbərləri və yazarları idilər. Cümhuriyyət dövründə «İstiqlal», «Azərbaycan», «Övraqi-nəfisə», «Müsəlmanlıq», «Qurtuluş», «Mədəniyyət», «Gənclər yurdu», «Şeypur», «Zənbur» kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. Cümhuriyyətin bütün siyasi-ictimai, iqtisadi və mədəni həyatı rəsmi orqanı olan «Azərbaycan» qəzetində öz əksini tapmışdır. «Azərbaycan»ın ilk 4 sayı Gəncədə çıxmış, sonradan isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Qəzetin ilk nömrəsində Bakının azad edilməsi (1918, 15 sentyabr) ilə bağlı xəbərlər dərc edilmişdir. Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsinin Tiflisdən Qazax şəhərinə köçürülməsi haqqında qərar da hökumətin ilk tədbirlərindən idi. Qazax müəllimlər seminariyası Azərbaycanda ibtidai məktəblər üçün müəllimlər hazırlayan ilk tədris ocağı oldu. 1919-cu ildə hökumət məktəblərin, kursların, universitetin açılması yönündə ardıcıl əməli işlər reallaşdıra bilmişdir. Azərbaycan hökuməti üç ali məktəbin – Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Lakin o dövrdəki tarixi şərait yalnız bir ali məktəbin – Bakı Dövlət Universitetinin açılmasına imkan verdi. Müstəqil Azərbaycan dövlətinin ilk ali məktəbinə 99  il öncə deyildiyi kimi, “istiqbalı – milliyyəmizi təminedici bir məbəd, elm nəzərilə” baxmalıyıq.

1919-cu il sentyabrın 1-də parlament Bakıda dövlət universitetinin açılması haqqında qanun qəbul etdi. Ali təhsilli mütəxəssis kadrlar hazırlamaq məqsədilə azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə göndərilməsi nəzərdə tutulmuşdu. 1919-20-ci tədris ilində dünyanın müxtəlif ali məktəbində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında da qərar qəbul edildi. Bu məqsədlə 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə 400 frank təqaüd təyin olundu və 1000 frank yol xərci ayrıldı. Dövlət hesabına təhsil alacaq tələbələr ali məktəbi bitirdikdən sonra 4 il icbari qaydada Azərbaycan hökumətinin təyinatına əsasən göndərdiyi yerdə işləməli idilər. Ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərildi.

1919-cu ildə Bakı Universitetinin nəzdində yaradılmış Müsəlman Şərqini öyrənən cəmiyyət Azərbaycan tarixini, ədəbiyyat və mədəniyyətini öyrənmək və təbliğ etmək sahəsində xeyli iş görmüşdü. 1920-ci ilin əvvəllərində Xalq Maarifi Nazirliyində arxeologiya şöbəsi yaradılmışdı. «Yaşıl qələm» ədəbi birliyi, islam incəsənətini və mədəniyyətini mühafizə cəmiyyəti, «Türk ocağı» və s. cəmiyyətlər fəaliyyət göstərmişdir. 1919-cu ilin dekabrında «İstiqlal» muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə oldu. Muzeyin açılışının Azərbaycan Parlamentinin fəaliyyətinin bir illiyi gününə – 7 dekabra təsadüf etməsi də rəmzi məna kəsb edirdi. 1919-cu il martın 21-də ərəb əlifbasında islahata dair xüsusi komissiya təşkil edildi. Qəzetlər üçün senzura ləğv olundu. Dövlət atributlarının qəbulu, tarixi günlərin qeyd edilməsi ilə bağlı bir sıra qərarlar verildi.

Cümhuriyyət dövrünün digər bir yadigarı Azərbaycan Teleqraf Agentliyidir. Müstəqil dövlətin müstəqil informasiya orqanı olaraq 1919-cu il martın 3-də hökumət qərarı ilə yaradılmışdır. Hökumət 1920-ci il fevralın 2-də Azərbaycan Teleqraf Agentliyinin yaradılması (AzərTac) haqqında yeni qərar qəbul etmişdi. AzərTac 1920-ci il martın 1-dən Nazirlər Şurası yanında müstəqil quruma çevrilmişdi. Sovet dövründə İttifaqın Teleqraf Agentliyinin tərkibinə daxil idi. Dövlət müstəqilliyinin bərpasından sonra qurumun tarixi adı özünə qaytarılmışdı.

Azərbaycanın dövlət müstəqilliyini legitimləşdirən mühüm addımlardan biri Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbul edilməsi oldu.

Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Cümhuriyyət Parlamentinin 1919-cu il 11 avqust tarixli «Azərbaycan Vətəndaşlığı haqqında Qanun»unun altıncı maddəsində göstərilən qaydada dövlətə sədaqət andı içməli idi: «Mən (adı və soyadı) Azərbaycan vətəndaşları sırasına daxil olarkən qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa Vətən tanımayacaq, Azərbaycan vətəndaşının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy, bu andı yerinə yetirməkdə Allah mənə yar olsun».

Andı qəbul etməyən şəxslər bu məzmunda, amma «and içirəm» ifadəsi olmadan təntənəli sürətdə söz verirdilər.

Məhz Azərbaycan Cümhuriyyəti, Şərqin ilk demokratik dövləti olaraq ABŞ-dan xeyli əvvəl qadınlara seçmək və seçilmək hüququnu vermişdir.

Azərbaycan Cümhuriyyəti yarandığı gündən fəal xarici siyasət yeritməyə başladı. «Osmanlı imperator hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi» Azərbaycan hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə 1918-ci il avqustun 3-də Əlimərdan bəy Topçubaşov fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərildi. Həmin il dekabrın 28-də hökumətin təqdimatı ilə Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinə də Ə.M.Topçubaşov rəhbərlik edirdi. 1919-cu il mayın 2-də ABŞ prezidenti V.Vilsonun təşəbbüsülə Azərbaycan məsələsi ilk dəfə Paris konfransının Dördlər Şurasının iclasında müzakirə edildi. Keçmiş Rusiya imperiyasının hüdudlarında yaranmış yeni respublikaların taleyində hiss ediləcək dönüş Böyük Britaniyanın baş naziri Lloyd Corcun 1919-cu ilin noyabrında İngiltərə parlamentinin icmalar palatasındakı çıxışı ilə başladı. Lloyd Corcun çıxışında aydın hiss edilirdi ki, o, Azərbaycanın istiqlaliyyətinin tanınmasına və ona yardım göstərilməsinə tərəfdardır. B.Britaniyanın təşəbbüsü ilə 1920-ci il yanvarın 10-da Paris sülh konfransı Ali Şurasının sessiyası çağırıldı. Səhəri gün, yanvarın 11-də müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri Lord Kerzonun təklifi ilə qərar qəbul etdi. «Müttəfiqlər və Birlik ölkələri, Azərbaycan hökumətini de- fakto səviyyəsində tanıyırlar».

Azərbaycan istiqlaliyyətinin beynəlxalq sülh konfransı tərəfindən tanınması ilə gənc dövlətin diplomatik əlaqələri genişləndi. Belçika, İsveçrə, Hollandiya, Çexiya, Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. 1920-ci il martın 20-də İran Azərbaycan Cümhuriyyətini tanıdı. Qısa müddətdə Azərbaycanın Tehranda səfirliyi, Təbrizdə baş konsulluğu, Rəştdə, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya, Amerika Birləşmiş Ştatları, İsveçrə Respublikası, Polşa, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis olunması haqqında qanun qəbul etdi. Azərbaycanda İngiltərənin, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Ermənistanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-ın, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin və İsveçin nümayəndəlikləri fəaliyyətə başlamışdı.

Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi ilə sona çatdı. Milli dövlət süqut etsə də, mili məfkurə, milli dövlətçilik duyğuları qəlblərdən silinmədi. Milli yaddaş məhv olmadı. Dünyanın siyasi arenasında Azərbaycan varlığını rəsmiləşdirmək, Azərbaycan dövlətçiliyini bərpa etmək, islam aləmində sivil dövlət qurmaq, demokratik prinsiplərə söykənmək, vətəndaş hüquq və azadlıqlarını təmin etmək kimi təməl addımlar, 1918-ci ilin 28 mayında «Azərbaycan» adının siyasi məna kəsb etməsi, bəyan etdiyi sərhədlər (kiçildilmiş olaraq) daxilində mövcudluğu, Azərbaycan dövlətini, müstəqil olmasa da, yaşamağa qadir etdi. XX yüzilin sonlarında Azərbaycan dövləti yenidən istiqlala qovuşdu, Cümhuriyyət ənənələrinə sadiqliyini bəyan etdi.

Cümhuriyyətin bəyan edildiyi günün «Respublika günü» kimi qeyd olunmasından başlayaraq digər mühüm tarixi hadisələrin əbədiləşməsi yönündə tədbirlər görüldü. Cümhuriyyət xadimlərinin adlarının milli yaddaşda bərpası dövrü başlandı. Çox saylı yazılarda, çıxışlarda, verilişlərdə adları tanıdılan Cümhuriyyət xadimlərinin həyat yolu, fəaliyyəti tanıdıldı. Ədəbi-bədii irsin daşıyıcıları Cümhuriyyət «intibahı»nın mili-mənəvi ideoloji dayaqları olmuş yazıçılar, şairlər, sənət sahibləri uzun illər sonra ictimai-siyasi status kəsb edirdi. Onların yazıları yenidən nəsr edilir, səsləndirilirdi. Əsası Cümhuriyyət dövründə qoyulmuş idarəetmə sahələri üzrə peşə bayramı günləri təsis edilir, təsisat tarixi Cümhuriyyət dövrünün müvafiq ilkin təməl addımları əsasında rəsmiləşdirilirdi. Azərbaycan dövlətçiliyində  varislik prinsipinin təntənəsi kimi milli yaddaşın bərpası prosesi getmişdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png