ONN İnformasiya Agentliyi

Daşnaq – bolşevik terrorunun ideoloqları : Stepan Şaumyan, Anastas Mikoyan…. 1 – ci yazı

Daşnaq – bolşevik terrorunun ideoloqları : Stepan Şaumyan,                                    Anastas Mikoyan….  1 – ci yazı
31 Mart 2020 - 13:10

Yazı ilk dəfə 2009-cu ildə Xalq qəzetində yayımlanıb. 

Dünyaya satılmaq üçün gələn millət – ermənilər!” –  Əjdər Tağıoğlu

1989-cu ildə Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru akademik Püstəxanım Əzizbəyova dövlət nümayəndə heyətinin tərkibində Hindistanda səfərdə olmuşdu. O Vətənə döndükdən sonra Azərbaycan Televiziyasında sensasiyalı çıxışı ilə dinləyiciləri həyəcana gətirdi. Akademikin özü də həyəcanla danışırdı. P.Əzizbəyova Dehlidə Dövlət Muzeyində “26 Bakı komissarları”nın başçısı erməni Stepan Şaumyanın son illərin nəşri olan irihəcmli kitabının saxlandığına şahidlik edirdi.

Püstəxanım Əzizbəyovanın şahidliyi məni bu yöndə axtarışlara vadar etdi. Bakının mərkəzi hissəsində yerləşən “26-lar”in dəfn edildiyi bağda son aylarda yenidənqurma işləri aparılarkən ümumi məzarlıqda mütəxəssislərin apardıqları araşdırmalar vaxtilə məqsədli şəkildə üstü örtülmüş tarixçə ilə bağlı yeni fikirlərin meydana çıxmasına səbəb oldu.Məhz buna görə də Püstəxanım Əzizbəyovanın şahidliyinə əsaslanaraq,daşnaq-bolşevik lideri erməni Stepan Şaumyanın “müəmmalı şəkildə” aradan çıxarılması barədə çoxillik axtarışların yekununu “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.

“26-lar”ın güllələnməsi barədə o illərdə Cənubi Qafqazda çıxan “İskra”,”Znamya Truda”,”Narodnı Znamen” və başqa qəzetlərdə yazılar verilmişdi. Lakin yazıların heç birində Mərkəzikaspi Diktaturasının Aşqabad türməsində saxladığı 26 komissarın və onlarla birlikdə həbs etdiyi başqa bolşevik liderlərinin taleyi barədə doğru-düzgün məlumat verilmirdi. Məqalələr Krasnovodskdan gələn və ağızdan-ağıza gəzən xəbərlər əsasında tərtib edilirdi.Dövri mətbuatda bir-birini tutmayan, rəngarəng məlumatlar həqiqəti olduğu kimi verə bilmədi. Çünki o yazıların bir qismində komissarların “izsiz yox olmalarından”, bəzisində onların “güllələnmələrindən”, digərlərində bolşevik liderlərinin “Hindistan”a aparılmaları ətrafında söz-söhbətdən başqa heç bir rəsmi sənədə söykənilmirdi.

Lakin məsul şəxs olaraq eser Vadim Çaykin apardığı geniş araşdırmalardan, qanlı hadisəni törədən bəzi şəxslərdən aldığı ifadələrdən sonra “İskra” və “Znamya truda” qəzetlərində 12 mart tarixli sayında çap etdirdiyi “26 Bakı Komissarlarının edamı” adlı məqaləsində Bakı fəhləsinin liderlərinin ingilislər tərəfindən Ağcaqum çöllərində güllələndikləri nəticəsinə gəlirdi.V.Çaykin bu tarixi cinayətin səbəbkarları olaraq yerli satqınlarla yanaşı, Böyük Britaniya hökumətinin Şərqdə işğalçı siyasətini həyata keçirən hərbi missiyanın başçılarından Aşqabadda oturan kapitan Tiq Consu və onun Məşhəddəki hamisi general Mallesonu təqsirli bilirdi.

Bununla əlaqədar “Azərbaycan” qəzetində çap edilmiş Böyük Britaniya Baş Qərargahının bəyanatında deyilirdi ki, Tiq Consu “26-lar”ı güllələməkdə ittiham edən V.Çaykinin “bəyanatı başdan-başa yalandır və burada başlıca məqsəd ingilisləri ictimaiyyətin hədəfinə çevirməkdir”. “Kapitan Cons komissarları Hindistana göndərməyi təklif etdi və bunun cavabında Aşqabad (icraiyyə) komitəsinin üzvlərindən biri cavab verdi ki, o öz sərəncamını verə bilər… Bundan iki gün sonra Tiq Consa məlum oldu ki, komissarlarla bağlı tədbirlər görülüb, özü də bu zaman onların qətlinə işarə edilirdi. Bu barədə kapitan Tiq Cons dərhal general Mallesonu xəbərdar etdi. Bir müddət keçdikdən sonra Aşqabad komitəsinin həmin üzvü kapitan Tiq Consun yanına həyəcanlı vəziyyətdə gələrək bildirdi ki, Şaumyanın qohumları onun harada olduğu barədə soruşurlar və Tiq Consdan komissarların Hindistana göndərilməsi xəbərinin dəqiq olmasını təsdiq etməsini xahiş etmişlər. Tiq Cons bundan narazılıqla imtina etdi. Kapitan Tiq Consun komissarların qətlinə bütün aidiyyatı bununla da bitir”.

Bu bəyanat təbii suallar doğurur: “Şaumyanın qohumlarının xahişi” barədə səsləndirilən fikir daşnaq-bolşevik lideri S.Şaumyanın ömrünün sonunadək Hindistanda yaşadığı barədə zaman-zaman ictimaiyyət arasında dolaşan fikirlərə, o cümlədən, “güllələnmiş” komissarın son illərdə yazdığı kitabın Hindistan muzeyində saxlandığına şahidlik edən Püstəxanım Əzizbəyovaya haqq qazandırmırmı? Komissarların 26 nəfəri o vaxt güllələnmişdimi?

Əlimizdə olan teleqram mətnlərində, rəsmi sənəd olaraq, bu suallara aydın cavab verilir.

Teleqram P.№M.D 00538, vaxtı 18/ alınıb 19 sentyabr 1918-ci il/.General Mallesondan, Məşhəd — Baş Qərargahın rəisinə. Simla.

1. Sentyabrın 17-də Battin Krasnovodskdan teleqraf vasitəsilə bildirib ki, Bakıdan bura gələnlər arasında onlar bolşevik rəhbərləri Petrov, Şaumyan, Avakyan, Caparidze, Karqanovu həbs etmişlər. Bu zaman sursatla bərabər iki pulemyot və silah müsadirə edilib. 2. Aşqabad hökumətinə yuxarıda adı çəkilən liderlərin Hindistana göndərilməsi ilə əlaqədar onların mənə verilməsi ilə bağlı sorğu göndəririk, çünki indiki vaxtda onların Zakaspidə olmaları olduqca təhlükəlidir”.

Söhbət 18—19 sentyabr 1918-ci ilə aid olan bu teleqramda göstərilən liderlərin Hindistana — ingilis müstəmləkəçilərinin Şərqdəki baş qərargahına aparılmalarından gedir.Məsələ belə olduğu halda adı gedən komissarların ingilis qərargahının göstərişi ilə aradan bir neçə saat keçəndən sonra, yəni 20-nə keçən gecə xüsusi qatarda Aşqabaddan 207 kilometr aralıda tarixi ad almış yerə — “Ağcaqum çölləri”nə gətirilərək orada başqa komissarlarla bir yerdə “güllələnmələri” heç cür ağıla sığası deyildir. Çünki teleqramda bu liderlərin təcili güllələnmələri deyil, onların Zakaspi Diktaturasında saxlanılmalarının fövqəladə təhlükəli olduğu qeyd edilirdi.

Törədilən qanlı cinayətdən 3 gün sonra Hindistana Məşhəddən vurulan teleqram “güllələnmənin” üstündən 90 il (1918-2009) keçəndən sonra tarixi həqiqətə aydınlıq gətirir. Təəssüf ki, teleqramın nəşr mətnində son fikirlər buraxılmışdı.

“Teleqram P.N M.D. 00581 23 sentyabr 1918-ci il. General Malleson. Məşhəd — Baş Qərargahının rəisinə. Simla. Məxfi. Sizin 1 75457 M.O.İ. 21 sentyabr tarixli sorğunuzda məruzə edilir ki, 26 keçmiş Bakı bolşevik rəhbəri güllələnib, beş və ya altı nəfər az nüfuzlu şəxslərə rəhm edilib”.

Əvvəla, bu “bağışlanmış” adamlar kimlərdirlər və onların hansı səbəbdən, nəyin bahasına qəddar ingilis müstəmləkəçilərinin qanlı caynağından xilas olmaları sənəddən bəlli olmur. Bəlli olan budur ki, ingilis imperializminə qəti düşmən olmuş bolşevik liderlərinə “çox əhəmiyyətli”,”az əhəmiyyətli” bölgüsü ilə yanaşılacağına ağılı başında olan kimsə inanmaz. İkincisi, teleqramda “beş-altı az əhəmiyyətli adamın bağışlanması” qeyd olunur ki, bu da birinci sənəddə adları çəkilən liderlərin sayına tam uyğun gəlir.

“Teleqram P. № M.D. 00595 24 sentyabr 1918-ci il . General Malleson, Məşhəd — Baş Qərargahın rəisinə. Simla.

Xətti azad edin: Sizin 24 sentyabr № 76488 — M.O.Z. sorğunuzda…

Məlumatlara görə sadaladığımız şəxslər artıq edam ediliblər (bax. Mənim 13 sentyabr M.D. 00581 teleqramım). Üç bolşevik burada həbsdədirlər, lakin onların elə bir əhəmiyyəti yoxdur. Şübhəsiz ki, mən digərlərini Aşqabad hökumətindən ala bilərəm, lakin mənə zəmanət verdilər ki, doğrudan da, əsil nüfuza malik olanların hamısı öldürülüb”.

Göründüyü kimi, üçüncü sənəd aydınlaşan məsələnin üstünə yenidən qara örtük salır, fikrin kələfini dolaşdırır və bizi sual qarşısında qoyur. Düşünürük, əvvəla, görəsən bağışlanmış “beş,ya altı nəfər az əhəmiyyətli” bolşevik bircə gün sonra, bəlkə də, bir neçə saat keçməmiş hansı səbəbdən təkrarən “bağışlanma mərasimində” saf-çürük edilir; ikincisi, kimlər yenidən “bağışlanırlar” və “nə üçün bağışlanırlar”- bəlli olmur.

Lakin həmin illərdə kələfi məharətlə düyünə salanların ustadı olmuş Anastas Mikoyan istəməsə də özü bunu açır.Bu baxımdan onun “Bakinski raboçi” qəzetində yerləşdirilmiş məqaləsi (26-ların matəm gününə həsr edilmiş “Qanlı ildönümü münasibətilə” adlı məqalə) maraqlıdır. Guya o, ingilislərin və Mərkəzikaspi Diktaturasının Aşqabadda yaratdıqları həbsxananın ölüm kameralarına yerləşdirilmiş “26 Baki komissarları”ndan olan 16 nəfərlə bir yerdə olmuşdu.Lakin o illərdə “26-lar”la əlaqədar aparılan istintaq materiallarında A.Mikoyanın Aşqabad həbsxanasında olması barədə heç bir qeyd yoxdur.

Hadisə ətrafında toplanmış rəsmi sənədlər təsdiq edir ki, A.Mikoyanın özü bolşevizmin amansız düşmənləri olan ingilislərin və Mərkəzikaspi Diktaturasının Bayıl həbsxanasına atdıqları “26-ları” həmin qurumların verdikləri rəsmi sənəd əsasında həbsxanadan cıxararaq, silah altında Həştərxana gedəcək “Sevan” gəmisinə deyil, düşmənlərin hazırladıqları “ölüm konveyerinə”— Krasnovodska yol alacaq “Türkmənistan” gəmisinə mindirmişdi.

Ardı var….

Pr.Dr Əjdər TAĞIOĞLU, “Turan Araşdırma Mərkəzi” nin sədri

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png